Əsas Səhifə > Güney Press > İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi?

İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi?


Dünən, 10:44
İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi?
İrandan gizli yolla Naxçıvana gətirilən mallar məhkəmə qərarı əsasında müsadirə olunub.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, bu il aprelin 19-da saat 15:20-də “Culfa” gömrük postu vasitəsilə İran İslan Respublikasından gələn və Naxçıvan Muxtar Respublikasının ərazisindən tranzit keçməklə Türkiyəyə “alma şirəsi” yükü aparan İran vətəndaşının idarə etdiyi “VOLVO FH 500” markalı yük nəqliyyat vasitəsində gömrük yoxlaması aparılıb.

Yoxlama zamanı həmin yük nəqliyyat vasitəsinin kabin hissəsində ön idarəetmə panelindəki havalandırma kanalının içərisində gizlədilmiş 60 qutu (1200 ədəd) “Pall mall” markalı və kabin hissədə olan alt yatağın arxasında gizlədilmiş 60 qutu (1200 ədəd) “Oscar” markalı olmaqla, ümumilikdə 120 qutu (2400 ədəd) Azərbaycana məxsus məcburi nişanlanma ilə nişanlanmayan siqaretlər aşkar edilib və qablaşdırılıb.

İran vətəndaşı 1987-ci il təvəllüdlü şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin 480-ci (malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsi) maddəsi ilə protokol yazılıb.

İş baxılması üçün Culfa Rayon Məhkəməsinə göndərilib.

Hakim Mehrab Məmmədovun sədrliyi ilə keçirilən iclasda qərar elan edilib. Qərara görə, İran vətəndaşı İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib.

İnzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, “Pall Mall” markalı 60 qutu (1200 ədəd) (bir qutunun qiyməti 2.50 manat), “Oscar” markalı 60 qutu (1200 ədəd) (bir qutunun qiyməti 2.00 manat) siqaretlər müsadirə edilib.

Geri qayıt