Əsas Səhifə > Dünya > Solovyov söyüş söyməkdə böyüklərindən nümunə götürüb...
Solovyov söyüş söyməkdə böyüklərindən nümunə götürüb...Bu gün, 16:46 |
|
Rusiya rəsmilərində ədəb-ərkandan əsər-əlamət qalmayıb, küçə xuliqanları səviyyəsində açıqlamalar verir, xalqların seçdikləri müxtəlif ölkələrin liderlərini təhqir edirlər. Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, keçmiş prezident və keçmiş baş nazir Dmitri Medvedev Ermənistanın baş naziri Nikol Paşinyanın Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvandakı görüşünü “iki beyinsiz rusofob” ifadəsiylə şərh edib. Medvedevin təhqirə keçməsinin səbəbi iki liderin danışıqları rus dilində deyil, ingilis dilində aparması olub. Medvedev hər iki liderin ingilis dili səviyyəsini də məzhəkəyə qoyub. Görünür, Rusiyanın dövlət kanalında siyasi proqramın aparcısı olan Vladimir Solovyov söyüş söyməkdə böyüklərindən nümunə götürüb.
Kreml sahibi və onun ətrafı keçmiş SSRİ-nin tarixdə qaldığını qəbul etmək istəmir. Rusiya imperiyasının bərpası xülyasıyla yaşayanların “məntiqinə” görə, keçmiş SSRİ liderləri öz aralarında ancaq rus dilində danışmalıdırlar. Bunun özü imperiya təfəkkürünün tərənnümüdür. Liderlər arasında rus dilində danışan da, ingilis dilinə üstünlük verən də var. Ukrayna əraziləri Rusiyanın işğalı altındadır, müharibə tam şiddətiylə davam edir, Ukraynanın şəhər və qəsəbələri bombalanır, mülki insanlar həlak olur, belə olan halda Prezident Volodimir Zelenski niyə həmkarlarıyla işğalçının dilində danışmalıdır?
Müəllif: Elxan Şahinoğlu - "DİA-AZ"
Geri qayıt |