
Yaz fəslinin gəlməsi və aramsız yağan yağışlardan sonra Şəki rayonunun bir neçə kəndlərinin ərazisində yerləşən tumlu-çəyirdəkli meyvə bağlarında karantin tətbiq edilən göbələk mənşəli Qonur monilioz çürümə xəstəliyi aşkarlanıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, son günlər Şəkinin Çeşməli və Öryət kəndləri ərazisindəki iri meyvəçilik təsərüfatlarında bir sıra xəstəliklərin yayılması ilə bağlı məlumatlar yer alır. Xəstəliyin qeyri-sabit hava şəraitindən yaxud digər amillərdən baş verməsi hələlik bəlli deyil.
Məsələni araşdırmaq məqsədi ilə Çeçməli kəndində olduq. Tingçilik sahəsində böyük və geniş təcrübəyə malik Nəfiə Əsədovanın təsərrüfatındayıq. Uzun illərin təcrübəsinə əsaslanan xanım bildirir ki, aprel və may aylarında əksər meyvə ağaclarının çiçəkləmə və bar vermə dövrüdür.
Elə ötən ay olduğu kimi bu günlərdə də vaxtaşırı olaraq yağış yağması ilk növbədə meyvə ağaclarına öz təsirini göstərir:
“Bax gördüyünüz bu şaftalı ağacı məsələn tez xəstəliyə tutulur. İstər yağış olsun, olmasın 15-20 sm göyərdikdən sonra, onun yarpaqları başlayır qıvrılmağa” deyən təsərrüfat sahibi meyvə toxumlarından cücərən gələcək tinglərin də bəzilərində xəstəliklərin müşahidə edildiyini bildirir.
 Nəfiə Əsədova davamlı yağışlar səbəbindən ağacların dərmanlanmasında da bir sıra çətinliklər yaşandığını bildirir.
Kəndin digər hissəsində yerləşən başqa bir təsərrüfata da baş çəkirik. 67 yaşlı Qüdrət Əhmədov ata-babadan meyvəçiliklə dolandıqlarını, ənənənin bu gün də davam etdirildiyini bildirir. Təsərrüfat sahibinin sözlərinə görə kəndlər qurunt suların cəmləndiyi məkanda yerləşdiyindən, eləcə də yağışların aramsız yağması bağlarda xəstəliklərə yol açır. Qüdrət Əhmədov onu da əlavə edir ki, ən başlıca qayğıları dərmanlara qarşı birgə mübarizənin aparılmamasıdır.
 “Meyvə ağaclarında elə xəstəliklər var ki, onların heç dərmanla müalicəsi mümkün deyil. Gərək onu təmizləyib yandırasan. Tullamaqla da olmaz, çünki tullasan o xəstəlik yayılır. Onlar gərək çıxarılıb yandırılsın və yenisi əkilsin. Dərmanlar da bu gün o effekti vermir. Deyiləndən 3 dəfə artıq dozada qatırsan yenə də xeyri yoxdur”- deyə Qüdrət Əhmədov fikrini belə əsaslandırır.
Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Şəki rayon Mərkəzinin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Tələt Mehdiyev Bizim.Media-ya bildirib ki, Şəki rayonunun ərazisində 8 min hektara yaxın meyvə və 307 hektar üzüm bağı var.
 Bu bağların əksəriyyəti vətəndaşlara məxsus fərdi həyətyanı sahələrdədir. Keçirilən monitorinq zamanı bağçılıq təsərrüfatlarında Qəhvəyi mərmər bağacığı, Şaftalı meyvəyeyəni, Qərb çiçək tripsi və Şərq meyvəyeyəni kimi karantin tətbiq edilən zərərvericiləri müəyyənləşdirilib və feromon tələlər asılıb.
Tələt Mehdiyev qeyd edib ki, fermerlərin vaxtında tədbir görməsi ilə xəstəliyin də qarşısını almaq mümkündür:
“Havaların qeyri-sabit keçməsi digər kənd təsərrüfatı bitkilərində olduğu kimi meyvə və üzüm bağlarında əhəmiyyətli dərəcədə xəstəliklərin yayılmasına şərait yaradır. Monitorinq tədbirləri çərçivəsində hələ ötən ildən Qonur monilioz çürümə xəstəliyi aşkar edilib. Qeyd edim ki, mailioz xəstəliyi əvvəldən də Şəkidə müşahidə edilirdi və bir neçə növü var. Xəstəliyə qarşı fermerlər məlumatlandırılıb, aşkar olunan ərazilərdə mübarizə tədbirləri intensivləşdiriib və təhlükə aradan qaldırılıb”.
 Tələt Mehdiyev digər kənd təsərrüfatı sahələrindən fərqli olaraq meyvə bağlarına il boyu qulluq göstərilməsinin vacibliyini də diqqətə çatdırırb. O, təsərrüfat sahiblərinə aqrotexniki tədbirlərlə bağlı tövsiyyələrə ciddi əməl etməli olduqlarını bildirib. Belə ki, fermerlər təsərrüfatlarında infeksiya mənbəyi olan tökülmüş meyvələrin, yarpaqların, həmçinin alaq otlarının sahədən kənarlaşdırılması, bitki diblərinin və cərgə aralarının dərin şumlanması, ağacların qurumuş budaqlardan, köhnə qabıqlardan təmizlənməsi, qışda bir dəfə sahənin bol suvarılması, yazda gövdələrin əhənglə ağardılması və sair işləri həyata keçirməlidir.



Geri qayıt
|