Əsas Səhifə > Güney Press / Partiya > "Bu çox mənfi bir presedent yaradacaq"

"Bu çox mənfi bir presedent yaradacaq"


Dünən, 19:46

“Bildiyiniz kimi, mayın 19-da Putinlə Tramp arasında Ukraynada uzunmüddətli atəşkəsə nail olunmasıyla bağlı növbəti telefon danışığı oldu. Ondan əvvəl isə Rusiya və Ukrayna nümayəndələrinin İstanbulda görüşü olmuşdu. Sizcə, bu templə, bu gedişlə, ABŞ prezidenti Ukraynada sülhün əldə olunması istiqamətində nəyəsə nail olacaqmı?”

 

Bu sualla müraciət etdiyimiz Milli İstiqlal Partiyasının fəxri sədri Etibar Məmmədov Moderator.az-a açıqlamasında aşağıdakıları söyləyib: 

 

“Əslində Trampın prezidentliyə başlayandan apardığı siyasət bütövlükdə dünya üçün təhlükəli bir siyasətdir. İkinci Dünya savaşından sonra dünyada bir düzən yaranıb, Birləşmiş Millətlər Təşkilatı yaranıb, onun qaydaları, nizamları müəyyənləşib. Həmin qaydaların ən əsaslarından biri də odur ki, hərbi güc hesabına, başqa sözlə, hərbi təcavüz əsasında başqalarının ərazisini özününküləşdirmək olmaz. Və əgər Ukrayna da Rusiyanın işğal etdiyi ərazilərin həmin işğalçı ölkənin ərazisi kimi rəsmiləşdirməsinə məcbur edilərsə, bu çox mənfi bir presedent yaradacaq. Yəni o halda hansı dövlət güclüdürsə, digərinin ərazisini işğal edib özününküləşdirə bilər. Nəticədə əvvəlki beynəlxalq razılaşmalar, o cümlədən də Helsinki razılaşması qüvvədən düşmüş olacaq. Və bu da təcavüzkar dövlətlərə imkan verəcək ki, hərbi güc hesabına öz ərazilərinə genişləndirməyə cəhd etsinlər. Bu isə bütün dünyada sabitliyin pozulması deməkdir. Başqa sözlə, mövcud qaydaların pozulması və yeni qaydaların da formalaşmadığı bir şərait yaranacaq. Tramp isə özünün bugünkü vəziyyətindən çıxış edərək öz adını tarixə salmaq istəyir. Ancaq bu cür tarixə düşmək də faydalı bir şey deyil. Ona görə də onun Putinlə bu cür yumşaq rəftarı və əksinə, Ukraynanı təslimçiliyə məcbur etməsi Rusiyanın daha çox şirniklənməsinə, daha çox tələblər irəli sürməsinə gətirib çıxarır. Bu da Ukraynanın bir dövlət kimi yer üzündən silinməsinə səbəb ola bilər. Putinin tələbləri də ondan ibarətdir ki, Ukraynanın hərbi qüvvələri, siyasi idarəçilik imkanları tamamilə məhdudlaşdırılsın. Bir növ II Dünya müharibəsindən sonra Almaniyanın düşdüyü bir durumdan söhbət gedir... 

 

Bir sözlə, bu gün Ukrayna qarşısında belə tələblər qoymaq qeyri-realdır. Rusiya da getdikcə tələbləri artırır. Ukraynanın da əsas tələbi odur ki, heç olmasa, 30 günlük atəşkəs rejimi elan edilsin. Yəni Rusiya qoşunlarının irəliləməsi dayandırılsın. Əslində heç Rusiya ordusu irəliləyə də bilmir. Onun məqsədi Ukrayna ordusunu tükəndirmək və əhalini müharibə vəziyyətindən bezdirməkdir ki, son nəticədə xalq ayağa qalxıb hakimiyyətə qarşı çıxsın və Zelenskini faktiki Rusiyaya tabe olan bir fiqurla əvəz etsinlər. Bir sözlə, Trampın bu siyasəti davam etdirəcəyi təqdirdə Ukrayna ilə bağlı danışıqlarda müsbət və ədalətli bir nəticə əldə edilməsi perspektivini görmürəm...”


Geri qayıt