Əsas Səhifə > Güney Press > Türkiyə və İsrailin qarşı-qarşıya gəlməsi Azərbaycan üçün əlverişli deyil
Türkiyə və İsrailin qarşı-qarşıya gəlməsi Azərbaycan üçün əlverişli deyilDünən, 19:20 |
İsrail və Türkiyə Suriyada hərbi fəaliyyətlərə dair prinsipial razılığa gəliblər. Bu barədə məlumatı İsrailin “Israel Hayom” nəşri yayıb. Məlumata əsasən, razılaşma Azərbaycanda bir neçə həftə ərzində aparılmış danışıqların nəticəsində əldə olunub və iki ölkənin orduları arasında hərbi toqquşmaların qarşısının alınmasına yönəlib. Tərəflər Suriyada İsrail və Türkiyə qüvvələri arasında qarşıdurma riskini minimuma endirəcək prinsiplər üzərində razılığa gəliblər. Bundan əlavə, İsrail və Türkiyə Suriyadakı qüvvələri arasında koordinasiya və insidentlərin qarşısını almaq məqsədilə “qaynar xətt” yaradıblar. Qeyd edək ki, Türkiyə və İsrail rəsmiləri Suriya ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün aprel ayından bəri Bakıda görüşürlər. “Middle East Eye” tezliklə Azərbaycanda İsrail və Türkiyə arasında danışıqların beşinci raundunun keçiriləciyini bildirib. Politoloq Turan Rzayev Sherg.az-a bildirib ki, regionda Türkiyə və İsrail arasında qarşıdurma risqləri mövcuddur: “Tərəflərin kəsişən geostratejik maraqları, regional dəyişən siyasi konfiqurasiyalar iki ölkə arasında vaxtaşırı gərginliklərin yaranmasına gətirib çıxarır. Azərbaycanın vasitəçiliyi ilə tərəflər arasında mühüm razılaşma əldə olundu. İkinci bir razılaşmanın imzalanması rəsmi Bakının Ankara və Tel-Əviv arasında diplomatik fəaliyyətini davam etdirdiyini göstərir. Azərbaycan maksimum dərəcədə çalışır ki, iki ölkə arasında regional problemlər həll olunsun. Türkiyə Azərbaycanın ən yaxın müttəfiqidir, İsrail isə strateji tərəfdaşıdır. Türkiyə və İsrailin qarşı-qarşıya gəlməsi Azərbaycan üçün əlverişli deyil. Azərbaycan belə bir qarşıdurmada tərəf tutacaq vəziyyətə gəlməmək üçün bunun qarşısını əvvəlcədən alır. Suriyada tərəfləri qarşılaşdıracaq faktorlar var. Məsələn, Türkiyə İsrailin Suriyanın ərazi bütövlüyünü pozmasından və müəyyən əraziləri işğal etmək niyyətindən narahatdır. Eyni zamanda, Suriyadakı etnik və dini azlıqların siyasi əməllərdə istifadə olunması məsələsi Suriyanın mövcud hakimiyyətinə təhdiddir və ərazi bütövlüyü baxımından risqdir. İsrail tərəfi isə Türkiyənin Suriyaya tam hakim olaraq siyasi nüfuzunu genişləndirməsindən ehtiyat edir. Digər tərəfdən güclü Suriya İsrailin regional maraqları üçün təhdid yaradır. Azərbaycan prinsipial məsələlər üzərində regional faktorlara əsaslanaraq razılıq əldə edilməsinə nail olub. Lakin bu bütövlükdə Türkiyə İsrail arasında gərginliyin bitməsi mənasına gəlmir”. Geri qayıt |