Əsas Səhifə > Güney Press > Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür:

Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür:


Dünən, 18:17
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür:
Bakı şəhəri, Bayıl qəsəbəsi, Dağlıq küçəsi, 24 ünvanında yerləşən və 1882-ci ildə Nobel qardaşları tərəfindən inşa edilmiş tarixi bina plana düşüb.

Pravda.az xəbər verir ki, Lent.az-ın müxbiri əraziyə gedərək araşdırma aparıb.

Sakinlərin sözlərinə görə, rəsmi qurumlar binanın qəzalı vəziyyətdə olduğunu əsas gətirir, bildirirlər ki, divarları çat-çatdır və təhlükə yaradır. Artıq binanın bir hissəsi çökərək qonşu evin damına ciddi ziyan vurub. Ev sakinləri təxliyə ediliblər. Binanın pilləkənləri dağılıb və təhlükəli vəziyyətdədir. Çatlamış beton parçaları binanın həyətindən keçənlər üçün təhlükə yaradır. Sakinlər narazıdırlar ki, hər an beton parçaları qopub özlərinin, uşaqlarının başına düşə bilər.

Hazırda sakinlərin bir qismi evlərindən köçürülüb, lakin digərləri onlara təklif olunan məbləğ - hər kvadratmetr üçün 1550 manat - ilə razılaşmırlar. Sakinlər bu qiymətin onların yeni ev almaq imkanlarını təmin etmədiyini deyirlər. Onlar bildirirlər ki, bura şəhərin mərkəzinə çox yaxındır və ödənilən kompensasiya ilə ancaq Bakı kəndlərindən ev almaq mümkündür.

Sözügedən küçədə yaşayan Vasif Ələkbərov da vəziyyətdən narazılığını bildirir. Onun evi tarixi binadan cəmi iki metr məsafədə yerləşir və söküntü zamanı evinə zərər dəyməsindən ehtiyat edir. Vasif Ələkbərovun sözlərinə görə, evinin plana daxil edilmədiyi bildirilib, lakin faktiki olaraq çox yaxın məsafədə yerləşdiyi üçün təhlükə altındadır.

Sakinlər aidiyyəti qurumlardan məsələ ilə bağlı daha şəffaf yanaşma, qiymətləndirmələrin yenidən aparılması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tələb edirlər. Hazırda ərazidə narahatlıq hökm sürür.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət ünvanlanıb. Hələlik müraciətə cavab verilməyib.

Qeyd edək ki, Nobel qardaşları 1870-ci illərdə Bakıya gələrək "Branobel" (Nobel Brothers Petroleum Company) adlı şirkəti qurublar. Bu şirkət qısa zamanda Qafqazın ən böyük neft şirkətlərindən birinə çevrilib.

Neftin çıxarılması, emal və ixrac üçün müasir və dayanıqlı infrastruktur lazım idi. Nobel qardaşları yalnız neft quyuları deyil, zavodlar, anbarlar, ofis binaları, dəmir yolları və yaşayış kompleksləri də inşa ediblər.

Onlar işçilər üçün yaşayış evləri, məktəblər, xəstəxanalar və istirahət mərkəzləri də tikiblər.

Geri qayıt