
"Respublika Perinatal Mərkəzi" PHŞ-də baş vermiş yanğınla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş direktor Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin məhkəməsi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi prosesdə şahid qismində tibb bacısı Təranə Əhmədova ifadə verib.
O bildirib ki, təqsirləndirilən şəxsləri tanıyır: "Hadisə baş verən günü mən növbədəydim. Biz növbədə 6 nəfərdən ibarət heyətiydik. Onlardan ikisi tibb bacısı, ikisi böyük tibb bacısı, ikisi isə kiçik tibb bacısıydı. Hadisə mərkəzin 4-cü mərtəbəsində yeni doğulan körpələrin yerləşdiyi palatada baş verdi.
Hadisədən əvvəl biz mətbəxə keçmişdik, su içmək istəyirdik. Validə həkim şöbədəydi. O da növbədə idi. Birdən yanğın olduğunu eşitdik. Yanğını söndürməyə çalışsaq da, bacarmadıq. Şöbədə yanğın söndürmək üçün balonlar var idi. Mühafizəçi balonu açdı ki, yanğını söndürsün, bu zaman partlayış baş verdi, işıqlar söndü".
Dövlət ittihamçısının suallarını cavablandıran şahid bildirib ki, şöbədə yeddi küveyz olub: "Yanğın isə elektirik naqillərinndın baş verib. Gördük ki, küveyx yanır. Biz körpələri çıxarmağa çalışdıq. Körpələrin tələf olmamasına çalışırdıq".
Daha sonra suallara cavab verən şahid qeyd edib ki, əvvəllər yanğınla bağlı təlimlərdə iştirak edib. Onun sözlərinə görə, hadisə zamanı mərkəzin mühafizəçisi Elçin xəsarət alıb: "Elçin dəhlizdə yerə yıxılmışdı, ağzından köpük gəlirdi. Mən həkim çağırdım, ona yardım etdilər".
Şahid qeyd edib ki, hadisə vaxtı mətbəxə dərman içmək üçün gedibmiş. Digər işçilər mətbəxə su içəməyə gəliblər. Şahid onu da əlavə edib ki, iş rejimi ağır olub, işçilərin bəziləri buna görə işdən ayrılıblar: "Nurlanə, Günel, Nuranə işdən çıxmışdılar. Onlar Mehriban Abasquliyeva direktor olmamışdan əvvəl işdən ayrılmışdılar".
Şahid qeyd edib ki, mərkəzdə bu yanğın hadisəsi ilk dəfə baş verməyib: "Bu yanğın hadisəsindən əvvəl də iki dəfə mərkəzdə yanğın baş verib. Əvvəlki yanğınlar mərkəzin 2 və 3-cü mərtəbələrində baş verib. Mən həmin yanğının şahidi olmamışam. Bu hadisədən sonra eşitdim ki, mərkəzdə iki dəfə yanğın baş verib, həmin yanğınlar tez söndürülüb". Şahid bildirib ki, mərkəzini şöbələrində elektirik naqillərində nazaslıq olub, adam əlini vuranda elektir keçirib. Şahid onu da qeyd edib ki, Mehriban Abasquliyeva direktor təyin olunandan sonra uşaqların sayında artım olub. O bildirib ki, palatada qanunla 4 küveyzdən artıq ola bilməzdi, amma küveyzlırin sayı çox idi. Şahid bildirib ki, 4 küveyz 12 cihazdan istifadə edə bilərdi, amma küveyzlərin sayı artıq idi. Daha sonra Təranə Əhmədovanın ibtidai istintaq zamanı verdiyi ifadəsində ziddiyyətli məqamlar olduğu məlum olub. Bu səbəbdən hakim onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edib. Məlum olub ki, şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində yanğının küveyzdən alışdığını göstərib. Amma məhkəmədə isə ziddiyətli ifadə verərək yanğının elektrik naqillərindən baş verdiyini göstərib. Bu zaman şahid məhkəmədə verdiyi ifadəsini təkzib edibx ibtidai istintaq zamanı verdiyi ifadəsinin düzgün olduğunu deyib. Növbəti proses iyunun 30-da davam edəcək. Qeyd edək ki, ötən il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib. Baş Prokurorluq Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başladıb, ibtidai istintaq Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb. İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub. Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci ildə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib. Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib. Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib. Cinayət işi üzrə "Respublika Perinatal Mərkəzi", bundan başqa, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam oğlu Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıblar.
Geri qayıt
|