Əsas Səhifə > Güney Press > Anarla şairin məhkəmə qalmaqalı: İddiada dəyişiklik edilib
Anarla şairin məhkəmə qalmaqalı: İddiada dəyişiklik edilibDünən, 16:16 |
Xəbər verdiyimiz kimi, şair İlham Qəhrəman Azərbaycan Yazıçılar Birliyindən (AYB) ayrılması və mənzil bölgüsündə iddia etdiyi haqsızlıqlarla bağlı dərc olunan tənqidi yazısından sonra məhkəməyə verilib. AYB-nin sədri, Xalq yazıçısı Anar Rzayev qarşı tərəfdən 5 000 manat məbləğində maddi təzminat və üzr tələb edir. İş üzrə növbəti məhkəmə iclası baş tutub. Məhkəmənin gedişatı və yeni detallarla bağlı “Cebheinfo.az”-a açıqlamasında şair İlham Qəhrəman bildirib ki, məhkəmə prosesində qarşı tərəfdən heç kim iştirak etməyib. Onun sözlərinə görə, Anar Rzayevin vəkilləri əvvəlki ittihamı dəyişdirərək məhkəməyə yeni ərizə təqdim ediblər: “Qarşı tərəfdən heç kim iştirak etmədi. Məlum oldu ki, onların vəkilləri əvvəlki ittihamı dəyişdiriblər və yeni ərizə təqdim ediblər. İlk iddiada mənim "Kulis"dəki yazımdan 7 fraqmenti “şərəf və ləyaqəti alçaltmaq” kimi qiymətləndirmişdilər. Bildirmişdilər ki, bu cümlələr Yazıçılar Birliyinin nüfuzuna da zərər vurur. Buna görə 5 min manat təzminat, 100 manat məhkəmə xərci və üzr tələb etmişdilər. Bu, birinci məhkəmədəki ittiham idi. Budəfəki iddiada dəyişikliklər edilib. Məlum olub ki, Rəşad Məcidin və müşavir Raufun mənə qarşı irəli sürdüyü iddialar geri götürülüb. 7 fraqmentdən 3-ü çıxarılıb. Anarın isə 4 fraqment üzrə iddiası qüvvədə qalıb. Hakim məni dinlədi və növbəti məhkəmənin mayın 30-da keçiriləcəyini bildirdi. Həmçinin dedi ki, əlilliyim rəsmi sənədlə təsdiqlənməlidir. Mən də sabahı gün sənədləri təqdim etdim. Qanuna görə, dövlət tərəfindən ödənişsiz hüquqi yardım almaq haqqım var və bu barədə məhkəmə qərar verəcək. Anar müəllimin iddialarından biri belədir ki, “İndiyə qədər sədr kimi Anar qədər ədəbi meyarlara məhəl qoymayan ikinci bir adam tanımıram” demişəm. Növbəti məhkəmədə hakim bir daha deyəcək ki, əgər Anarın iddiası varsa, gəlib özü iştirak etsin. Bu, mülki işdir, iştirak edə də bilər, etməyə də. Amma hakim mənə dedi ki, iştirak etmək tövsiyə olunur”. Şair qeyd edib ki, Anar Rzayev onunla bağlı ziddiyyətli açıqlamalar verir: "Ona sual verilib ki, istedadlı şair İlham Qəhrəmanı məhkəməyə vermisiniz, bu haqda nə deyə bilərsiniz? O isə cavab verib ki, onun yaradıcılığını oxumamışam, bu haqda heç nə deyə bilmərəm. Mən də hakimin qarşısında dedim ki, bu adam məni Yazıçılar Birliyinə şəxsən özü qəbul edib, üzvlük biletimi özü təqdim edib. İndi isə deyir ki, bu adamın heç nəyini oxumamışam. Əgər oxumayıbsa, Yazıçılar Birliyinin sədri kimi hansı meyarlara əsasən İlham Qəhrəmanı dəyərləndirə bilər? Necə deyə bilər ki, İlham Qəhrəman necə şairdir, onun yeri Azərbaycan ədəbiyyatında haradadır? Hakim bu sözlərdən sonra vəkilə üz tutdu. Vəkil isə heç nə deyə bilmədi. Mən 30 ilə yaxındır ki, “Ədəbiyyat qəzeti”nin redaksiya heyətinin üzvüyəm. Yazıçılar Birliyindən ayrılsam da, hələ də oranın üzvüyəm. Çoxsaylı kitablarım çap olunub. “Sarı Aşıq”, “Aşıq Alı”, Laçın folkloru və s. üzrə toplular tərtib etmişəm. Amma bütün bunlar Anarın gözündə heç bir dəyər daşımır”. İlham Qəhrəmanın sözlərinə görə, ikinci məhkəmədə hakim bəzi suallar cavab alıb: “Məsələn, 2019-cu ildə 18 laçınlı ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Bakıdakı səfirlikləri qarşısında piket keçirdi. Onlara bəyanat təqdim etdik ki, bu illər ərzində Minsk qrupu Qarabağ məsələsinin həlli istiqamətində heç bir real iş görməyib. Bununla bağlı ABŞ səfirliyindən katib həyətə çıxıb, məni qəbul etdi. Laçınlılar dedilər ki, şair getsin danışsın. Tərcüməçi vasitəsilə məni yarım saat dinlədi. Amma Anar 27 il ərzində məni 2 dəqiqə dinləmədi. Mən vaxtilə cənab Prezidentə yazdığım açıq məktubu da məhkəməyə təqdim etdim. Bildirdim ki, bu məsələ kökündə o məktub dayanır. 2011-ci ildə Anarı biabır edən bir şeir yazmışam. Anar məndən indi onun qisasını alır. Məni oxumayıbsa da, amma həmin məktubu mütləq və dəqiq oxuyub”. Yazıçı Anar məhkəmə ilə bağlı suallarımıza cavab vermək istəməyib. Geri qayıt |