Əsas Səhifə > Partiya > "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.."
"Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.."Bu gün, 04:30 |
Xəbər verildiyi kimi, Türkiyədə “Terrorsuz Türkiyə” siyasi təşəbbüsünün tərkib hissəsi kimi “PKK” terror təşkilatının 47 ildən sonra silah buraxma prosesinə rəsmən start verilib. Prosesə şimali İraqdakı Kandil dağlarında başlanılıb. İlk simvolik mərasim Süleymaniyyə şəhərində keçirilib. “PKK”-ya yaxın olan xəbər agentliklərinin verdiyi məlumata görə, mərasimə 15 qadın və 15 kişi olmaqla ümumilikdə 30 təşkilat üzvü qatılıb. Bəs görəsən, proses gözlənilən nəticəni verəcəkmi? “PKK”-nın “YPG”, “PYD”, “PEJAK” digər qollarının taleyi necə olacaq?..
AMİP-in fəxri lideri Etibar Məmmədov Moderator.az-a verdiyi açıqlamada, “PKK”-nın silahlarını təhvil verməsinin Türkiyə və region üçün uzunmüddətli sülhə gətirəcəyini düşünmədiyini bildirib. Partiya sədri bu cür addımların yalnız müvəqqəti həll ola biləcəyini, çünki “PKK”-nın siyasi məqsədlərindən hələ əl çəkmədiyini vurğulayıb:
"Təbii ki, silahların təhvil verilməsi yaxşı bir addımdır, amma “PKK” hələ də siyasi məqsədlərindən əl çəkməyib və bu, təhlükə yaradır. Təhlükə də ondan ibarətdir ki, onlar hətta silahları təhvil verdikdən sonra belə, siyasi arenada öz mövqelərini gücləndirməyə çalışacaqlar. Və bu, onları hələ də təhlükəli edir."
E.Məmmədov “PKK”-nın içərisində terrorçuluqla əlaqəli, cinayət törətmiş kifayət qədər şəxslərin olduğunu da diqqətə çatdırıb:
"Bu şəxslərə münasibət necə olacaq? Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq? Bu, hələ qeyri-müəyyəndir. Əslində, onlar həmişə müəyyən siyasi məqsədlər üçün istifadə edilib və bu, təkcə Türkiyə üçün deyil, region üçün də ciddi təhdid ola bilər. Bu baxımdan Türkiyə cəmiyyətinin münasibəti də birmənalı deyil. Çünki əslində bu, “PKK” tərəfindən tam təslimiyyət kimi anlaşılmır. Sanki bir bazarlıq edib MHP-nin rəhbərliyi ilə ümumi ortaq məxrəcə gəliblər və bunun nəticələri qeyri-müəyyəndir".
Siyasi şərhçi, “PKK”-nın silahlarını təhvil verməsinin tezliklə müsbət nəticələrə gətirəcəyini düşünmədiyini qeyd edib: “Çünki bu təşkilatın digər qanadları və gizli bazaları hələ də mövcuddur. Silahlar təhvil verilsə də, bu o demək deyil ki, “PKK”-nın bütün fəaliyyətləri dayandırılıb. 50 ilə yaxın fəaliyyət göstərən o boyda terrorçu təşkilatın tərksilah olması asan məsələ deyil. Həm də ona görə ki, “PKK”-nın istər canlı qüvvələri, istərsə də silahları hansısa bir rəsmi qurum tərəfindən qeydiyyata alınmayıb. Odur ki, 5-10 avtomatın, qumbaraatanın təhvil verilməsi ilə məsələ bitmir. Bundan əlavə, onların silahlarının bir hissəsini təhvil versələr belə, “PKK”nın gizli hücrələri və komanda heyətləri hələ də mövcuddur. Bütün bunların hamısının müəyyən edilib sülh yoluyla zərərsizləşdirilməsi, zənnimcə, çox uzun və ağır proses ola bilər."
Etibar Məmmədov “PKK” və onun müxtəlif qanadlarının gələcəkdə hansı mövqeyə gələcəyinin də qeyri-müəyyən olduğunu, bu məsələdə siyasi iinkişafların önəmli rol oynayacağını bildirib:
“Unutmaq olmaz ki, dediyiniz kimi, “PKK”-nın Suriya, İraq və İranda fəaliyyət göstərən ““YPG”, “PYD”, “PEJAK” kimi müxtəlif qolları da və həmin qolların gələcəyi, onların hansı yollarla zərərsizləşdiriləcəyi də hələ məlum deyil...”
Geri qayıt |