Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > Ceyhun Cəlilov bütün trolları səfərbər edib ki...
Ceyhun Cəlilov bütün trolları səfərbər edib ki...15-02-2026, 07:49 |
|
Naxçıvanın yeni səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovun “Gündəlik Naxçıvan” nəşrinin sıradan çıxarılması ilə bağlı göstəriş verdiyi bildirilir. Onun göstərişinə əsasən, dövlət müəssisələrində çalışan əməkdaşlar nəşrin İnstaqram və Facebook səhifələrini kütləvi şəkildə şikayət etməlidirlər.
Bu yolla səhifənin bağlanmasına, yaxud məhdudlaşdırılmış fəaliyyət göstərməsinə nail olmağa çalışıldığı iddia olunur. Bu işə xüsusilə təhsil və tibb işçilərinin cəlb olunduğu bildirilir.
Bu barədə səhifəmizə bir qrup müəllim və həkim məlumat verib. Onların sözlərinə görə, əlavə olaraq, səhifədə yazılan tənqidlərə cavab vermək üçün troll qruplarının yaradılması ilə bağlı da göstəriş verilib.
Naxçıvan şəhərindəki məktəblərin birində çalışan müəllim B. Qasımovun sözlərinə görə, bu göstərişə əməl etməyənlər işdən çıxarılmaq, hətta həbs olunmaqla təhdid edilirlər:
“Ceyhun müəllim bütün nazirləri yığıb deyib ki, ‘Gündəlik Naxçıvan’ Vasif Talıbovun, Fuad Nəcəflinin axırına çıxdı, qarşısını almasaq, mənim də axırıma çıxacaq. Bunu direktorlarımıza nazirlikdən deyiblər. Birlikdə müzakirə edib qərara gəliblər ki, səhifədəki paylaşımları kütləvi şəkildə şikayət etməklə səhifənin bağlanmasına və ya məhdudlaşdırılmasına nail olsunlar.
Direktor nəşrin Facebook və İnstaqramdakı linklərini bütün müəllim və texniki heyətə, hətta şagird və valideynlərə göndərib ki, şikayət etsinlər və bunu sübut edən ekran görüntüsünü direktora yollasınlar. Deyilənə görə, bütün bu görüntülər sonda Ceyhun Cəlilova göndəriləcək. Bunu etməyən müəllimlər işdən çıxarılmaqla hədələnirlər.
Bunlar istəyirlər ki, Naxçıvanı 2–3 il əvvəlki vəziyyətə qaytarsınlar. Heç kim Naxçıvandan tənqidi yazı yazmasın, onlar da istədiklərini etsinlər. Mən şəxsən səhifəni şikayət etməkdən imtina etdim. Qoy işdən çıxarsınlar. Bizdə olan məlumata görə, müəllimlərin heç biri öz xoşu ilə şikayət etmək istəmir. Bir çoxu işdən çıxarılmaq, hətta həbs hədəsindən sonra razılaşıb.”
Əməkdaşların sözlərinə görə, paralel olaraq, səhifəni ictimaiyyət qarşısında nüfuzdan salmaq üçün paylaşılan postların altında məlumatın yalan olması ilə bağlı şərhlər yazdırmaq qərarı verilib.
Adının çəkilməsini istəməyən həkimlərdən biri bu məqsədlə trolluq etməyə məcbur edildiklərini bildirir:
“Bizi uşaq yerinə qoyublar. Mən həkiməm, onların trolu yox. Göstəriş gəlib ki, səhifəni report edin, tənqidi paylaşımların altından da Ceyhun Cəlilovu tərifləyən şərhlər yazın. Şərhlərdə həmçinin səhifənin adminlərinin vətən xaini adlandırılması tələb olunur. Əlavə olaraq, hər kəsdən bu şərhi yazdığını sübut edən ekran görüntüsünü rəhbərliyə göndərməsi istənilir. Etməyənləri işdən çıxarmaqla hədələyirlər. Şəxsən mən problem yaşamamaq üçün istədikləri şərhi yazdım, ekran görüntüsünü göndərdim və dərhal şərhi sildim.
Bu səhifə açılandan müəllimlərin, həkimlərin, fəhlələrin, məzlumların boğulan səsini dünyaya çatdırır, Naxçıvanın problemlərini işıqlandırır. Heç kim bu səhifənin bağlanmasını istəmir. Lakin təqib və təhdid qarşısında bir çoxu bunu etməyə məcbur qalır.””
Səlahiyyətli Nümayəndəlikdən qeyd olunan ittihamlara cavab vermək istəmədilər.
Geri qayıt |