Əsas Səhifə > Güney Press > Mərkəzi Bank sükutdadır: Neftin ucuzlaşması fonunda suallar artır

Mərkəzi Bank sükutdadır: Neftin ucuzlaşması fonunda suallar artır


Dünən, 14:47

Son günlər dünya bazarında neftin qiymətinin ucuzlaşması ciddi müzakirə mövzusuna çevrilib. Londonun "ICE Futures" birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti 65,03 dollar/barelə bərabər olub. Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda iyun ayı üçün WTI markalı neftin fyuçersləri 62,18 dollar/barel təşkil edib. "BOK Financial"ın rəhbəri Dennis Kissler bildirib: "OPEC+ hasilatının gözlənilən artımı və İranın nüvə sazişinin əldə olunması ehtimalının artması, aşağı qiymətləndirməyə səbəb olub. Neft qiymətlərinin qlobal bazarda dəyişməsi, xüsusilə neft ixrac edən ölkələr üçün mühüm iqtisadi risklər yaradır. Azərbaycan kimi iqtisadiyyatı əsasən enerji sektorundan, xüsusilə xam neft ixracından asılı olan ölkələr üçün bu dəyişikliklər birbaşa maliyyə sabitliyinə və milli valyutanın məzənnəsinə təsir göstərir. Neftin ucuzlaşması kontekstində yaranan devalvasiya narahatlığı həm iqtisadi, həm də sosial aspektlərdə özünü göstərir. Bəzi ekspertlərin fikrincə, neft gəlirlərinin azalması Azərbaycan manatı üçün risk yaradır. Xüsusilə psixoloji faktorlar — yəni əhalinin və biznes subyektlərinin gözləntiləri — bazarlarda panika yarada, valyutaya tələbi süni şəkildə artıra və spekulyativ dalğalanmalara səbəb ola bilər. Neftin ucuzlaşması fonunda valyuta bazarındakı dalğalanmalar fonunda hökumətin mövqeyi və mümkün addımları əsas müzakirə predmetidir.
 
Gerçək vəziyyət nədən ibarətdir? Üzən məzənnəyə keçilə bilərmi? Həqiqətən devalvasiya gözlənir, yoxsa bu, real deyil?
 
İqtisadçı Elçin Rəşidov deyib ki, neft gəlirləri ilbəil azalır və yaxın zamanlarda artacağı gözlənilmir:
“Artıq post-neft dövrünə yaxınlaşırıq, buna hazırlaşmalıyıq. Digər tərəfdən, yanlış iqtisadi siyasət nəticəsində ölkəmiz “Holland” xəstəliyinə tutulub. Əsas əlamət odur ki, neftdən kənar digər sektorlar batır. Hazırda qeyri-neft sahəsi qonşu ölkələrlə müqayisədə pis vəziyyətdədir. Həmçinin, iqtisadiyyata daxil olmayan gəlirlər Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən yaxşı idarə olunmur. Gəlirlilik qoyulan investisiyalar üzrə çox aşağıdır. Məsələn, S&P qiymətli indeksli kağızlara qoyulsaydı, gəlirlilik 10 dəfə yüksək olardı. Paralel olaraq, ölkə iqtisadiyyatına daxil olan neft gəlirləri də səmərəli şəkildə istifadə olunmayıb, kənd təsərrüfatını subsidiya ilə boğublar, fermerlər gübrə almaq əvəzinə, hətta onu nağd pula çevirirlər, bu sahədə məhsuldarlıq digər sektorlardan 10 dəfə azdır. Eyni zamanda, digər qabaqcıl sahələr yüksək vergiyə məruz qalır. Ona görə də ölkəmiz istər neft, istərsə də kənd təsərrüfatı sahəsində xammal istehsalçısıdır”.
 
İqtisadçı bildirib ki, Azərbaycanda 8 ildir, dolların qiyməti sabit saxlanılır:
“Bu da ölkədə qeyri-neft sektorunun formalaşmasının qarşısını alan amillərdən biridir. Biz üzən məzənnə rejiminə keçməliyik, bu, devalvasiyanın qarşısını alar. Eyni zamanda ölkəyə makroiqtisadi sabitlik gətirər. Bilirsiniz, inflyasiya ölkədə real sektorun rəqabət qabiliyyətini, onun ixrac potensialını aşağı salır. Dolların məzənnəsinin sabit saxlanması imkan vermir ki, inflyasiya təzyiqi məzənnəyə ötürülsün və yenidən qeyri-neft sektorunun rəqabət qabiliyyətini bərpa etsin. Dolların qiymətinin sabit saxlanılması ağrıkəsicidir və problemin həlli deyil”. (Globalinfo)
 
İqtisadçı-ekspert Natiq Cəfərli də hesab edir ki, dünya bazarlarında neftin qiymətinin ucuzlaşması, təbii ki, Azərbaycanın iqtisadiyyatına da müəyyən təsirlər göstərəcək. İqtisadçı “Sherg.az”a açıqlamasında bildirib ki, Azərbaycan iqtisadiyyatı hələ də xeyli dərəcədə neft gəlirlərindən asılıdır və enerji daşıyıcılarının ixracından əldə edilən gəlirlər dövlət büdcəsinin və xarici ticarət balansının əsas mənbələrindəndir. Bu baxımdan, neftin qiymətində yaranan enişin ölkə iqtisadiyyatına və büdcə gəlirlərinə təsir göstərməsi qaçınılmazdır. Bununla belə, ekspert qeyd edib ki, burada əsas məsələ neftin ucuzlaşmasının qısamüddətli, yoxsa uzunmüddətli xarakter daşımasıdır:
“Əgər bu proses müvəqqəti xarakter daşıyırsa, dövlət müəyyən ehtiyatlardan istifadə etməklə vəziyyəti sabit saxlaya bilər. Lakin neftin qiymətinin uzun müddət aşağı səviyyədə qalması, şübhəsiz ki, daha ciddi iqtisadi və maliyyə tədbirlərinin görülməsini zəruri edəcək. Hazırda manatın məzənnəsinə birbaşa təzyiq müşahidə olunmasa da, dolayısı təsirlər artıq hiss olunmaqdadır. Belə ki, neft gəlirlərinin azalması dövlət büdcəsinin gəlir hissəsini və valyuta daxilolmalarını azalda bilər ki, bu da müəyyən mənada manata olan təzyiqi artıra bilər. Amma hələlik inzibati məzənnə rejimi qüvvədə olduğuna görə, bu təsirlər məzənnədə birbaşa dəyişikliklə özünü göstərmir”.
 
Ekspertin fikrincə, cari ildə — yəni 2025-ci ildə — manatın məzənnəsi ilə bağlı hər hansı kəskin dəyişiklik və ya qərarların verilməsi gözlənilmir. Çünki həm məzənnə inzibati üsullarla tənzimlənir, həm də 2025-ci ilin dövlət büdcəsi və iqtisadi parametrləri artıq təsdiqlənib və həyata keçirilməyə başlanılıb. Üstəlik, artıq ilin ortasına yaxınlaşırıq və bu mərhələdə kəskin dəyişikliklərin baş verməsi ehtimalı çox aşağı qiymətləndirilir:
“Bununla belə, əgər neftin qiymətində davamlı eniş müşahidə olunarsa və bu tendensiya ilin sonuna qədər qorunarsa, 2026-cı ildə hökumət və Mərkəzi Bank qarşısında yeni reallıqlara uyğun olaraq monetar və fiskal siyasətdə düzəlişlər etmək zərurəti yarana bilər. Bu da o deməkdir ki, manatın məzənnəsində müəyyən dəyişikliklər qaçılmaz ola bilər və valyuta siyasətində daha çevik yanaşmalara ehtiyac duyula bilər”.

Geri qayıt