Əsas Səhifə > Güney Press > Qazaxda “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda elmi-praktiki konfrans keçirilib

Qazaxda “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda elmi-praktiki konfrans keçirilib


Bu gün, 09:31

Respublika Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan olunub.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da “Konstitusiya və Suverenlik İli” silsilə tədbirlərlə qeyd olunur.

Mayın 22-də Qazax Rayon İcra Hakimiyyəti və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Qazax Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, ziyalılar, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil, mədəniyyət, səhiyyə işçiləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tədbiri açıq elan edərək iştirakçıları salamlayıb, təşkil olunmuş tədbirin əhəmiyyətindən söz açıb. C.Hüseynova bildirib ki, müstəqil Azərbaycanın ilk Konstitusiya layihəsinin hazırlanması Respublikamızın tarixində böyük hadisə idi. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyanın Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin təməlini qoyduğunu söyləyib. Azərbaycanın Əsas Qanunu olan Konstitusiyanın hazırlanması bir daha sübut etdi ki, ölkəyə yalnız yüksək idarəçilik təcrübəsi olan siyasi xadimlər rəhbərlik etməyə qadirdir. Dahi şəxsiyyət hər zaman dövlətçiliyin möhkəmləndirilməsinin, Azərbaycanın ərazi bütövlüyünün bərpasının vacib amillər olduğunu bildirirdi. Hazırda Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla irəliləyən müasir Azərbaycan tarixin qüdrətli dövrünü yaşayır. Dövlətçilik tariximizin ən mühüm hadisəsi tarixi Azərbaycan torpaqlarının işğaldan azad edilməsi oldu. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin tam təmin olunması nəticəsində Azərbaycan dövlətinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü tam reallaşıb. Respublika Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan olunmasını dövlətimizin tarixi keçmişimizə, Respublikasının Əsas Qanunu olan Konstitusiyamıza verdiyi dəyərin göstəricisi olduğunu diqqətə çatdırıb. C.Hüseynova bildirib ki, 30 illiyini qeyd etdiyimiz müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu olan ilk Konstitusiya və 5-ci ildönümünü qeyd etdiyimiz 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsindəki tarixi Zəfərimizin daha dərindən öyrənilməsində xüsusi əhəmiyyəti olan bu Sərəncam dövlətimizin hüquqi əsaslarının möhkəmləndirilməsi, dövlət suverenliyimizin daha da gücləndirilməsi məqsədi daşıyır. Müəllifi Ulu Öndər Heydər Əliyev olan Ana qanunumuz milli Konstitusiyamız ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil edir. Bu konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin yaxşılaşdırılması kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazasıdır.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Azərbaycan dövlətçiliyinin memarı, böyük siyasi lider, müdrik bir insan olaraq tarixi hadisələrin gedişatını əvvəlcədən müyyən etməyin mahir bilicisi, Ümummilli Lider Heydər Əliyevin səsləndirdiyi “Azərbaycanın müstəqil dövlət olması, xalqımızın azadlığa çıxması tarixi hadisələrdir və biz bunları qiymətləndirməli, əldə edilmiş nailiyyətləri əbədləşdirməliyik. Bu, istər bizim, istərsə də gələcək nəsillərin qarşısında duran strateji vəzifədir” dəyərli sözlərini tədbir iştirakçılarının diqqətinə çatdıran icra başçısı bu işdə hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. Rayon rəhbəri bildirib ki, Azərbaycan dövlətçiliyinin, milli müstəqilliyinin daimi və dönməz xarekter alması, müstəqil və uğurlu daxili-xarici siyasət, beynəlxalq aləmdə nüfuzunun artması və dünya birliyində sivil ölkə kimi tanınması məhz Heydər Əliyevin böyük zəhmətlərinin nəticəsidir. İcra başçısı 2025-ci ilin Respublika Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncam ilə “Konstitusiya və Suverenlik İli” elan edildiyini, məhz bu il 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu olan ilk Konstitusiyasının qəbul edilməsinin 30 illiyini və 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi Zəfərin 5-ci ildönümünü böyük təntənə ilə qeyd edəcəyimizi söyləyib. Bu Sərəncamın dövlətçilik tariximizin daha da dərindən öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, dövlət başçısı İlham Əliyev tərəfindən imzalanan Sərəncam ölkəmizin keçmişi, bu günü və gələcəyi üçün xüsusi məna ifadə edərək, hüquqi dövlətçilik və suverenlik dəyərlərinin yeni qlobal çağırışlar əsasında formalaşdırılması üçün bir fürsət kimi dəyərləndirilə bilər. “Konstitusiya və Suverenlik İli” dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsi, dövlət suverenliyinin daha da gücləndirilməsi məqsədi daşıyır. Suverenlik istənilən dövlətin mövcudluğunun və davamlı inkişafının ilkin və əsas şərti qismində çıxış edir. Tam qətiyyətlə və cəsarətlə demək olar ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr onun tarixinin xüsusi, ən intensiv inkişaf mərhələsini təşkil edir. Bu mənada həmin dövrü tariximizin nəinki sürətli və hərtərəfli yüksəliş illəri, bəlkə də yeni tarix adlandırmaq daha dəqiq qiymətləndirmə nümunəsi olardı. Tarixi şəxsiyyətlər xalqların talelərinə mühüm təsir göstərmək qüdrətinə malik olduğundan, onların ideyaları, enerjiləri, fəaliyyətləri ayrı-ayrı dövrlərin inkişaf meyillərini müəyyən edir, tarixin təkanverici qüvvəsi missiyasını yerinə yetirir. Azərbaycan xalqının taleyinə müxtəlif dövrlərdə müstəsna təsir göstərmiş dahi şəxsiyyətlər sırasında Heydər Əliyevin misilsiz yeri olduğu danılmaz həqiqətdir. Azərbaycan xalqının Ümummilli Lideri müasir tariximizə dahi xilaskar, böyük qurucu kimi daxil olmuşdur. Heydər Əliyevin respublikaya rəhbərliyinin bütün fəlsəfəsi xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanışı məramına hesablanmışdı. Heydər Əliyevin fəaliyyətinin təhlili göstərir ki, Ulu Öndər sanki gələcəyi görür, Azərbaycanın gələcək müstəqilliyi üçün hələ sovet dövründə mütəmadi iş aparmışdır. Bu ideyanın əsasında, ilk növbədə, yüksəkixtisaslı milli kadr potensialının yaradılması dayanırdı. 1991-ci ildə dövlət müstəqilliyini yenicə bərpa etmiş ölkəmiz onu itirmək təhlükəsi qarşısında qalmışdı. Ölkədə müharibə gedirdi, idarəçilik isə yox dərəcəsində idi. Respublikada xaos, anarxiya hökm sürürdü. Yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırırdı. Xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər. Belə ağır bir dövrdə xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi xaos və anarxiyadan qurtardı. Bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısı alındı və ölkəmiz dayanıqlı inkişaf yoluna qədəm qoydu. Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması göründüyü kimi heç də təsadüfi deyil. Ümummilli Liderin ölkə rəhbərliyinə qayıdışı ilə bir çox sahələrdə genişmiqyaslı islahatların, o cümlədən qanunvericilik islahatlarının həyata keçirilməsinə başlanıldı. 1995-ci il noyabrın 12-də referendum yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Bununla da Azərbaycan demokratik inkişafın yeni mərhələsinə qədəm qoydu. İcra başçısı bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbəsi və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Respublika Prezidentinin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir. Bu gün Azərbaycan dünyada ən sürətli və dinamik inkişaf edən dövlətlərdən biridir. Ölkənin iqtisadi qüdrətinin artması onun müstəqil siyasət yeritməsinə, əhalinin rifah halının ildən-ilə yüksəlməsinə imkan yaradır. İkinci Qarabağ müharibəsində qazanılmış parlaq Qələbə güclü dövlət-güclü ordu konsepsiyasının təntənəsidir. Otuz il işğal altında qalan torpaqlarımız məhz bu konsepsiyanın nəticəsində hərbi-siyasi yolla azad olundu, ərazi bütövlüyümüz təmin edildi. Regionun gündəliyini bu gün Azərbaycan diktə edir. Dünya gücləri Azərbaycanın yaratdığı yeni reallıqlarla hesablaşırlar. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq, nəhəng transmilli nəqliyyat və enerji layihələri həyata keçirən Azərbaycanın bu təşəbbüsləri dünyanın aparıcı dövlətləri tərəfindən dəstəklənir, ölkəmizə iqtisadi-siyasi dividentlər qazandırır. Azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri heç kəsdən yardım alınmadan Azərbaycanın öz imkanları hesabına sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində ilk uğurlu addımlar atılır. Bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin elmə əsaslanan iqtisadi siyasəti respublikanın sosial-iqtisadi inkişafı prosesində dinamizmi və məqsədyönlülüyü təmin etmiş, qarşıda duran vəzifələrin həllinə real imkanlar açmış, cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin formalaşdırmışdır. Prezidentin müəyyən etdiyi strateji xəttə əsaslanaraq dayanıqlı iqtisadi inkişafın təmin olunması məqsədilə çevik, adekvat addımlar atılıb, kompleks islahatların həyata keçirilməsi nəticəsində makroiqtisadi sabitlik möhkəmləndirilib, biznes və investisiya mühiti daha da yaxşılaşdırılıb. Aparılan genişmiqyaslı iqtisadi islahatların nəticəsində Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf etmiş və etməkdədir. Bu iqtisadi inkişaf müstəqilliyimizi möhkəmləndirir, beynəlxalq aləmdə Azərbaycanın rolunu və nüfuzunu gündən-günə artırır. Beynəlxalq aləmdə qüdrətli ölkə kimi tanınan Azərbaycanın əldə etdiyi hər bir uğur Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi bizlər üçün qiymətli bir xəzinədir. Biz Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında xidmətlərinin miqyasını, dəyər və əhəmiyyətini zaman ötdükcə daha aydın hiss edirik. Heydər Əliyev dühası, onun siyasi məktəbi və dövlətçilik kursu tarximizin bundan sonrakı mərhələlərində də özünü daim göstərəcək. Azərbaycan dövləti hələ uzun illər öz inkişafında o liderdən bəhrələnəcəkdir. Əminik ki, Heydər Əliyev yolu Azərbaycana daha böyük uğurlar qazandıracaqdır.

Bakı Dövlət Universitetinin Qazax filialında İctimai və təbiət fənləri kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Mübariz Süleymanov çıxış edərək bildirib ki, Azərbaycanın tarixinə nəzər salsaq görərik ki, hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradılanda bir səhifəlik preambula və 6 bəndlik mətn-İstiqlal Bəyannaməsi Azərbaycanın ilk Konstitusiyası sayılırdı. Yeni yaranmış cümhuriyyət üçün bu hüquqi sənəd böyük tarixi əhəmiyyətə malik idi. 1920-ci ilin Aprel işğalından sonra Azərbaycanda qəbul edilən konstitusiyalar həmin dövrün reallıqlarına uyğun, ittifaq konstitusiyalarının köçürməsi idi. Yalnız 1978-ci il Konstitusiyası məhz xalqımızın dahi oğlu Heydər Əliyevin əzmkarlığı və uzaqgörənliyi sayəsində ilk dəfə olaraq Azərbaycan dilində yazılmış və Azərbaycan dili dövlət dili elan edilmişdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilsə də 1978-ci il Konstitusiyası hüquqi dövlət və demokratik cəmiyyət quruculuğunun çağırışlarına cavab vermədi. Yeni Konstitusiya layihəsinin hazırlanması gənc və müstəqil Azərbaycan üçün əsas qarşıda duran vəzifə olsa da ölkədəki böhranlı vəziyyət səbəbindən bu mümkün olmadı. Yalnız Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ilk növbədə Azərbaycan Respublikasının Milli Məclisinin 2 may 1995-ci il tarixli 1048 saylı qərarı ilə Konstitusiya layihəsini hazırlayan 34 nəfər üzvü olan Komissiya yaradıldı. Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə 1995-ci il iyunun 5-də Komissiyanın ilk iclası keçirildi. Elə ilk iclasın qərarı ilə 19 nəfərdən ibarət işçi qrupu yaradıldı. Heydər Əliyevin sədrliyi ilə ardıcıl olaraq Komissiyanın iclasları keçirildi, yeni Konstitusiya layihəsi hazırlanaraq 1995-ci il oktyabrın 15-də mətbuatda dərc edilməklə ümumxalq müzakirəsinə verildi. Nəhayət 1995-ci il noyabrın 12-də referendum yolu ilə yeni Konstitusiya qəbul edildi. Bu gün müstəqilliyin davamlılığı, uzunömürlüyü və əbədiliyi öz qayəsini məhz Konstitusiyamızdan alır.

Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova çıxış edərək ilk milli Konstitusiyamızın qəbul edilməsinin mədəniyyətimizin inkişafında müstəsna rolundan danışıb. G.Alişanova bildirib ki, XX əsrin sonlarında Azərbaycan müstəqilliyə qovuşduqdan sonra ölkəmizdə dövlətin mədəniyyət siyasəti Ümummilli Lider tərəfindən müəyyənləşdirilmiş, mədəniyyətin əsaslı, daha harmonik bir şəkildə inkişafı üçün müəyyən siyasi-ideoloji prinsiplər yaradılmışdır. Azərbaycan xalqına məxsus dəyərlər ölkə qanunvericiliyində, hüquqi sferada, ilk növbədə Konstitusiyamızda öz əksini tapmaqla, Ana dilinə hörmət, tolerantlıq, mədəniyyətin qorunması kimi məsələlər Ali Qanun başda olmaqla, müvafiq hüquqi sənədlərdə yer almışdır. Mədəniyyətin nəsildən-nəslə ötürülməsi milli dəyərlərin qorunması, yaşadılması Ulu Öndərin rəhbərliyi dövründə Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin görkəmli xadimlərinin ölməz əsərlərinə, xalqımızın qədimliyinin və zəngin keçmişinin simvolu olan “Dədə Qorqud” dastanına, milli musiqimizə istər ölkə miqyasında, istərsə də beynəlxalq səviyyədə maraq artmışdır. Milli irsimizin, mədəniyyətimizin mühafizəsi məsələsi Azərbaycan Respublikası Konstitusiyasının 40-cı maddəsində öz əksini tapıb: “Hər kəs, tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır”. Bundan əlavə, milli musiqimizin beynəlxalq səviyyədə təbliği, nadir maddi mədəniyyət nümunələrinin dövlət tərəfindən mühafizə edilməsi, muzeylərin yaradılması və Azərbaycan milli mədəni irsinin qorunmasında görülən digər işlər müasir dövlət quruculuğunda milli dəyərlərə verilən önəmin bariz nümunəsidir.

Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənləri Təmayüllü Məktəb-Lliseyin tarix müəllimi Arzu Abbasova çıxış edərək bildirib ki, bütün sahələrdə olduğu kimi təhsil sahəsində də bu gün əldə olunan böyük nailiyyətlərin əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycan bu gün müasir standartlara cavab verən böyük elmi, milli təhsil sistemi olan ölkəyə çevrilib. Bütün qanunlar Azərbaycan Respublikasının əsas qanunu olan Konstitusiyaya istinad edir. Konstitusiyamızda təhsillə bağlı əsaslı, mütərəqqi məsələlər öz təsbitini tapıb. Bizim Konstitusiyamızda hər bir vətəndaşın təhsil almaq hüququ var və bu dövlət səviyyəsində təmin olunur. Ölkəmizdə hər bir vətəndaşın təhsil hüququ bərabərdir, sosial baxımdan həssas qrupların təhsilinə hər zaman dövlət tərəfindən maddi, mənəvi yardımlar və dəstək göstərilir, bir sıra təhsil proqramları və layihələri həyata keçirilməklə insanların təhsil səviyyəsi dövlətin nəzarətində inkişaf edir.

Qazax Dövlət Sosial-İqtisadi Kollecində Qeydiyyat, Qiymətləndirmə və Monitorinq Şöbəsinin müdiri Elvira Əfəndiyeva insan hüquq və azadlıqlarının Konstitusiyamızda yüksək səviyyədə təsbit edilməsindən danışaraq bildirib ki, bütün digər sahələrdə olduğu kimi, Azərbaycanda da insan hüquqları sahəsində islahatların aparılması, zəruri hüquqi bazanın və institusional əsasların formalaşması məhz Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra baş vermişdir. Konstitusiyamızın 158 maddəsindən 48-nin insan hüquq və azadlıqlarının təminatını əks etdirməsi Azərbaycanda vətəndaşın daim dövlətin diqqət və qayğısında olmasının nümunəsidir. Ədalət və bərabərlik prinsipləri əsasında insanların hüquq və azadlıqlarının Konstitusiyamızda geniş yer alması, beynəlxalq hüquq normalarına uyğun şəkildə qorunması dövlət-vətəndaş münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir. Bu isə insan haqları və milli inkişafın əsas şərtlərindəndir.

Bakı Dövlət Universitetinin Qazax filialının Tarix müəllimliyi ixtisasının III kurs tələbəsi Mələk Hacızadə çıxış edərək bildirib ki, bu gün ölkəmizdə gənclərin düzgün milli-mədəni formada yetişməsi böyük əhəmiyyət daşıyır. Ulu Öndərin gənclərlə bağlı siyasi kursu bu gün də uğurla davam etdirilir. Gəncliyin sərbəst inkişafı üçün bütün şərait yaradılır, onların təhsil, idman, peşə və digər qayğıları diqqət mərkəzində saxlanılır. Konstitusiyamızda da gənclərə dövlət qayğısı təsbit edilib. Gənclər Konstitusiyamızdan irəli gələn tələbləri yetərincə dərk edərək Vətənimizə layiqincə xidmət etməyin məsuliyyətini dərindən başa düşürlər. Dövlət başçısı İlham Əliyev prezidentlik fəaliyyətində hər zaman gəncliyə inanıb, ona arxalanıb, eyni zamanda, sərhədlərimizin keşiyində duran gənc nəslə güvənib. Azərbaycan gəncliyi də, öz növbəsində, bu etimadı daim doğruldub. Qürurlu haldır ki, xalqımızın qəhrəmanlıq və suverenlik tarixini yazanlar da gənclərdir.

Tədbirdə Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin VIII sinif şagirdləri Zəhra Yusifova, Zəhra Rəsulova, Cavid Məmmədhəsənov, Yusif Budaqov, Rəna Hacıyeva, Yusif Abdullayev Konstitusiyaya həsr olunmuş kompozisiya nümayiş etdirib, Şəlalə Ağayevanın “Sən qalibsən Azərbaycan” şeirini səsləndiriblər.

"DİA-AZ"


Geri qayıt