Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > "Bu əməyin qarşılığında istədiyimiz tək şey: insan kimi münasibət..."
"Bu əməyin qarşılığında istədiyimiz tək şey: insan kimi münasibət..."15-01-2026, 12:17 |
|
Neftçilərin Hüquqların Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı SOCAR sahə üzrə məsul şəxslərə ünvanlanmış müraciəti ictimailəşdirib. "DİA-AZ" bildirir ki, müraciət müəllifi sıravi neftçidir və olduqca mühüm məqamlara toxunur... hansı ki, bu gün ölkənin QAN DAMARI - ŞAH DAMARI hesab olunan neft sənayesində əziyyət çəkirlər...
"DİA-AZ" olaraq Mirvari Qəhrəmanlıya istinadən həmin müraciəti təqdim edirik:
"Bu müraciət bir nəfərin yox, dənizdə, platformalarda çalışan yüzlərlə neftçinin səsidir.
Son 3–4 aydır neftçilərin işə gedib-gəlməsi dözülməz vəziyyətə salınıb. Əvvəllər növbə dəyişməsi Pirallahı helikopter meydançasından həyata keçirilirdi. Keçən ildən isə səbəbi açıqlanmadan bu proses Zabrat helikopter meydançasına keçirilib. Zabratın uzaq məsafədə yerləşməsi neftçilər üçün əlavə vaxt itkisi, yorğunluq və stress deməkdir.
Faktiki olaraq biz hər ay 2–3 günümüzü yolda və gözləmədə itiririk. Bu günlər isə nə iş günü kimi tanınır, nə də istirahət günü hesab olunur. Ən ağrılı məqam isə odur ki, bu itirilən günlərə görə heç bir kompensasiya verilmir.
Neftçi dənizdə işləyərək ölkəyə milyonlarla manat gəlir gətirir. Amma paradoks ondadır ki, öz ailəsinin büdcəsinə həmin pulu çatdıra bilmir. Yol problemi səbəbindən maaşdan faktiki itkilər yaranır, ailələr maddi çətinliklə üz-üzə qalır. Bu, əməyin açıq şəkildə dəyərdən salınmasıdır.
Şəxsi təcrübəmdə qeyd etmək istəyirəm ki, uzun və ağır yol əziyyətindən sonra ötən ay xəstələndim, günlərlə yataq rejimində qaldım. Bu, təkcə mənim yox, bir çox neftçinin yaşadığı real vəziyyətdir. Yorğun, zəifləmiş, səhhəti pozulmuş işçi sabah necə təhlükəli platformada işləsin?
Biz neftçilər ağır və riskli iş şəraitində çalışırıq. Bu əməyin qarşılığında istədiyimiz tək şey:
-insan kimi münasibət,
-vaxtımıza və sağlamlığımıza hörmət,
-itirilən günlərə görə ədalətli kompensasiyadır.
SOCAR sahə üzrə məsul şəxslər,qeyd olunan çətinlikləri nəzərə alıb -Gediş-gəliş sisteminin yenidən nəzərdən keçirilməsini,
-Pirallahı və ya neftçilər üçün real uyğun alternativin bərpasıni,
-Yolda və növbə dəyişmə üçün itirilən günlərin rəsmi şəkildə kompensasiya olunmasını- sizdən xahiş edirik :
Çünki artıq bu vəziyyətlə yaşamaq mümkün deyil. Neftçi canından keçir, amma canına baxan yoxdur. Artıq cana yığılmışıq..."
Geri qayıt |