Əsas Səhifə > Dünya > İran əgər sülh danışıqlarına gedirsə...

İran əgər sülh danışıqlarına gedirsə...


24-03-2026, 11:38

SEPAH Livan yetkililərinə xəbər göndərib ki, qorxmayın, ABŞ-la bağlacağımız sülh sazişində Livanın toxunulmazlığı məsələsini də gündəmdə saxlayacağıq.
Livan Parlamentinin sədri Nəbih Berri isə "Şərq Əl-Əvsat" qəzetinə verdiyi müsahibədə sızdırılan məlumatların dəqiq olduğuna ümid etdiyini və "İsrailin Livana qarşı müharibəsinə son qoymağı əhatə edən hərtərəfli bir razılaşma" arzuladığını bildirib.
Bir sözlə, SEPAH-ın ucbatından İran həm də proksilərinin maraqlarını nəzərə almaq durumunda qalıb.
Bəs, İran öz Xamenei ağası üçün özlərini odun ortasına atan proksilərinə gün ağlayacaqmı?
Bu sualın ən bariz cavabı çox da uzaq olmayan tarixdə gizlidir. 1980-ci illərdə İraqla savaşan İran indiki Bərzani tayfasını da aldatmışdı ki, ayağa qalxın, İraqı yıxın, biz sizi tək buraxmayacağıq. Elə ki, Xumeyni həzrətləri İraqla müharibədə irəliləyiş olmayacağına inandı, İraqla sülh sazişi bağladı, kürd separatçılarının taleyini də Səddam Hüseynə buraxdı. Bunu da belə izah etdi ki, “mən artıq şərbətə bənzər zəhər içməyə məcburam, siz də öz başınızın çarəsinə baxın”.
Bir neçə gündən sonra Səddam Hüseyn kürd separatçılarının vaxtilə ələ keçirdiyi Hələbçəyə hücum etdi, zəhər bombaları ilə minlərlə kürdü öldürdü, yüzminlərləsini isə yurd-yuvasından didərgin saldı. Həmin kürdlərin böyük əksəriyyəti İrana qaçdı, indi də Urmiyyə əyalətində rejimin özünə qarşı mübarizəyə hazırlaşır.
Qorxuram, Livan Hizbullahları da eyni taleyi yaşayalar.
Müəllif: Heydər Oğuz - Mənbə: "DİA-AZ"

Geri qayıt