Əsas Səhifə > Güney Press / Partiya > Azərbaycan və Türkiyənin Pakistanla birgə olması həm dostlara, həm də düşmənlərə mesajdır
Azərbaycan və Türkiyənin Pakistanla birgə olması həm dostlara, həm də düşmənlərə mesajdır29-05-2025, 00:42 |
Azərbaycan və Pakistan arasındakı münasibətlər yalnız diplomatik əlaqələrdən ibarət deyil. Bu iki ölkə arasında çoxəsrlik qardaşlıq və dərin mənəvi bağlılıq mövcuddur ki, bu da onların beynəlxalq səviyyədə bir-birinə dəstəyini daha da gücləndirir. Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olmaqla yanaşı, həm də keçmiş Qarabağ münaqişəsində Azərbaycanın haqq səsini dünyaya çatdıran önəmli tərəfdaşdır. 2020-ci il Vətən müharibəsində Pakistanın Azərbaycanın yanında olması, siyasi dəstək verməsi qardaşlıq əlaqələrinin ən parlaq nümunəsidir. Bu hadisə həm də iki ölkənin strateji tərəfdaşlıq baxımından nə qədər möhkəm bağlandığını nümayiş etdirdi. Azərbaycan ilə Pakistan arasında iqtisadi əməkdaşlıq son illərdə daha da genişlənməkdədir. Tərəflər arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı məqsədilə birgə komissiyalar və işçi qrupları yaradılıb, qarşılıqlı səfərlər və biznes-forumlar keçirilib. Kənd təsərrüfatı, enerji, əczaçılıq, ticarət, tikinti və nəqliyyat kimi sahələr əməkdaşlığın əsas istiqamətlərini təşkil edir. Hər iki ölkə qarşılıqlı sərmayə qoyuluşunda maraqlıdır və iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün potensial böyükdür. Azərbaycan bu münasibətlərin inkişafına xüsusi önəm verir və konkret güzəştlər tətbiq etməklə əməkdaşlığı təşviq edir. Nəqliyyat sahəsində birbaşa hava əlaqələri və artan yükdaşıma həcmi də əməkdaşlığın əhəmiyyətli göstəricilərindəndir. Hərbi sahədə də əməkdaşlıq sürətlə genişlənir. Bu əməkdaşlıq regionda sabitlik və təhlükəsizlik üçün mühüm amil sayılır. Ağ Partiya sədri Tural Abbaslı "Sherg.az"a deyib ki, bir-biri ilə sıx əməkdaşlıq edən dövlət başçılarının mütəmadi qarşılıqlı səfərləri çox önəmlidir. Partiya rəhbəri vurğulayıb ki, bunun özü ölkələr arasındakı dostluğun və əməkdaşlığın göstəricisidir: "Pakistan baş naziri Şahbaz Şərifin Azərbaycana öncədən gəlişi və birbaşa Laçın beynəlxalq hava limanına enməsi, məhz Qarabağda qarşılanmasının özü mühüm bir mesajdır. Bir neçə il öncə həmin torpaqlarımız işğal altında idi. Azərbaycan şübhəsiz ki, ilk növbədə öz gücü, qüdrəti və ikinci tərəfdən ən yaxın müttəfiqləri - Türkiyə və Pakistan kimi dost-qardaş ölkələrin dəstəyi ilə torpaqlarımızı işğaldan azad etdi. Suverenliyimiz, ərazi bütövlüyümüz bərpa olundu. 2020-ci ildən bu yana Qarabağ və Şərqi Zəngəzurda sürətli bərpa-quruculuq işləri gedir. Dövlət başçısının iştirakı ilə mütəmadi açılışlar həyata keçirilir. Təbii ki, belə mötəbər görüşlərin, Zirvə və sammitlərin, tədbirlərin təşkil edilməsində günlərin seçimi də mühüm rol oynayır. Bunların hamısında siyasi mesajlar var". T.Abbaslı vurğulayıb ki, Türkiyə və Pakistan liderlərinin Bakıya səfərinin, Azərbaycan-Türkiyə-Pakistan üçlü görüşlərinin keçirilməsinin məhz 28 may - Respublika Gününə təsadüf etməsi kifayət qədər maraqlıdır: "Nəzərə alaq ki, Pakistan da neçə müddətdir Hindistanla qarşıdurma yaşayır. Azərbaycan və Türkiyənin Pakistanla birgə olması Bakıdan növbəti dəfə həm dostlara, həm də düşmənlərə mesaj olacaq. Məncə, Azərbaycan-Türkiyə və Pakistan üçlüyü, bu formatda təşkil olunan görüşlər çox gözəl nümunədir. Belə möhkəm və etibarlı birliklər Azərbaycana indiki məqamda çox vacib və lazımlıdır. Ümid edirik ki, gələcəkdə bu dost qrupuna başqa ölkələrin də qoşulması mümkün olacaq". Geri qayıt |