Əsas Səhifə > Dünya > Qlobal maliyyə sistemi üçün HƏYƏCAN NÖQTƏSİ...
Qlobal maliyyə sistemi üçün HƏYƏCAN NÖQTƏSİ...3-04-2026, 07:06 |
|
"İran müharibəsi fonunda dünya iqtisadiyyatı ilə bağlı yaranmış neqativ gözləntilər, o cümlədən neft-qazın bahalaşması bir sıra dövlətləri “tufan qabağı hazırlıq” addımları atmağa vadar edib". "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında iqtisadçı ekspert Samir Əliyev qeyd edib.
O daha sonra bildirir: "Bu addımlardan biri də xarici mərkəzi bankların ABŞ-ın dövlət istiqrazlarını satmasıdır. Financial Times-a görə, 25 fevraldan bəri New York Fed-də saxlanılan rəsmi ehtiyatlar təxminən 82 milyard dollar azalaraq 2.7 trilyon dollara düşüb və bu, 2012-ci ildən bəri ən aşağı səviyyədir.
Bu prosesin arxasında konkret ölkələr də dayanır. Məsələn, Türkiyə müharibənin başlanğıcından sonra (27 fevraldan etibarən) valyuta ehtiyatlarından təxminən 22 milyard dollar həcmində dövlət qiymətli kağızları satıb. Eyni zamanda Hindistan və Tailand kimi neft idxalçı ölkələrdə də rezervlərin azalması müşahidə olunur. Ekspertlərə görə, səbəb sadədir: neft dollarla qiymətləndirilir və qiymətlər artdıqca bu ölkələr daha çox dollar tapmağa məcbur olur. Bunu üçünsə ABŞ istiqrazlarını satmalı olurlar.
Maraqlıdır ki, proses təkcə idxalçılarla məhdudlaşmır. Bank of America analitiklərinə görə, bəzi Yaxın Şərq neft ixracatçı ölkələri də müəyyən hallarda bu aktivləri sataraq gəlir axınlarını balanslaşdırmağa çalışır. Hərçənd onların ümumi payı nisbətən kiçikdir.
Eyni zamanda dolların güclənməsi digər valyutalara təzyiq yaradır və mərkəzi banklar valyuta bazarına müdaxilə edərək öz valyutalarını qorumağa çalışır. Bu isə əlavə dollar satışını və dolayısı ilə Xəzinə qiymətli kağızlarının satışını artırır.
Amma ən maraqlı məqam davranış dəyişikliyidir. Normalda böhran dövrlərində investorlar pullarını sakit liman (safe haven effekti) rolunu oynayan aktivlərə (ABŞ dövlət istiqrazları, qızıl, ABŞ dolları və s.) yatırılar. Ancaq indi isə əksinə satışlar müşahidə olunur. Bu isə göstərir ki, qlobal maliyyə sistemi artıq likvidlik və balans baxımından daha həssas mərhələyə daxil olur".
Geri qayıt |