Əsas Səhifə > Şou-biznes > "İndiki televiziyaların ən böyük problemi reytinqin "qul"una çevrilmələridir"

"İndiki televiziyaların ən böyük problemi reytinqin "qul"una çevrilmələridir"


26-02-2026, 02:08

Tanınmış aparıcı və musiqiçi Murad Arif televiziya efirlərinin hazırkı vəziyyətini sərt tənqid edib. Murad Arifbildirib ki, bir çox kanallar keyfiyyətli məzmun əvəzinə səviyyəsiz əyləncəni təbliğ edir, gün ərzində saatlarla eyni tipli “müğənni söhbətləri” yayımlanır və fərqli mövzulara yer verilmir. Onun sözlərinə görə, bu yanaşma həm tamaşaçı zövqünə, həm də ölkənin zəngin mədəni irsinə uyğun deyil.

Murad Arif hesab edir ki, dövlət və ya özəl kanalların əsas məqsədi efiri doldurmaq yox, keyfiyyətli və seçilmiş kontent təqdim etmək olmalıdır. O, musiqili-əyləncəli proqramların sayının azaldılmasını, klip saatlarının bərpa edilməsini və peşəkar bədii şuraların fəaliyyət göstərməsini təklif edir. Sənətçi vurğulayır ki, normal estrada ifaçıları efirdə yer tapmaqda çətinlik çəkir, halbuki keyfiyyətli pop və digər janrlarda musiqinin təbliğinə ehtiyac var. Onun fikrincə, televiziya məkanı daha seçici və məsuliyyətli olmalıdır.

  • Sizcə, televiziya məkanında yaranmış bu vəziyyətin əsas səbəbi nədir - reytinq yarışı, kommersiya maraqları, yoxsa peşəkarlıq çatışmazlığı?

Tanınmış telejurnalist, yazıçı, tərcüməçi İlqar Əlfioğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, məcburi reytinq yarışması və televiziya sahəsində dövlət siyasətinin yarıtmazlığı bu vəziyyətə gətirib çıxarıb: “Ölkədəki televiziya kanallarının əksəriyyəti reytinq quludur və reytinq tamaşaçıların izləməsinə söykənir. Tamaşaçı həmişə onu əyləndirən, başını qatan, hisslərini oynada bilən məzmunu axtarır. Bu ömrü boyu belə olub. Sovet dövründə də belə idi.

Sovet vaxtı televiziya niyə daha yaxşı idi? Bunun başqa səbəbləri var. Dövlət nəzarət edirdi və televiziyanın fəaliyyəti kütlədən 1-2 addım qabaqda olmalı idi, amma çox qabağa getməməliydi. Çünki çox ağıllı proqramlar kütlə tərəfindən qəbul edilmirdi. Kütlədən gərək bir qaşıq qabağa gedəsən ki, bəlkə onu öz arxanca gətirə biləsən”.

“İndiki televiziyaların ən böyük problemi reytinqin "qul"una çevrilmələridir. Kanallar camaatın istədiyini verməyə çalışır, məqsəd reytinqi yüksəltmək, maliyyələşməni və televiziyanın gəlirini qorumaqdır. Bundan çıxan nəticə budur ki, dövlətin televiziyaya siyasəti kökündən səhvdir. Televiziyanı tam olaraq bazara buraxmaq düzgün deyil, çünki öz vəsaiti ilə heç vaxt dolana bilməz”-deyə İlqar Əlfioğlu qeyd edib.

İlqar Əlfioğlu vurğulayıb ki, 3 dövlət kanalı fəaliyyət göstərsə daha yaxşı olardı: “Mənim fikrimcə, 10-15 kanal olmaqdan daha yaxşı olardı ki, 3 dövlət kanalı fəaliyyət göstərsin: biri siyasi, biri idman, digəri isə mədəniyyət kanalı (AzTV-nin nəzdində yox, ayrıca). AzTV yalnız dövlət siyasətini icra etməklə məşğul olmalı, digər kanal isə maarifçi məzmun təqdim etməlidir. Bu kanallara eyni dərəcədə tamaşaçı olmayacaq. Təbii ki, sosial şəbəkələrin - TikTok, Instagram, Facebook, YouTube - mövcudluğu isə insanları alternativ məzmun axtarmağa sövq edəcək. Buna baxmayaraq, əhali arasında 10% ağıllı, keyfiyyətli məzmun izləmək istəyən insanlar var. Heç olmasa bu 10%-i bir işığa toplamaq lazımdır. Başqa yol yoxdur, çünki digərini bağlasan, demokratiya yoxdur deyəcəklər; bağlamasan, isə bu gün gördüyümüz vəziyyət yaranacaq.

Əvvəl bir kanal pozğun məzmunun təbliğinə başlayır, sonra onunla yanaşı fəaliyyət göstərən digər kanal görür ki, reytinq yüksəlir və o da eyni istiqamətdə hərəkət etməyə başlayır və s.

Yalnız dövlət maliyyəsi alan AzTV və İctimai Televiziya bu cür məzmuna yer vermir. Buna görə kütləvi informasiya vasitələrinə (KİV) yönəlik dövlət siyasəti kökündən dəyişməlidir”.


Geri qayıt