Əsas Səhifə > Şou-biznes > Larisa Dolina Bakıda müğənnilik etsəydi...
Larisa Dolina Bakıda müğənnilik etsəydi...18-12-2025, 07:47 |
|
"Bakıda doğulmuş Rusiya müğənnisi Larisa Dolina Rusiyada Ali Məhkəməni uduzdu. Mən əvvəldən əmin idim ki, uduzacaq. Çünki hər şeyə rəğmən Rusiyada özəl iqtisadi məsələlər üzrə qanunçuluq var. Həm də hüquqi elm və təhsil var..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi Əkrəm Həsənov qeyd edib.
O daha sonra belə davam edir: "İşin qısaca mahiyyəti ondan ibarətdir ki, dələduzlar Dolinanı aldadaraq mənzilini satdırıb pulunu mənimsəyiblər. Lakin mənzili alan vicdanlı (dələduzluqdan bixəbər) şəxs olub, pulunu verib mənzili alıb. Buna baxmayaraq, məhkəmələr Dolinanın iddiasını təmin edərəq alqı-satqı müqaviləsini etibarsız hesab edərək mənzili ona qaytarmışdılar. Mənzilin alıcısını isə həm mənzilsiz, həm də pulsuz qoymuşdular. Ali Məhkəmə isə ədaləti bərpa etdi: mənzili alıcıya verdi.
Yəni Dolinanın nüfuzu və əlaqələri yekunda dadına çatmadı. Əlbəttə, Rusiyanın məhkəmə-hüquq sistemi ideal deyil. Heç bir ölkənin sistemi ideal deyil. Amma Rusiyada məsələ siyasi deyilsə və söhbət mübahisə predmeti olan fantastik böyük məbləğlərdən getmirsə, məhkəmələr ədalətli qərarlar verirlər. Rusiyada hüquqi təhsil və elmin səviyyəsi çox yüksək olduğu üçün hakimlər savadlıdır. Buna görə də onlarda utanc və özünə hörmət hissi var. Rusiyada yüzlərlə elmi monoqrafiyalar, qanunların və məhkəmə aktlarının şərhinə dair keyfiyyətli kitablar var. Hakimlər bilir ki, qərarları belə kitablarda təhlil obyekti olacaq. Demirəm ki, Rusiyada hakimlər İngiltərədə, ABŞ-da, Almaniyada olduğu kimi alim səviyyəsində olan adamlardır, amma inkişaf bu istiqamətə doğru gedir. Təsadüfi deyil ki, soydaşlarımız son dövrlər nə qədər ağır olsa da, Rusiyada Azərbaycana qayıtmaq istəmirlər. Qismən də olsa normal hüquq sistemi olan ölkədə yaşayırlar...
Bizdə isə hüquq elmi və təhsili demək olar ki, yox səviyyəsindədir. Hüquq üzrə alimimiz yoxdur. Barmaqla sayılası bir neçə yaxşı müəllimlərimiz var, amma alimlərimiz yoxdur. Elmi dissertasiyalar, kitablar, məqalələr, bir qayda, olaraq söz yığınıdır. Heç bir ciddi elmi müzakirələr yoxdur. Keçirilən “elmi” konfranslar və seminarlar şəkil çəkdirib özünü reklam etməkdən, bir-birinə “bəh-bəh” deməkdən başqa heç bir məqsədə xidmət etmir. Belə şəraitdə hakimlərimizin çoxu nəinki alim səviyyəsində deyil, ümumiyyətlə hüquqşünas olmağı sual altındadır. Təbii, eyni problem hüquqşünas sayılan (hüquqşünas diplomu olan) digər şəxslərin də əksəriyyətinə aiddir. Yəni son nəticədə problem təhsil və elmin səviyyəsindən qaynaqlanır. Bilik, təhsil, elm olmayan yerdə isə utanc və özünə hörmət hissi yoxdur. Çünki obyektiv meyarlar yoxdur (hüquq üzrə 34 ildə heç normal dərsliklər yoxdur!). Hüquq fakültələrinin tələbələri də get-gedə bu keyfiyyətsiz hüquqşünaslar ordusunu artırır. Çünki gənclər üçün nümunə demək olar ki, yoxdur axı. Kimə baxsınlar, kimdən öyrənsinlər? Daha doğrusu, biçarə tələbələr yanılaraq (əksər hallarda, nadir istisnalar var) öyrəndiyi şəxslərin əsl hüquqşünas olduğunu düşünür, onlarla qürur duyur.
Məhz buna görə də məhkəmələrimizdə də heç bir sədd yoxdur. Əlbəttə, qanunsuz qərarları olmayan məhkəmə sistemi yoxdur. Amma normal hüquq sistemi olan ölkələrdə belə qərarlar əsasən düz və ya səhv başa düşülməsindən asılı olmayaraq dövlət maraqları və ya böyük pullar naminə qəbul olunur. Bizdə isə baxırsan ki, qonşu qonşu ilə mübahisə edir, məhkəmə filfilo qərar qəbul edir. Və ya hansısa məmurun qohumuna məxsus tikinti şirkətləri çoxmərtəbəli binanı qanunsuz idarə edir, məhkəmələr isə deyir ki, burada 1+1=1 və ya bu heç bina da deyil axı, binalar kompleksidir, nə bilim nə. Yəni ağlına gələn istənilən fənddən istifadə edir. Utanmırlar da!
Odur ki, Larisa Dolinanın ən böyük səhvi Rusiyaya gedib müğənnilik etməsidir. Bax, Bakıda qalsaydı..."
Geri qayıt |