Əsas Səhifə > Cəmiyyət / Manşet > BU NƏDİ BELƏ: Gəray Gəraybəyli Tibb Universitetinin laboratoriya müdiri ilə müqavilə bağladı

BU NƏDİ BELƏ: Gəray Gəraybəyli Tibb Universitetinin laboratoriya müdiri ilə müqavilə bağladı


Bu gün, 11:00

Azərbaycan Tibb Universitetinin nəzdində Tədris Terapevtik Klinikası 08.08.2025-ci ildə dövlət satınalmalarının portalında elan yerləşdirirb. Elanda deyilir:

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası tərəfindən 26.05.2025-ci il tarixində elan olunmuş “Laboratoriya xidməti” ilə bağlı açıq tender elanın qalibi “Medlab Şamaxı” Məhdud Məsuliyyətli Cəmiyyəti (Ünvanı- Şamaxı şəhəri, Gənclər küçəsi 15, .) müəyyən edilmişdir. Qalib təşkilatla dəyəri 411.471,70 AZN (dörd yüz on bir min dörd yüz yetmiş bir manat 70 qəpik) olan müqavilə bağlanmışdır.

Aktualinfo.org bu elan ətrafında geniş araşdırma apardı. Məlum oldu ki, “Medlab Şamaxı” MMC 2023-cü ildə TƏBİB-ə tabeli 3 xəstəxanada laboratoriya şöbəsinin yenidən təşkil olunması və standartlaşdırılması məqsədi ilə keçirilən tenderlərin qalibi olub və 700 min manat dəyərində sifariş alıb.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MEDLAB ŞAMAXI” (VÖEN- 8401382041) Məhdud Məsuliyyətli Cəmiyyətinin 4 saylı Ərazi Vergilər İdarəsində 29.04.2019-cu il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin hüquqi ünvanının ŞAMAXI RAYONU, GƏNCLƏR, ev.15, qanuni təmsilçisinin isə İskender Karaltı olduğu göstərilir.

Reyestr məlumatlarına edilən dəyişiklikdə MMC-nin təsisçisi və ilk qanuni təmsilçisinin Türkmən Hüseyn olduğu göstərilir. Bədəlov Emil Veysəl oğlu (hazırda, 23.01.2025-ci il tarixdən Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsi daşıyır), Soltanov Rüstəm Vaqif oğlu, Qarayev Vüsal Bəybala oğlu MMC-yə müxtəlif vaxtlarda qanuni təmsilçilik etmişlər.

MMC-yə vergi öhdəlikləri üzrə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırkı günə MMC-nin 6641.19 manat vergi borcu var. Açıq məbələrdə şirkət haqqında məlumatlar bu qədərdir.

Apardığımız ətraflı araşdırma zamanı məlum oldu ki, MMC-nin hazırki qanuni təmsilçisi İskender Karaltı həm də Azərbaycan Tibb Universitetində laboratoriya müdiri kimi fəaliyyət göstərir. Açıq internet resusrslarında onun “Sağlam Ailə” Tibb Mərkəzinin ötən il İnstaqram sosial şəbəkəsində yaydığı məlumatda bildirilir ki, “Sağlam Ailə olaraq, akademik konsultantımız və tanınmış mütəxəssis Dos. Dr. İskender Karaltı ilə məhsuldar bir görüş keçirdik. Dr. Karaltı, Azərbaycan Tibb Universitetində laboratoriya müdiri kimi fəaliyyət göstərir və 70-dən çox elmi məqaləyə imza atmışdır. Görüşün əsas məqsədi laboratoriyamızda davamlı və dayanıqlı keyfiyyəti təmin etmək, yeni xidmət çeşidlərinin aktivləşdirilməsi ilə bağlı təklif və imkanları dəyərləndirmək idi.”

Göründüyü kimi Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetində laboratoriya müdiri kimi fəaliyyət göstərən və “Medlab Şamaxı” Məhdud Məsuliyyətli Cəmiyyətin qanuni təmsilçisi olan İskender Karaltı ilə satınalma müqaviləsi bağlayıb. Amma gəlin görək qanun buna yol verirmi.

“Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1. maddəsində göstərilir ki, Təchizatçıların aşağıdakı hallarda (satınalma predmetinin yalnız hər hansı konkret təchizatçıda olduğu, yaxud satınalma predmetinin əvəzedicisi və alternativi olmadığı hallar istisna olmaqla) satınalmalarda iştirakına yol verilmir: 6.1.1. təchizatçının satınalan təşkilatdan və ya satınalan təşkilatla təchizatçının eyni qurumdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olduqda; 6.1.2. təchizatçılardan biri digərinin benefisiar mülkiyyətçisi olduqda, yaxud təchizatçıların azı ikisi eyni benefisiar mülkiyyətçinin nəzarətində olduqda; 6.1.3. təchizatçılardan biri digərinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı olduqda, yaxud təchizatçıların azı ikisinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı eyni şəxs olduqda;

Belə olan halda, “Medlab Şamaxı” Məhdud Məsuliyyətli Cəmiyyətin qanuni təmsilçisi İskender Karaltı Azərbaycan Tibb Universitetində laboratoriya müdiri, yəni sözügedən universitetin idarəetmə orqanının üzvü olduğu halda satınalmalarda iştirakına necə yol verilib?

Burada maraqlı bir məqam da var. Məlum olduğu kimi Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası ən son,müasir tibbi avadanlıqlarla təchiz olunmuş bir tibb müəssisəsidir. Şamaxı şəhərində fəaliyyət göstərən “Medlab Şamaxı” MMC-nin ən son,müasir tibbi avadanlıqlarla təchiz olunmuş Tədris Terapevtik Klinikasına labaratoriya xidmətinin göstərməsi bir az müəmmalı görsənmirmi?

Bu və buna bənzər suallara aydınlıq gətirilməsini Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəylidən xahiş edirik. Azərbaycan Tibb Universitetində laboratoriya müdiri İskender Karaltı elə Tibb Universitetinə tabeli Tədris Terapevtik Klinikasına 411.471,70 manata nə kimi labaratoriya xidməti göstərəcək? İskender Karaltı bu xidməti elə Tibb Universitetində laboratoriya müdiri kimi göstərə bilməzdimi? Bu müqavilə nədən “Medlab Şamaxı” MMC ilə bağlanıb? Bu bir satınalma müqaviləsindən daha çox əvvəlcədən planlaşdırılmış, razılaşdırılmış bir əməliyyat deyilmi? “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu buna yol verirmi?

Aktualinfo.org


Geri qayıt