Əsas Səhifə > Hadisə / Manşet > Naxçıvanda vətəndaşlara YENİ TƏLƏ: `Cibimizi soyurlar...`
Naxçıvanda vətəndaşlara YENİ TƏLƏ: `Cibimizi soyurlar...`Bu gün, 10:55 |
Naxçıvanda abonentlərin cibinə girmək üçün yerli Dövlət Energetika Xidməti ağıla gələn və gəlməyən müxtəlif üsullardan istifadə edir. İndi də, xidmət əməkdaşları ağıllı sayğaclara kənardan müdaxilə edib, sərfiyyatı süni şəkildə iki, bəzən də üç qata çıxarırlar. Bu haqda “Gündəlik Naxçıvan”a yerli sakinlər məlumat veriblər.
Şikyatəçilər deyirlər ki, məsələn, əvvəl kartların 20 manat yükləyib, bir ay elektrikdən istifadə edə bilirdilər. İndi isə, eyni cihazlardan eyni qaydada istifadə etsələr də, həmin məbləğ cəmi 15 günə yetir. Bəzi hallarda isə, karta yüklənən məbləğ bir gün sonra müəmmalı şəkildə yoxa çıxır.
Naxçıvan şəhər Qoçüstü Məhəllədə yaşayan İslam Kərimov da şikayətçilərdəndir. O deyir ki, qanunsuzluqla bağlı xidmətə şikayət etsə də, əsası olmayan cavab alıb:
“Ədətən, smart karta 20 manat yükləyəndə bir aydan artıq elektrikdən istifadə edə bilirdik. Evdə çox olmadığımız üçün elektrikdən də çox istifadə etmirik. Kondinsonerimiz də yoxdur. İyun ayında karta 20 manat yüklədim, bir neçə gündən sonra işıqlar kəsildi. Sayğaca baxdım ki, limit bitib. Təccüb etdim, agentliyə zəng etdim. Dedilər ki, yəqin limiti keçmisiniz və ikiqat yazıb. Ayın sonu gəlib baxacaqlarını bildirdilər. Sonradan bəlli oldu ki, sayğaclar elektron olduğu üçün agentlik fırıldaq edərək abonentləri soymaqla məşğuldur. Dəfələrlə zəng etməyimizə baxmayaraq gəlib sayğaclara baxmırlar. Biz isə işıqlar yansın, yayın istisində soyuducular işləsin deyə məcburuq ki, karta pul yükləyək.”
Şəhərin Təbriz küçəsində yaşayan S. Mehdiyev də Agentliyinin son zamanlar qanunsuz şəkildə abonentlərin cibinə girməsindən şikayətlənib:
“İşıqlarımız kəsilmişdi. Sayğacı yoxladım ki, limit yoxdur. Smartkarta 10 manat pul vurdum. Gətirib sayğaca yüklədim, işıqlar yandı. Yarım saat sonra işıqlar yenidən söndü. Gedib yoxladım ki, limit yenə bitib. Agentliyə şikayət etdim. Dedilər ki, ayın axırı gəlib baxacağıq. 10 manatı geri istədim, vermədilər. İşıqlar yansın deyə yenidən 10 manat yükləmişəm. 5 gün keçməsinə baxmayaraq hələ də maraqlanan olmayıb. Smart sayğaclara müdaxilə edib, abonentlərin cibinə girib, işlətmədikləri elektrikin pulunu alırlar. Vətəndaşın çoxunun isə bundan xəbəri olmur. Onlara “limiti keçmisən ona görə çox işlədir”,deyib aldadırlar. Şikayətlərə isə baxan yoxdur.”
Geri qayıt |