Əsas Səhifə > Dünya > Avropada iki ölkənin birləşməsinə hazırlıq
Avropada iki ölkənin birləşməsinə hazırlıqBu gün, 06:20 |
Avropada iki ölkənin – Moldova və Rumıniyanın birləşməsi məsələsi yenidən gündəmə gəlib. “iData”nın keçirdiyi sorğuya əsasən, moldovalıların əksəriyyəti Rumıniya ilə birləşməyə qarşıdır. Buna baxmayaraq, iki ölkənin birləşməsinin zaman-zaman gündəmə gəlməsi diqqət çəkir. Bu iki ölkənin birləşməsi perspektivi varmı? Globalinfo.az-a danışan politoloq Şahin Cəfərli deyib ki, müstəqillik dövründə Moldovada Rumıniya ilə birləşmə ideyası müəyyən populyarlıq qazanmağa başlayıb: “Sorğular göstərir ki, Moldova əhalisinin üçdə biri birləşmənin tərəfdarıdır. Amma təbii ki, bu rəqəm birləşmə ideyasının üstünlük qazanması üçün yetərli deyil. Hələlik əhalinin yarısından azı bu ideyanın tərəfdarıdır. Bununla belə, yeni nəslin sayı artdıqca Rumıniya ilə birləşməni dəstəkləyənlərin sayı tədricən artır. Tarixə nəzər salsaq, görərik ki, XIV əsrdən XIX əsrə qədər Moldova knyazlığı mövcud olub və Osmanlı imperiyasına bağlı vassal dövlət kimi fəaliyyət göstərib. Lakin Rusiya–Osmanlı müharibələrinin intensivləşməsi və bu müharibələrin əksəriyyətində Rusiyanın qələbə qazanması nəticəsində Moldova knyazlığının bir hissəsi Rusiya imperiyasının əlinə keçib və orada Bessarabiya quberniyası yaradılıb. Digər hissədə isə Rumıniya dövləti formalaşıb. Daha sonra Rusiya imperiyası dağıldıqdan sonra Bessarabiya Rumıniyanın tərkibinə keçdi. Lakin 1940-cı ildə imzalanan Molotov-Ribbentrop paktına əsasən, Bessarabiya ərazisi yenidən SSRİ-nin tərkibinə daxil edildi və Moldova SSR yaradıldı”. Politoloq qeyd edib ki, moldovanlar və rumınlar əslində eyni xalqdır: “Əhalinin dili də eynidir. Üstəlik, Moldovada rəsmi dövlət dili rumın dilidir. Bu səbəbdən ölkədə birləşmə tərəfdarlarının sayı zamanla artır. Hazırda Moldova Avropa İttifaqına inteqrasiya mərhələsindədir. Yaxın aylarda üzvlük danışıqlarına başlanması gözlənilir. Aİ-yə üzvlükdən sonra Moldova ilə Rumıniya arasında birləşmə istəyənlərin sayı arta bilər və uzunmüddətli perspektivdə bu birləşmə mümkün ola bilər”. Geri qayıt |