Əsas Səhifə > Dünya > ABŞ-ın yeni Yaxın Şərq projesi
ABŞ-ın yeni Yaxın Şərq projesiBu gün, 09:08 |
ABŞ-ın Türkiyədəki səfiri və Trampın Suriya üzrə nümayəndəsi Tom Barakın Türkiyənin xeyrinə fəaliyyəti təsadüfi deyil. Onun Türkiyə və xarici mətbuata verdiyi bir neçə müsahibəsi ilə tanış olmuşam. Adam açıq şəkildə I Dünya müharibəsi zamanı Osmanlının bölünməsi projelərinin uğurlu olmadığını və yeni dünya düzənində yenidən Osmanlı imperiyasının “millətlər sistemi”nə qayıtmağın vacibliyindən danışıb.
Görünən budur ki, Tramp hakimiyyəti Yaxın Şərqdə bu sistemi yenidən bərpa etməyə çalışır. Daşdan keçən arqumenti də var: Osmanlı imperiyası Fateh Sultan Mehmeddən etibarən hardasa 400 ildən artıq müddət ərzində Yaxın Şərqi və Balkanları bu sistemlə idarə etməsinə baxmayaraq, ciddi insidentlərlə qarşılanmayıb. Məntiqlə, bu bölgələrdə sabitliyi qorumaq üçün bənzər projelərə ehtiyac var.
Bəs, Osmanlının millətlər sistemi nə idi?
Oxuyub çıxardığım nəticələrə görə, Osmanlının millətlər sistemi əslində dini mənsubiyyət birliyini, başqa sözlə desək, ümmətçilik ittifaqını nəzərdə tutur. Yəni Osmanlı vaxtında millət deyilən əslində ümmətçilik başa düşülürdü. İmperiyanın bünyəsində müsəlman, xristian və yəhudi milli idarəetmə orqanları fəaliyyət göstərirdi. Türklər, ərəblər, kürdlər və s. etniklər müsəlman millətinə, ermənilər, rumlar, yunanlar, Balkan xalqları isə xristian millətinə aid idilər. Hər insan öz dini qaydalarına uyğun həyat sürdüklərinə görə toplumsal qarşıdurmalar da yaşanmırdı. ABŞ diplomatının bu fikirlərindən belə çıxır ki, Yaxın Şərqdə yenidən belə bir system qurulmalı, dolayısıyla ərəblərin, türklərin və kürdlərin idarə olunması Ankaraya buraxılmalıdır.
Sual oluna bilər: Bəs ABŞ bu qədər avantajı niyə Türkiyəyə həvalə etmək istəyir?
Zənnimcə, bunun bir səbəbi Türklər vasitəsilə Rusiya və Çin arasında buffer zona yaratmaddırsa, digəri ərəb, türk və kürd xalqlarının İrana qarşı birləşdirmək, lazım gələrsə, onları İran təcavüzünə qarşı səfərbər etməkdir.
Növbəti sual: İran bu qədər güclüdür ki, ABŞ ona qarşı bütün regional qüvvələri bir araya gətirmək istəyir?
Təbii ki, İran güclü deyil, İsraillə apardığı son 12 günlük müharibə də bunu ortaya qoydu. Mən ABŞ-ın Osmanlı millətlər sisteminə qayıtmaq projesini ancaq bir arqumentlə izah edə bilərəm: görünən budur ki, Vaşinqtonun əlində Rusiya və Çinin İrandan Yaxın Şərqdəki ABŞ müttəfiqlərinə qarşı proksi qüvvəsi kimi istifadə edəcəyinə dair güclü dəlillər var və regionun himayəsini NATO-nun cənub-şərqdən sorumlusu Türkiyəyə tapşırmaq istəyir.
Digər tərəfdən dünya ağalığını Çinə qapdırmaq istəməyən ABŞ-ın Qərbdə Türkiyədən başqa ciddi müttəfiqi də qalmayıb. II Dünya müharibəsindən sonra yaşadığı rifahın cazibəsindən ayıla bilməyən Avropa ölkələrinin hərbə hazırlığı sıfır səviyyədədir və onlardan ciddi nəsə gözləməyə dəyməz.
Başqa bir versiya isə gücləndirilmiş və genişləndirilmiş Türkiyədən Rusiya və Çin arasında bufer zona kimi faydalanmaq cəhdi də ola bilər.
Səbəb nə olursa olsun, ABŞ-ın Osmanlı imperiyasının millətlər sisteminə qayıtmaq projesi qardaş Türkiyənin də, Azərbaycanın da maraqlarına tam cavab verir.
Heydər Oğuz - "DİA-AZ"
Geri qayıt |