Əsas Səhifə > Dünya > Ziddiyyətli fransız: həm Kiyevə silah verən şirkətdə, həm “Kreml pul fondu”nda
Ziddiyyətli fransız: həm Kiyevə silah verən şirkətdə, həm “Kreml pul fondu”ndaBu gün, 05:49 |
Ukraynanı qırıcı təyyarələr və hava hücumundan müdafiə sistemləri ilə təmin edən Fransanın müdafiə konserni “Dassault Aviation”ın top menecerlərindən biri olan Henri Proglio Rusiyada bizneslə məşğuldur. Üstəlik, “The Insider”in məlumatına görə, o Rusiya Ptrezidenti Vladimir Putinin ən yaxın adamlarının yaratdığı “Kreml pul fondu” adlanan qurumun aktivlərini idarə edən “ABR Management”in direktorlar şurasındadır. “ABR Management” 2011-ci ildə yaranıb və Putinin ətrafı tərəfindən idarə olunan strukturlara – “Bank Rossia”, “SOGAZ” sığorta şirkəti və Milli Media Qrupu (NMG) media holdinqinə qeydiyyatdan keçmiş aktivlərin idarə edilməsi üzrə əsas orqana çevrilib. Şirkətin təsisçiləri Yuri Kovalçuk və Nikolay Şamalov olub. Qərb onları Rusiya Prezidentinin maliyyə maraqlarının əsas himayədarlarından hesab edir. “The Insider” yazır ki, Kirill Kovalçuk və Mixail Klişin Henri Proglio ilə birlikdə “ABR Management”in direktorlar şurasındadır. Kovalçuk və Klişin 2016-cı ildən ABŞ-ın sanksiyaları altındadırlar. 2022-ci ildən isə Avropa İttifaqı, Böyük Britaniya və Kanadanın sanksiya siyahısına daxil ediliblər. Lakin məhdudiyyətlər fransız iş adamının onlarla əməkdaşlıq etməsinə və bunun üçün ciddi təzminat almasına mane olmur. Beləliklə, 2022-2024-cü illərdə şirkətin idarə heyəti üzvlərinin maaşına görə ümumi xərcləri 110,7 milyon rubl təşkil edib.
“The Insider” qeyd edir ki, hesabata əsasən, bu vəsaitlərin əhəmiyyətli bir hissəsi Proglionin xidmətlərinin ödənilməsinə yönəldilə bilər: məsələn, 2024-cü ildə “AP Energy Advisory” MMC 46,1 milyon rubl gəlirdən 45,2 milyon rublunu idarəetmə xərcləri kimi silib. Bundan əlavə, Proglio “Rosatom” ilə sıx əlaqələr saxlayır — 2010-cu illərdən o Türkiyədə sırf rus podratçılar tərəfindən tikilən ilk atom elektrik stansiyasının operatoru olan Akkuyu Nüvə şirkətinin direktorlar şurasının üzvüdür. Hava nəqliyyatının təhlili göstərir ki, müharibə başlayandan sonra o, Rusiyaya səyahətini davam etdirib. 24 fevral 2022-ci ildə o ölkədə olub və yalnız ertəsi gün Rusiyadan çıxıb. O vaxtdan bəri Proglio müntəzəm olaraq Moskvaya səfər edib - sonuncu dəfə 2025-ci ilin iyununda. O Fransa siyasi isteblişmenti ilə yaxşı münasibətlərə malikdir: onun əlaqələri olanlar arasında keçmiş Prezident Nikola Sarkozi və hazırkı dövlət başçısı Emmanuel Makron da var. “The Insider” yazır ki, sahibkar əvvəllər dövlətə məxsus “Électricité de France” şirkətinə rəhbərlik edib, lakin korrupsiya qalmaqalından sonra oranı tərk edib. Proglionun yüksək vəzifə tutduğu “Dassault Aviation” “Rafale və Mirage 2000” qırıcıları, “Neuron” dronları, “Falcon” biznes təyyarələri istehsal edir, həmçinin altıncı nəsil təyyarələr hazırlayır. O həmçinin “Thales” müdafiə konserninin səhmlərinin 27%-nə sahibdir. Nəşr qeyd edir ki, Proglionun Rusiya strukturları ilə əlaqələri ciddi maraqlar toqquşması yaradır: Fransa Ukraynanı “Dassault” və “Thales” şirkətlərinin istehsalı olan silahlarla təmin edir və Putinin ətrafına bağlı olan şəxs bu müəssisələrin idarə olunmasında iştirak edir. Ayna.az Geri qayıt |