Əsas Səhifə > Dünya > Türkiyə nədən Krımın rus işğalında qalmasına razı ola bilməz?
Türkiyə nədən Krımın rus işğalında qalmasına razı ola bilməz?Bu gün, 12:09 |
Mətbuata verdiyim açıqlamalarda Krımın işğalı ilə sahil dövlətlətinin Qara dənizə nəzarətinin önəmli ölçüdə dəyişdiyini və bunun ilk növbədə Türkiyəni narahat etdiyini, qardaş ölkənin buna laqeyd qalmayacağını bildirmişdim. Bir çox dostlar mənim bu iddiama şübhə ilə yanaşır, fikirlərimin real olmadığına inanıram. Krımın ilhaqı ilə Qara dənizin geosiyasi mənzərəsinin nə qədər dəyişdiyi barədə Moderator.az-a müsahibə vermişəm. Yəqin ki, yaxın günlərdə siz də onunla tanış olacaqsınız. İndi isə Krımın işğalı ilə sahil dövlətlərinin dəyişilən Müstəsna (Eksklüziv) İqtisadi Zonaları barədə bir neçə əlavə söz demək istəyirəm.
Əvvəla, mövzuya girməmişdən əvvəl “Müstəsna (Eksklüziv) İqtisadi Zonalar” (MİZ) nədir sualına cavab verməyə çalışacağam.
Eksklüziv iqtisadi zona ölkələrin ərazi sularından kənara çıxan maksimum 200 dəniz mili (təxminən 370,4 km) məsafəsində imtiyazlı hüquqları anlamına gəlir. Ölkələr bu zona daxilində həm canlı, həm də cansız resurslar üzərində yurisdiksiyaya malikdirlər.
MİZ 1982-ci il BMT-nin Dəniz Hüququ Konvensiyası ilə balıqçılıq və enerji istehsalı kimi sahilyanı fəaliyyətlərlə bağlı potensial dövlətlərarası mübahisələri həll etmək üçün yaradılmışdır.
MİZ-lər sahildən 12 dəniz milinə (təxminən 22,2 km) qədər uzanan və ölkəyə quruda olduğu kimi tam suverenlik hüquqları verən ərazi sularından fərqlidir. Ərazi sularında hərbi bazalar qurula bildiyi halda, MİZ-lərdə bu haqq istisna edilir. Yalnız dəniz altı və səth sularında iqtisadi fəaliyyətə icazə verilir. Bu gün müəyyən edilmiş MİZ əraziləri dünya okeanlarının təxminən 40%-ni əhatə edir. Bu təyin olunmuş seqmentlərdən kənarda bütün ölkələr üçün əlçatan olan açıq dənizlər var.
İndi isə gələk Qara dəniz ölkələrinin Krımın işğalından əvvəl və sonra müstəsna iqtisadi zonalarına.
Krımın işğalından əvvəl Qara dənizin sahilləri bu ölkələr arasında bu şəkildə bölünürdü:
Ukrayna 1756 km,
Türkiyə 1700 km,
Rusiya 421 km,
Bolqarıstan 414 km,
Gürcüstan 322 km,
Rumıniya - 256 km.
Beləcə, Ukrayna Qara dəniz sahillərinin 36,1%, Türkiyə 34,9%, Rusiya isə hardasa 13%-nə nəzarət edirdi
Bu da öz növbəsində Qara dəniz ölkələrinin MİZ-lərini meydana gətirirdi:
Türkiyə - 172.484 km2
Ukrayna - 132.414 km2;
Rusiya - 67.351 km2;
Bolqarıstan 35.132 km2;
Gürcüstan 22.947 km2;
Rumıniya 29.756 km2 .
----
Toplam - 460.084 km2.
Göründüyü kimi, Ukrayna sahil şəridi baxımından Türkiyədən daha uzun əraziyə malik olsa da, MİZ baxımından daha imtiyazlı vəziyyətdə idi. Bunun səbəbi Ukrayna ilə Rumınya arasında mübahisəli ərazilərin beynəlxalq məhkəmələr tərəfindən ikincinin xeyrinə hökm verilməsi ilə bağlıdır. Ukraynaya normal qaydada sahil sularından 200 km uzunluğunda MİZ verilsəydi, Rumıniya tamamilə Qara dənizə çıxışdan məhrum olardı. Bu faktı nəzərə alan beynəlxalq məhkəmələr mübahisəli sahələri Rumıniyaya verilməsini uyğun görmüşdülər.
Krımın və Abxaziyanın işğalından sonra Qara dəniz ölkələrinin MİZ-ləri büs-bütün dəyişildi. Qara dənizin 40 faizi faktiki olaraq Rusiyanın əlinə keçdi. Beləcə, Rusiya Qara dənizdə ən çox haqqı olan ölkə halına gəldi. Nəzərə alsaq ki, Rusiyanın bir də Aralıq dənizinə çıxmaq üçün Bosfor boğazına iddiaları var, Türkiyə Qara dənizin bölgüsünün Rusiyanın xeyrinə dəyişdirilməsini əsla qəbul edə bilməz.
Heydər Oğuz - "DİA-AZ"
Geri qayıt |