Əsas Səhifə > Şou-biznes > “Pul xatirinə veriliş aparmaq istəmirəm, teatr yaxşıdır”

“Pul xatirinə veriliş aparmaq istəmirəm, teatr yaxşıdır”


Bu gün, 06:44

“Bakı Uşaq və Gənclər Teatrında həm aktyor, həm də rejissor kimi fəaliyyət göstərirəm. Bir neçə gündən sonra teatr mövsümünü başa vururuq. Bu il ərzində bir neçə tamaşamız oldu. Tamaşaçı sarıdan da korluq çəkmədik. Hər şənbə günü yetəri qədər tamaşaçımız olur. Bizim teatrı sevirlər. Mövsümə getməzdən öncə yeni bir tamaşanın hazırlıqlarına start vermişik. Ümumilikdə Bakı Uşaq və Gənclər Teatrında çox istedadlı və yerli seriallarda çəkilən sənətçilər çalışırlar. Qarşımıza qoyduğumuz məqsədimiz budur ki, tamaşaları hazırlayan zaman biz bu tamaşa ilə nə demək istədiyimizi göstərə bilək”
Bunu Moderator.az -a açıqlamasında Bakı Uşaq və Gənclər Teatrının aktyoru Mehman Piriyev deyib. O daha sonra əlavə edib:
“Xüsusilə də uşaqlarla işləmək çox çətindir. İnternetin, texnologiyanın bu qədər inkişaf etdiyi zamanda tamaşaçını teatra gətirmək çox çətindir. Bunun üçün istər aktyorlarımız, istərsə də rejissorlarımız kifayət qədər işləyirlər. Nağıl, xüsusilə də tərbiyəvi mövzulu tamaşalar hazırlanır. Ümumilikdə iş prosesimiz yaxşı gedir. Teatrda “Şəngülüm, Şüngülüm və Məngülüm” tamaşasını hazırladım. Çox maraqlı oldu. Teatr mövsümü də məhz bu tamaşa ilə bağlanacaq. Rəşid Behbudov adına Mahnı teatrında oynayacağıq tamaşanı” deyə sənətçi bildirib.
Mehman Piriyev bildirib ki, aktyora istedadına görə rol vermək lazımdır, xarici görünüşünə görə yox:
“Bir dövrlər istər filmlərdə, istərsə də teatrlarda qəhrəman rolu oynayan aktyor mütləq boylu-buxunlu, əzəmətli olmalı idi. Sonralar çox yerlərdə dəyişdi. Bəyəm arıq aktyor qəhrəman rolunu oynaya bilməz? Oynaya bilər! Söhbət onun daxilindən gedir. Düzdür, görkəm olaraq da uyğun gəlməlidir. Rol seçimində mütləq şəkildə hər bir aktyor hansı obraza uyğundursa o nəzərə alınır. Amma bu o demək deyil ki, boyu balaca olan, çəkisi az olan akyor qəhrəman oynaya bilməz. Mən bu sözlə razı deyiləm. O aktyorun daxili istedadından asılıdır” deyə Mehman Piriyev bildirib.
Uzun illər televiziyada müxtəlif verilişlərə aparıcılıq edən Mehman Piriyev televiziyadan getmə səbəbini də açıqlayıb:
“Mən elə əvvəldən teatrda işləmişəm. İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışırdım. Sonra televiziyaya dəvət aldım. Bir neçə telekanallarda çalışdım, intellektual, tok-şou, səhər verilişləri apardım. Radioda aparıcılıq etdim. Televiziya da yaradıcı mühitdir. Aktyor teatrda çalışmayanda istəyir ən tanınmış telekanalda çalışsın, o rahat olmayacaq. Mən də özümü teatrla rahatladım. Ruhumun, mənəviyyatımın rahatlığı teatrda idi. Teatrsız mənə çox çətin idi. Televiziyaya bu gün o şərtlər əsasında qayıdaram ki, mənim özümə uyğun bir veriliş olsun. Bu verilişi pul, sponsor xatirinə aparmayım. Televiziyaya qayıtmaq xatirinə qayıtmaq istəmirəm. Bu aralar çox televiziyalardan dəvətlər oldu, amma ruhumu oxşayan bir layihə olmadığı üçün geri qayıtmadım” deyə aktyor bildirib.

Geri qayıt