Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > Şərur sakininin əlillik dərəcəsi düzgün təyin olunmayıb...

Şərur sakininin əlillik dərəcəsi düzgün təyin olunmayıb...


16-02-2026, 12:15

Şərur rayonu sakini, 5 uşaq atası Elnur Quliyevin ailəsi onun əlillik dərəcəsinin qanunsuz olaraq aşağı müəyyən edildiyini iddia edir. Həyat yoldaşı Nabat Quliyevanın sözlərinə görə, müalicə həkimləri onun daha yüksək əlillik qrupuna uyğun diaqnoz təqdim ediblər.
Lakin Tibbi-Sosial Ekspert Komissiyası 40 faiz əmək qabiliyyəti itkisini əsas götürərək ona 3-cü qrup təyin edib:
“Həkimlərin rəyinə görə, yoldaşıma birinci qrup əlillik düşür. Bütün sənədləri komissiyaya təqdim etdik. Amma noyabr ayında 40 faiz sağlamlıq imkanlarının itirildiyini əsas gətirib 3-cü qrup təyin etdilər. Müalicə həkimlərinin rəyini nəzərə almadılar. Noyabrdan bəri bizi get-gələ salırlar. Hər dəfə barmağına bir cihaz bağlayıb ölçmə aparırlar və deyirlər ki, əlillik dərəcəsi aşağıdır, 40 faizi keçmir. O, ürək-damar xəstəliklərindən əziyyət çəkir, infarkt keçirib, ürəyinə stent qoyulub, damarlarında genişlənmə müşahidə olunur və ürək çatışmazlığı diaqnozu ilə uzun müddət xəstəxanalarda müalicə alıb.”
Nabat Quliyeva maddi imkanlarının məhdud olduğunu, ailəyə daxil olan vəsaitin böyük hissəsinin həyat yoldaşının müalicəsinə xərcləndiyini bildirir:
“Beş məktəbli uşaq böyüdürük. 7 nəfər hazırda 664 manat sosial yardım və Elnurun 370 manat əməkhaqqısı ümidinə qalmışıq. Bu məbləğ yoldaşımın dərmanlarına, müalicəsinə, uşaqların təhsilinə və ailənin digər ehtiyaclarına yetmir. Biz başqa heç nə istəmirik, öz halal haqqımızı tələb edirik. Birinci qrup verilsin ki, heç olmasa müalicəsinin xərcləri bu yolla təmin olunsun.”
Ailə aidiyyəti qurumlara müraciət edərək qərarın yenidən nəzərdən keçirilməsini və məsələnin araşdırılmasını tələb edir.
"Gündəlik Naxçıvan"

Geri qayıt