Əsas Səhifə > Dünya > Macarıstan niyə belə edir, axı...
Macarıstan niyə belə edir, axı...16-02-2026, 05:41 |
|
Macarıstanı hamı qınayır, amma məsələyə heç kim "macar gözü" ilə baxmır. Bu ölkənin belə davranmasının səbəbləri çoxdur, amma əsas 3 amil var:
1. Macarıstan təbii qazın 85%-ni hələ də Rusiyadan alır. Nüvə enerjisi elektrik istehsalının təxminən yarısını təşkil edir və o yanacağın da 100% Rusiyadan gəlir.
Orban deyir ki, "Siz hamınız bir-birinizə dəstək verib alternativ enerji xətləri tapmısınız. Əgər Rusiyanı blok etməyimizi istəyirsinizsə, əvvəlcə maliyyə köməyi edin, biz də Rumıniya və Xorvatiyadan xətt çəkək. Yoxsa millətim enerjisiz qalacaq."
2. İkinci problem Macarıstan və Ukrayna arasındakı gərginlikdir. Orban bildirir ki, Ukrayna dünyaya Rusiya təcavüzü ilə savaşdığını desə də, özü Zakarpatya bölgəsində yaşayan etnik macarlarla pis davranır, onları assimilyasiya edərək saylarını azaldıb.
Macarıstanın arqumenti budur: "Ukraynalılar qaçqın düşdüyü ölkələrdən öz dillərində məktəb tələb edir, amma öz ölkəsindəki macarlara məcburən ukrayna dilində təhsil verir və macarca dərsliklərin çapına imkan yaratmır."
3. Macarıstan Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəkləmir. Orban açıq deyir ki, Rusiya-Ukrayna savaşı Putin və Rusiya işğal siyasəti var olduqca davam edəcək; bu gün sülh bağlansa belə, sabah yenidən alovlanacaq.
Orbanın fikrincə, müharibə tam bitməmiş, Putin ölməmiş Ukraynanım Aİ-yə qəbul edilməsindən söz belə açılmamalıdır. Deyir ki, "Qərbi Avropanın nüvə silahı var, mənim isə yoxdur. Mən müharibə bölgəsi ilə birbaşa sərhədəm. Əgər Aİ Rusiya ilə birbaşa münaqişəyə girsə, ilk zərbəni alan və cəbhə xəttinə çevrilən mənim ölkəm olacaq"
P.S. Macarıstan vaxtilə nəhəng Avstriya-Macarıstan İmperiyasının bir hissəsi olub. I Dünya Müharibəsində Avstriya krallığı arxasınca savaşa qatıldığı üçün, qalib dövlətlər (başda Amerika olmaqla) onu cəzalandıraraq torpaqlarını qonşu ölkələr arasında böldülər. Bu bölgüdə əldən-ələ keçərək sonda Ukraynaya qismət olan ərazilərdən biri də məhz Zakarpatyadır.
Nəticədə, bütün Avropa tarixində adı əzəmətlə keçən o böyük Macarıstan dövləti, bu gün cəmi 9 milyon əhalisi olan kiçik bir ölkəyə çevrilib. Ona görə də onların hər addımında bu tarixi travmanın izləri var.
Orxan Atabey - "DİA-AZ "
Geri qayıt |