Əsas Səhifə > Şou-biznes > Məhkəmə Roza Zərgərliyə BƏRAƏT VERDİ

Məhkəmə Roza Zərgərliyə BƏRAƏT VERDİ


Bu gün, 05:30

Əməkdar artist olan bəstəkar və müğənni Elza Seyidcahan (Qasımova) müğənni həmkarı Roza Zərgərlini (Allahverdiyeva) həbs etdirmək üçün ona qarşı məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldırmışdı. Aylardır ki, Yasamal Rayon Məhkəməsində onların arasındakı mübahisə ilə bağlı məhkəmə prosesi gedirdi.

Bizimyol.info xəbər verir ki, hakim Rəşad Cavadzadənin sədrliyilə keçirilən bu məhkəmə prosesi başa çatıb. Məhkəmənin gedişində Roza Zərgərli Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunsa da, prosesin sonunda onun haqqında bəraət hökmü çıxarılıb.

Qeyd edək ki, Elza Seyidcahan həmkarının təhqirə görə 6 ay azadlıqdan məhrum edilməsini tələb edirdi. O bildirir ki, ötən ilin oktyabrında “Youtube” platformasındakı çıxışında Roza Zərgərli onun haqqında şərəf və ləyaqətini aşağılayan ifadələr səsləndirib.

“Bu adamın başı işləmir; bu dəlinin qabağını almırlar; ifaçı kimi zay...” – belə fikirlər səsləndirib. Bundan başqa, onun ünvanına, “təlxək” və s. ifadələr səsləndirib.

Roza Zərgərli isə deyir ki, Elza Seyidcahanı təhqir etmək fikri olmayıb. Oktyabrın 5-də yayımlanan verilişdə ona verilmiş müxtəlif mövzularla bağlı olan sualları cavablandırıb. O, cümlədən Elza Seyidcahan barədə də suallar verilib: “Onun şeirini tənqid etdim. Amma bununla bərabər onun mükəmməl bəstəkar olduğunu dedim. Onu həm tərifləmişəm, həm də təhqir yox, tənqid etmişəm”.

Roza Zərgərli özünü təqsirli bilməyib, məhkəmədən də ədalətli qərar istəyib.

Aylarla davam edən məhkəmə prosesinin gedişində Roza Zərgərlinin səsləndirdiyi fikirlərdə təhqir olub-olmadığını müəyyənləşdirmək üçün linqvistik ekspertiza təyin olunub. Ekspertlər rəy verib ki, onun qurduğu cümlələrdə işlədilmiş “təlxək”, “meymun”, “dəli” kimi sözlər daşıdığı məzmun baxımından aid edildiyi şəxsin şərəf və ləyaqətinin alçaldılması hesab edilir. Lakin həmin sözlər ədəbi dil hüdudlarını aşmadığı və nalayiq leksikaya aid olmadığı üçün nalayiq məzmunlu hesab edilmir.

Hakim Rəşad Cavadzadə bütün bunlara əsaslanaraq, Roza Zərgərlinin əməlində cinayət tərkibi olmadığı qənaətinə gəlib və onun barəsində bəraət hökmü çıxarıb.

"DİA-AZ"


Geri qayıt