Əsas Səhifə > Şou-biznes > Zeynəb Xanlarova ilə bağlı yayılan xəbər aranı qarışdırdı

Zeynəb Xanlarova ilə bağlı yayılan xəbər aranı qarışdırdı


17-12-2025, 13:05

Xalq artisti Zeynəb Xanlarovanın Bakıda anadan olmuş yəhudi əsilli müğənni Larisa Dolinanı Azərbaycana dəvət etdiyi iddia edilir. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Z.Xanlarova Azərbaycana qarşı mövqeyi ilə seçilən ermənipərəst müğənni L.Dolinanı Bakıya dəvət edib.

Zeynəb Xanlarovaya aid olduğu bildirilən paylaşımda deyilir:

“Dəyərli həmyerlimiz, sənin mənzil məsələnə görə narahatıq. Məsələni diqqətlə izləyərək hamımız çay içməkdən yorulduq. Vətənə qayıt, bir yerdə çay içək”.

İstifadəçilərin əksəriyyəti yayılan sitatın Z.Xanlarovaya aid olmadığını yazıb. “Dolina Azərbaycanın bir nömrəli düşmənidir. Zeynəb xanım onu hansı ağılla ölkəyə dəvət edir?” kimi fikirlər yazanlarla yanaşı, “Çox gülünc və absurd paylaşımdır”, “Bu xəbər yalandır, Zeynəb Xablarovanın belə deməsi inandırıcı deyil” yazanlar da var.

Məsələ ilə bağlı Zeynəb Xanlarova ilə əlaqə yaratmağa çalışsaq da, zənglərimizə cavab ala bilmədik.

Araşdırmamız zamanı məlum oldu ki, sözügedən iddianı yayan səhifə Azərbaycana qarşı saxta xəbərlər tirajlayaraq ictimai rəyə təsir etməyə çalışır.

Qeyd edək ki, son günlər Rusiya şou-biznesində müzakirə olunan mövzulardan biri Larisa Dolinanın adı ilə bağlı mənzil işidir. Belə ki, 2023-cü ilin avqustunda Larisa Dolina fırıldaqçılar vasitəsilə Moskvanın mərkəzindəki mənzilini sataraq əmanətlərini onlara verib. Zərər təxminən 120 milyon rubl qiymətləndirilir. Əməliyyat başa çatdıqdan sonra Dolina polislə əlaqə saxlayıb və alıcı Polina Luryeni məhkəməyə verib.

2025-ci il dekabrın 16-da isə məhkəmə qalmaqallı işlə bağlı qərarını açıqlayıb. Qərara əsasən, mənzil Larisa Dolinanın mülkiyyətində qalacaq, lakin müğənni onu alan şəxsə — tək ana Polina Luryeyə 112 milyon rublu (2,1 milyon manat) geri qaytarmalı olacaq. Bununla belə, iş ikinci instansiyada yekun qərar verilənədək mənzil üzərində mülkiyyət hüququ müvəqqəti olaraq Polina Luryeyə məxsus hesab ediləcək. Sonradan isə mənzil yenidən Dolinanın adına rəsmiləşdiriləcək.

Xatırladaq ki, Larisa Kudelman (səhnə adı Larisa Dolina) 10 sentyabr 1955-ci ildə Bakıda yəhudi ailəsində anadan olub. Atası Aleksandr Markusoviç Kudelman, anası Qalina İzrailevna Kudelmandır (qızlıq soyadı Dolina). O, üç yaşında valideynləri ilə birlikdə Odessaya köçüb.

Müğənninin musiqi karyerası 1971-ci ildə “Biz odessitik” estrada orkestrində başlayıb. Daha sonra o, Konstantin Orbelyanın rəhbərliyi altında “Ermənistan Dövlət Estrada Orkestri”nin və Polad Bülbüloğlunun rəhbərliyi altında “Azərbaycan Dövlət Estrada Ansamblı”nın solisti kimi fəaliyyət göstərib.

Zaira Akifqızı
Globalinfo.az


Geri qayıt