Əsas Səhifə > Güney Press > Xalq Ərdoğanın yolunu seçməkdə sərbəstdir
Xalq Ərdoğanın yolunu seçməkdə sərbəstdirDünən, 15:26 |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin yeni və demokratik Konstitusiyaya ehtiyac duyduğunu deyib. Ərdoğan bildirib ki, Türkiyə dəyişir, dünya dəyişir, biz yeni dövrdə yaşayırıq, daha yeni dövrə doğru gedirik. Türkiyə lideri vurğulayıb ki, bu qədər sürətlə dəyişən dünyada qiyamçıların zehniyyətini qoruyub saxlayan konstitusiya ilə irəli getmək olmaz: "Məgər 40 il ərzində qiyamçıların yazdığı konstitusiya ilə cəmiyyəti birləşdirməyin nə qədər çətin olduğunu görmədikmi? Bu gün yaşadığımız bir çox problemlərin əsasının çevriliş konstitusiyası olduğunu bilməyən varmı? Siyasi həyatım boyu Türkiyənin sivil, demokratik və liberal konstitusiyaya ehtiyacı olduğunu ifadə etmişəm. Bu gün də eyni fikirdəyəm". Eyni zamanda Ərdoğan bildirib ki, yeni konstitusiyanı özü üçün deyil, ölkəsi üçün istəyir: "Yenidən seçilmək və ya yenidən namizəd olmaq fikrim yoxdur. Bizim qayğımız ondan ibarətdir ki, atacağımız addımlarla ölkəmizin nüfuzunu necə yüksəldə bilərik". Ərdoğanın mesajlarını "Şərq"ə təhlil edən AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli deyib ki, siyasətdə bu gün verilən açıqlama sabah situasiyanın dəyişməsinə görə tamam fərqli tərzdə dilə gətirilə bilər. Ekspert vurğulayıb ki, Ərdoğan indi belə söyləsə də, sabahı bilmək olmaz: "Amma bir həqiqət var ki, Türkiyənin konstitusiyası mütləq dəyişməlidir. Dünya və reallıqlar dəyişdiyi üçün ölkənin qanunvericiliyi də ona adekvat dəyişməlidir. Hər bir ölkə dünya ilə ayaqlaşmalıdır. Ərdoğanın da bu addımı özündən sonra Türkiyəni daha qüdrətli, güclü dövlətə çevirmək məqsədi daşıyır. Ərdoğan dövlət adamıdır, dava və ideologiya adamıdır, böyük liderdir. Ona görə də özünü yox, Türkiyəni, ölkənin sonrakı aqibətini düşünür. Konstitusiyanın dəyişdirilməsi ilə bağlı təşəbbüslər də həmin hədəfə hesablanıb. Məncə, doğru yanaşmadır. Əminəm ki, Türkiyə xalqı da doğru seçim edəcək". Ə.Məmmədli əlavə edib ki, əhalinin sosial durumu, yəni soyuducusu önəmli olsa da, hər şey qarınla ölçülmür: "Ölkənin böyüməsi, güclənməsi üçün yeri gələndə səbirli olmalı, fədakarlıq göstərməlisən. Lirə dəyərdən düşdüyünə görə, hamı Ərdoğanı ittiham edir. Lirənin düşməsi, yoxsa PKK terror təşkilatının ləğvi, silahı buraxması daha önəmli məsələdir? Bu, həm də Türkiyə xalqı üçün sınaq olacaq. Görəcəyik ki, xalq Ərdoğanın cızdığı yolla getməyə nə dərəcədə hazırdır. Ən nəhayətində Türkiyə xalqı öz gələcəyini özü seçəcək. Türkiyə demokratik ölkədir". Geri qayıt |