
Son illərdə süni intellekt sürətlə inkişaf etdikcə daha çox fəaliyyət sahələrini əhatə edir. Süni intellekt təkcə peşəkar səviyyədə deyil, həvəskar şəkildə də geniş istifadə olunur. Gündəlik həyatımızda da ən yaxın köməkçimizə çevrilmiş süni intellekt təkcə məlumatların təhlilini, dəqiqləşdiriləməsini, mətnlərin tərcüməsini, vəziyyətin proqnozlaşdırılmasını təmin etmir, həmçinin rəsm, bədii ədəbiyyatda da öz məharətini göstərir. Süni intellekt vasitəsilə yazılan şeirlər, bəstələnən mahnılar heç də insan əməyindən geri qalmır.
Bəs görəsən süni intellekt peşəkar bəstəkarların fəailiyyətini kölgədə qoya bilərmi
Məsələ ilə bağlı Bizim.Media-ya danışan bəstəkar Xanım İsmayılqızı süni intellektə güvənmədiyini bildirdi:
“Hər mənada süniliyin əleyhinəyəm”
“Artıq süni intellektin məhsullarını görürük, eşidirik, 3-5 aylıq ömürləri var. Onların ömrü qısadır. Ümid edirəm ki, yeni nəsil arasında təkcə əlləri, ayaqları yox, başı və ürəyi işləyənlər də olacaq. Mən hər mənada süniliyin əleyhinəyəm. Buna görə də süni intellektdən faydalanmaram”.
Bəstəkar süni intellektin məhsullarını son zamanlar artmaqda olan bayağı musiqilərlə müqayisə etdi:
“Elə bu gün də səviyyəsiz ara mahnılarını dinləyən və belə musiqilərə üstünlük verən dinləyici ordusu var. Bu səviyyəsiz sözləri və musiqiləri ki süni intellekt yaratmayıb. Mənə elə gəlir ki, bu mahnıları ortaya çıxaran adamlar, süni intellektdən daha təhlükəlidirlər”.
“Süni intellekt insanlığın sonu deməkdir”
Bəstəkar Gövhər Həsənzadə də süni intellektə qarşı olduğunu deyib. “Təkcə musiqi deyil, kitab, elmi əsər hər hansı süni intellekt məhsulunun əleyhinəyəm. Çünki nəzarətdən çıxmış, müəllif hüquqlarının tənzimlənmədiyi hər şey istinad mərkəzinə çevrilir. Zehni məhsulu təsdiqləyən qurumun və ya müəllifin imzası, möhürü olmalıdır. Süni intellekt insanlığın sonu deməkdir. Onsuz da tam işlək olmayan insan beyninin süqutudur. Süni intellektlə yaradılmış melodiyalar tam olaraq kimə aiddir? Onlarım müəlliflik hüquqları alınıbmı? Süni intellektə adi bir söz qoyursan, sənə tam məhsul verir. O məhsulun yaradıcısı olan insanın bundan xəbəri varmı ki onun beyninin məhsulundan dünyanın harasındasa bir ideya kimi istifadə olunur?
“Süni intellekt hazır məhsulu ortaya qoyur”
Bəstəkar maraq üçün süni intellekti müşahidə etdiyini bildirib:
“Musiqinin harmonik dilini dəyişdirir və insanların təfəkkürünün hazır məhsulunu ortaya qoyur. Düşünürəm ki, hansı inkişaf mərhələsində olursa olsun heç nə təbiətin yaratdığından üstün ola bilməz. Musiqi insanla Tanrı arasında ilahi bir vasitədir, canlı bağlantıdır. Bu qanunauyğunluğu heç bir süni vasitə poza bilməz. Musiqi insanın beynində başlanır və bitir. Süni intellektin yaratdığı melodiyanı ümumiyyətlə yaradıcılıq məhsulu saymıram. O sadəcə ifaçı təfəkkürünün məhsuludur”.
Geri qayıt
|