Əsas Səhifə > Güney Press > 4 ayda oğurlanan 6 milyon manat
4 ayda oğurlanan 6 milyon manatBu gün, 18:03 |
"Banklar oğurluq vəsaitin köçürüldüyü ünvanı dərhal bilir. Pul hansı hesaba köçübsə, kart sahibinin ad-soyadı, ünvanı, telefonu həmin banka dərhal bəlli olur". Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Akif Nəsirli son 4 ayda vətəndaşların bank kartlarından 6 milyon manatın oğurlanmasından danışarkən deyib.
Ekspert hesab edir ki, kartlardan vəsaitin oğurlanması hallarının çoxalmasında əsas faktorlardan biri 3 rəqəmli təhlükəsizlik kodunun 16 rəqəmlə eyni səhifədə olmasıdır:
"Bəzi banklar son vaxtlar kartların üstündəki 16 rəqəmin yanında həm də 3 rəqəmli təhlükəsizlik kodunu yerləşdirir. Vətəndaş olaraq biz kartı kiməsə göndərəndə onun əsas səhifəsinin bütöv fotosunu çəkirik. Bu zaman təhlükəsizlik kodu da həmin fotoda yer alır. Kartın fotosunu alan adam 3 rəqəmli təhlükəsizlik kodunu bilən kimi həmin kartdan pul çıxarda bilər".
Akif Nəsirli əlavə edib ki, təhlükəsizlik kodu 16 rəqəmlə eyni səhifədə olmamalıdır:
"Təhlükəsizlik kodu kartın arxa tərəfində olmalıdır. Vətəndaş kartın şəkilini kiməsə çəkib atanda həmin 3 rəqəmli təhlükəsizlik kodu qarşı tərəfin əlinə keçməməlidir. Bizim vətəndaşların 99%-i onun fərqində deyil, kartın fotosun dərhal çəkib qarşı tərəfə atır. Banklar vətəndaşlara kartı təqdim edəndə onları məlumatlandırmalıdırlar ki, bu 3 rəqəmli təhlükəsizlik kodunu heç kimə verməsinlər. Əksinə, banklar 16 rəqəmlə təhlükəsizlik kodunu eyni səhifədə yerləşdirməklə oğurluq hallarına şərait yaradırlar. Düşünürəm ki, bunu aradan qaldırmaq lazımdır".
Akif Nəsirlinin sözlərinə görə, bu artıq yeni məsələ deyil, bir neçə ilin problemidir:
"Kartlarla pensiya almaq, kartların güvənliyinin formalaşması, onun cəmiyyətdə təbliğ edilməsi, insanların maarifləndirilməsi və s. bunun üçün uzun zamana ehtiyac var. İnsanlar problemə bir qədər diqqətsiz yanaşır. Əhalinin böyük əksəriyyəti ya orta məktəbdə oxumayıb, ya da rəqəmsal bilgiləri öyrənmək üçün savada ehtiyacı var. Ən azı insanların məntiqi inkişaf etməlidir. İnsanlar bu kimi təhlükəni nəzərə almalıdırlar. Ona görə də belə hallar baş verir. Amma bu kimi halların baş verməsində yalnız vətəndaşları günahlandırmaq olmaz. Belə hallarda bankların da günahı var. Bəzən banklar bu kimi informasiyaları gec verirlər. Bu kimi halların aşkarlanmasında banklar maraqlı görünmürlər. Əslində banklar daha maraqlı görünməlidirlər".
Akif Nəsirli vurğulayıb ki, xarici ölkələrdə dalbadal şübhəli köçürmələr baş verdikdə dərhal bank kartı bloklayır və kartdan vəsaitin köçürülməsini dayandırır:
"Bu da oğurluğun sayının azalmasına çox ciddi təsir göstərən amillərdəndir. İlk növbədə vətəndaşlar təhlükəsizlik sahəsində maarifləndirilməli, təhlükəsizliyə riayət edilməlidir".
Ötən gün Naxçıvanda "Kiber suverenlik" mövzusunda keçirilən müzakirələrdə DİN-in İnformasiya və Kibertəhlükəsizlik şöbəsinin rəisi Hikmət Məmmədov bildirib ki, son 4 ayda vətəndaşların bank kartlarından 6 milyon manat oğurlanıb. Hər ay təxminən 2 milyon manat talanır.
Geri qayıt |