Əsas Səhifə > Şou-biznes > "Leylidən danışmadılar, mənim botoksumu, saçımı müzakirə etdilər..."
"Leylidən danışmadılar, mənim botoksumu, saçımı müzakirə etdilər..."18-12-2025, 12:23 |
|
Xalq artisti Nəzakət Teymurova Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb. - Bu il mənim üçün çox səmərəli keçdi. “Leyli və Məcnun” operasında oynadım, Heydər Əliyev Sarayında solo konsert proqramı ilə tamaşaçı qarşısına çıxdım. Qəbələdə keçirilən Beynəlxalq Musiqi Festivalında iştirak etdim, xarici ölkələrə qastrol səfərlərimiz oldu. Həmişə düşünmüşəm ki, işləməyəndə sanki nəyinsə çatışmazlığını hiss edirəm. Sənətlə bağlı isə arzularım daha çoxdur. Muğamla bağlı müəyyən hədəflərimiz var və bu istiqamətdə irəliləyirik. Özünü muğam sənətinə həsr edənlər çox əziyyətli mərhələlərdən keçiblər. Bu sənətdə heç nə asan başa gəlmir. Bəzi bayağı ifaçılar fonoqramla oxuyurlar və başqa ölkələrdə də fonoqrama ifa edirlər. Bəlkə bizdən dəfələrlə artıq qonorar qazanırlar. Amma bizlər - istər oxuyanlar, istər instrumental ifaçılar çox əziyyət çəkirik. Səslə və nəfəslə işlədiyimiz üçün bizim işimiz daha çətindir. Əhvalımız yaxşı olmayanda ifa edə, tamaşaçıya lazımi töhfəni verə bilmirik. Beynimiz, ruhumuz, əhvalımız yerində olmalıdır ki, muğam sənətində yaxşı nəticələr ortaya qoya bilək. Onu da əlavə edim ki, Heydər Əliyev Sarayında baş tutan konsertin montajı həyata keçirilir. Konsert yaxın günlərdə tamaşaçılarımıza təqdim olunacaq. - Hazırda gənc ifaçıların yetişdirilməsi ilə məşğulsunuz, müsabiqə də keçirilir. Bu proseslər fonunda muğam sənətinin bugünkü vəziyyətini və inkişaf perspektivlərini necə qiymətləndirirsiniz? Bizim dövrümüzdə də çətin zamanlar olub. Sənətə köçkünlük dövründə gəldik, amma qazancı sənətlə eyni tərəziyə qoymadıq. Mənim və ətrafımdakı bir neçə insanın sənəti seçməsi də bu ruhda baş verib, əvvəl sənəti öyrəndik, qazanc isə sonradan gəldi. İndiki bəzi gənclər isə istəyir ki, qazanc olsun, sonra sonra sənət haqqında düşünərlər. Müşahidə edirik ki, gənclərin bir qismi muğam sənətinin dərinliyinə getməkdə çətinlik çəkirlər. Bu, həm musiqi savadı, həm də muğamın fəlsəfəsini mənimsəmək baxımından ağır bir yoldur. İfaçıların bir çoxu muğamla məşğul olduqlarını desələr də, onu mahnı ifaçısı üslubunda təqdim edirlər. Bir çoxları tez tanınmaq, populyar olmaq istəyirlər və sənətdən çəkilirlər. Müəllimlərimiz həmin tələbələr üzərində əziyyət çəkirlər. İfaçıların özləri də ciddi əziyyətlə çalışırlar. Hər gün yeni qəzəllər, yeni muğamlar öyrənmək asan deyil. Bununla belə, danılmaz bir həqiqət var ki, muğam ifaçılarını hər zaman xalq yaşadıb. Sevindirici haldır ki, bu gün dövlətimiz muğam sənətinə xüsusi diqqət və qayğı göstərir. Muğamın UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi də bunun bariz nümunəsidir. Gənc ifaçılar gələcəkdə bu sənəti layiqincə təbliğ etməlidirlər. Necə ki, ustadlarımız bizi yetişdirdi və bu dünyadan köçdülər, biz də əbədi deyilik. Bu sənəti yaşatmaq, gələcək nəsillərə ötürmək artıq gənc ifaçıların üzərinə düşür. Mən hər zaman sənətimlə məşğul olmuşam. İstər opera sahəsində fəaliyyətimdə, istərsə də müəllim kimi çalışdığım dövrdə daim işimə fokuslanmışam. İşləmək lazımdır ki, xalq sənin nə etdiyini görsün. Sadəcə gözləməklə, kənardan baxmaqla heç nə əldə etmək mümkün deyil. Mən nə fəxri ad verənəm, nə də hansısa teatrın rəhbəriyəm. Hamı yaxşı bilir ki, bu məsələlər uzun və mərhələli proseslərdən keçir, işlədiyin qurum tərəfindən təqdimat verilir, daha sonra müvafiq qurumlara göndərilir. Bu, mənim səlahiyyətimdə olan məsələ deyil. Buna görə də öz uğursuzluqlarını məndə axtaran ifaçıları aciz hesab edirəm. Onlara deyirəm ki, Allah sizə şəfa versin!
Gənc olanda o hissi başa düşə bilmirsən. Xanəndəlik sənətində müəyyən vaxt öyrənirsən, sonra isə ifanı yaşayırsan. Muğam sənəti elədir - onun gözəlliyi zaman keçdikcə daha da dərinləşir. Muğamın incəliklərini başa düşmək uzun bir prosesdir. Bir obrazı qara karandaşla çəkməyə bənzədə bilərsən, sonra isə rənglər əlavə edərək daha zənginləşdirirsən. Muğamın gözəlliyi zamanla tamaşaçı tərəfindən qiymətləndirilir və dərk edilir. - Sizcə, "Leyli və Məcnun" operasında yaş məhdudiyyəti qoyulmaldırmı? - Hər dəfə haqqımızda eyni sözləri eşidirik. Xarici ölkələrdə müəyyən yaşdan sonra əsas diqqət səsin keyfiyyətinə yönəlir, yaşa yox. Yaş məhdudiyyəti Azərbaycandadır, necə ifa etdiyin müzakirə edilmir. Məsələn, sonuncu dəfə mən Leylini ifa edəndə obrazın gözəlliyi barədə danışmadılar, əksinə botoksum, saç düzümüm kimi şeyləri müzakirə etdilər. Amma sənətimə heç kim əl ata bilmədi. Çünki mənim potensialım və ifam var, əgər bu gün səsim və sənətimlə tamaşaçıya özümü çatdıra bilirəmsə, bu, mənim uğurumdur, sənətə vurğunluğumdur. Gənc ifaçılarımız hər ay repertuar əsərlərini ifa edirlər, “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Aşıq Qərib”, “Şah İsmayıl” və s. Bu, onların inkişafı üçün vacibdir. Hər bir insan özünü sənətdə təsdiq etməlidir. Opera ifaçısının səsi zalın sonuncu stuluna qədər eşidilməlidir. Hazırda Akademik Opera və Balet Teatrı təmirdədir. Opera sənəti səs potensialı zəif olan ifaçıları qəbul etmir. Yamsılama isə bəzi ifaçıları yarı yolda qoyur. Hər ifaçının öz yolu və öz ifası olmalıdır. Məndən əvvəl çox gözəl sənətkarlarımız yetişib, mən onların ifalarına qulaq asmışam, amma öz iç dünyamı da tamaşaçıya çatdırmışam. Heç kim deyə bilməz ki, mən kiminsə ifasını yamsılamışam. Yeddi-səkkiz saat bir obraz və ya muğam üzərində işləyirəm. Əsas şərt zəhmət çəkməkdir. Sonra isə o zəhmətin bəhrəsini görürsən. İndiki gənclərin beyni “ağ kağız” kimidir, nəyi öyrədirsənsə, yaddaşlarına yazılmalıdır. Bu, gələcəkdə onlara çox lazım olacaq. - Sizin ifa üslubunuzu və sənət yolunuzu örnək alan və onu təqlid etməyə çalışan ifaçılar çoxdurmu? Yamsılama məsələsinə münasibətinizi necə ifadə edərdiniz? Bəzi ifaçılar isə başqasının ifasını öz adı ilə təqdim edirlər. Mən buna baxanda düşünürəm ki, utanmasan, oynamağa nə var ki… Sənətdə belə hallar da olur. Hər kəs xanəndə ola bilməz, hər ifaçı bu peşədən keçə bilər, amma hər kəsə xanəndə olmaq qismət olmur. Bu, Allahın bir lütfüdür. Xanəndə olmaq üçün səsin gücü, hissiyyatın, ritm və musiqi duyumu, qəzəl öyrənmə bacarığı olmalıdır. İstər Azərbaycan klassik muğamlarını, istərsə də dünyəvi musiqi biliklərini bilməlisən. Sənətə yalnız bir tərəfdən yanaşmaq mümkün deyil, xanəndəlik sənəti bu müxtəlif bacarıqları tələb edir. Əlbəttə, kasad ifaçılar da var. Amma biz çalışmışıq ki, Xarıbülbül Muğam Qrupu ilə birlikdə klassik muğamlarımızı qoruyub saxlayaq. Bunun üçün saatlarla məşqlər etmişik və böyük layihələrdə, o cümlədən kamera orkestri ilə işləmişik. Artıq 30-40 mahnını ifa etmişəm və gələcəkdə bu əsərləri həm mənim, həm də Xarıbülbül Muğam Qrupunun, həm də Tamaşaçılar təsniflərimizi, muğamlarımızı bu tərzdə də görsünlər. Təbii ki, burada sənət dostum Əliağa Sədiyevin böyük əziyyəti də var. Bəzən efirlərdə deyirlər ki, dövlət niyə fəxri ad vermir. Əllərinə mikrofon verilir və görürsən ki, özlərini idarə edə bilmirlər. Camaat da elə bilir, düzgün danışırlar. Buna görə də belə hallara televiziyalarda nəzarət edilməlidir. Efirə ziyalılarımız, şairlərimiz dəvət olunmalıdır, eyni şəxsləri dəfələrlə televiziya ekranlarında görmək düzgün deyil. Mənim övladım musiqi cəhətdən biliklidir, amma bəzi ailələr uşaqlarına axşama qədər lazımsız musiqilər dinlədirlər. Bir neçə ildən sonra musiqi zövqü tamamilə dəyişəcək. Bizim zamanımızda efirdə Şövkət Ələkbərovanı, Arif Babayev, İslam Rzayev və Sara Qədimova kimi böyük sənətkarların ifasını izləyirdik. Bu, bizim musiqi zövqümüzün formalaşmasına və beynimizə yeridilməsinə kömək edirdi. Təəssüf ki, bu gün efirlərdə daha çox lazımsız musiqilər səslənir, şou proqramları və reytinqlər ön plandadır. İllər keçdikcə bu, gənc ifaçıların və uşaqlarımızın musiqi zövqünə mənfi təsir göstərəcək. Sanki bəzi televiziyaların rəhbərləri bunu görmürlər.
Mən məlumatsız olduğum üçün baş verən hadisələr haqqında danışa bilmirəm. Həmişə Akademik Opera və Balet Teatrında çalışan ifaçılar ən tez fəxri ad alanlar olublar. Çünki xanəndənin sənəti güclü olmalıdır. Səsi mikrofonsuz belə, zalın sonuncu stuluna qədər eşidilməlidir. Geri qayıt |