Əsas Səhifə > Şou-biznes > "Şəhidlərimizin, qazilərimizin sayı sizə yetmədi?"
"Şəhidlərimizin, qazilərimizin sayı sizə yetmədi?"24-11-2025, 01:15 |
|
Azərbaycan yerləşdiyi coğrafiyaya görə tarix boyu müxtəlif imperiyalar və dövlətlərlə müharibələrə, silahlı toqquşmalara və ərazi işğallarına məruz qalıb. Qədim dövrlərdə Manna və Atropatena dövlətləri Assuriya, Urartu, Selevkilər və Roma ilə mübarizə aparıblar. Qafqaz Albaniyası da Parfiya və Sasanilərlə uzun sürən müharibələrin içində olub.
Orta əsrlərdə əvvəl Sasanilər, sonra Ərəb xilafəti dövründə Azərbaycan torpaqları Xəzər xaqanlığı, Bizans və bölgənin müxtəlif feodal hakimləri ilə qarşıdurmalar yaşayıb. Səlcuqlar, Atabəylər və Eldənizlər dövründə Gürcüstan çarlığı ilə müharibələr davam edib. Qaraqoyunlu və Ağqoyunlu zamanında Teymurun yürüşləri, Osmanlı ilə toqquşmalar və daxili tayfa savaşları bölgəni sarsıdıb.
Səfəvilər dövrü Azərbaycan tarixində ən genişmiqyaslı müharibələrin baş verdiyi mərhələdir. 1514-cü il Çaldıran döyüşü Səfəvilərlə Osmanlı arasında regionun siyasi taleyini dəyişən mühüm hadisə olub. Səfəvilər eyni zamanda Rusiya çarlığı, Orta Asiya xanlıqları və Qafqaz feodalları ilə də müharibələr aparıblar.
Səfəvilərin süqutundan sonra Azərbaycan torpaqları uzun müddət Rusiya imperiyası ilə Qacar sülaləsi tərəfindən idarə olunan İran arasında gedən müharibələrin əsas meydanına çevrildi.
1804–1813 və 1826–1828 müharibələrinin nəticəsində Azərbaycan iki yerə parçalandı:
Şimal Azərbaycan Rusiya imperiyasına birləşdirildi,
Cənubi Azərbaycan isə Qacar sülaləsinin idarə etdiyi İranın tərkibində qaldı.
XIX əsrdə Azərbaycan ərazisi Rusiya–Osmanlı müharibələrinin də əsas istiqamətlərindən biri olub. 1918–1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti Ermənistan və bölgədə fəaliyyət göstərən müxtəlif silahlı qüvvələrlə qarşıdurmalarla üzləşib.
Müstəqillik dövründə Qarabağ münaqişəsi ölkəmizin ən ağır sınağı oldu. 1988–1994-cü illərdə minlərlə insan həlak oldu, yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin düşdü.
2020-ci ildə 44 günlük müharibədə şəhidlərimizin, qazilərimizin sayı sizə yetmədi? Bu sayın artmasını istəyirsiniz?
Neçə ailə başsız qalıb, neçə övlad atasını, neçə ana övladını itirib…
Mənim ailəmdə də qazilər var və bu ağrını yaxşı anlayıram. Müharibə görməyənlər üçün sülhün əhəmiyyətini dərk etmək bəlkə də çətindir, amma biz artıq torpaqlarımızı geri qaytarmışıq və QALİB XALQIQ. Sülhə ehtiyacımız var.
Tarixçi deyiləm, mətndə səhv axtarmayın. Nə demək istədiyimi anlayın, yetər.
Nura Suri - müğənni
"DİA-AZ"
Geri qayıt |