Əsas Səhifə > Güney Press > Erməni lobbisi dinc dayanmır:

Erməni lobbisi dinc dayanmır:


Dünən, 16:10

ABŞ Dövlət katibi Marko Rubio Senatın Xarici Əlaqələr Komitəsində Azərbaycan və Ermənistan arasında “real münaqişə təhlükəsi”nin olduğunu bildirib. Bu açıqlama konqresmen, ermənipərəst mövqeyi ilə tanınan Kristofer Smitin sualına cavab zamanı səslənib. Smit ABŞ-ın diqqətini Ermənistana yönəltməyə çalışaraq Azərbaycanın “etnik təmizləmə” apardığını iddia edib və insan haqları məsələsi ilə Vaşinqtonu Bakıya təzyiq göstərməyə çağırıb. Rubio isə cavabında ABŞ-ın milli maraqları və diplomatiya arasında balans yaratmalı olduğunu deyərək, bu cür təzyiqlərin Tramp administrasiyası dövründə keçərli olmayacağı mesajını verib. O, həmçinin regionda prioritetin sabitliyin təmin olunması olduğunu vurğulayıb. Rubionun “real münaqişə təhlükəsi” ifadəsi ABŞ-ın bu bəhanə ilə danışıqlara müdaxilə etmək niyyətini də göstərə bilər. Vaşinqtonun iki əsas məqsədi olduğu görünür. Birincisi Azərbaycan-Ermənistan danışıqlarında iştirak etmək. Digər tərəfdən isə Tramp administrasiyasının “sülh vasitəçisi” imicini gücləndirmək. Gözləntilərə görə, növbəti mərhələdə ABŞ dövlət katibi Bakı və İrəvanla birbaşa təmaslara başlaya bilər.
Siyasi Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov Sherg.az-a bildirib ki, ABŞ-nin yeni rəhbərliyi öz xarici siyasətində daha aktual mövzulara baş vurur və onların həlli ilə maraqlanır:
“Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə gedən proseslər, İranın nüvə proqramı və bir sıra məsələlər buraya daxildir. Sanki Cənubi Qafqazda gedən proseslər diqqətdən kənardadır. Lakin Bayden-Blinken cütlüyü demək olar ki, hər həftə Cənubi Qafqaza dair fikirlər söyləyirdilər və sülh prosesinin iştirakçısına çevrilmək cəhdlərini həyata keçirirdilər. Ermənistan Baş naziri Nikol Paşinyan çalışır ki, ABŞ rəhbərliyi əvvəlki dövrdə olan münasibəti sərgiləsin, amma bu, mümkün olmur. Həm diplomatik kanallar vasitəsilə, həm də qanunverici orqan sayəsində Ermənistan lobbi dairələri antiazərbaycan, antitürk mövqeyini ABŞ-də formalaşdırmağa səy göstərir. Əlbəttə, ermənilərin çirkli pullarla ələ aldığı kongresmenlər də dinc durmur və ermənin maraqlarının təminatında əsas rol almağa çalışırlar. Smitin sualı deməyə əsas verir ki, Rubionu Cənubi Qafqaza çəkmək niyyəti mövcuddur. Lakin hesab edirəm ki, Azərbaycan və Ermənistan arasında real münaqişə təhlükəsi yoxdur. Ermənistanın rəhbərliyi də bunu dəfələrlə dilə gətirib. Tiranada keçirilən “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısında hər iki lider arasında dialoqun olması və müsbət mesajlar üşmənçilik ritorikasının geridə qaldığını nümayiş etdirir. Proseslərə müdaxilə etmək üçün münaqişə terminini yenidən siyasi leksikona və dövrəyə gətirmək tamamilə yol verilməzdir. ABŞ-nin hazırki rəhbərliyi daha çox sülhə, təhlükəsizliyə, sabitlik arxitekturasının qurulmasına diqqət ayırmalıdır”.

Geri qayıt