Əsas Səhifə > Güney Press > Ət bahalaşır?
Ət bahalaşır?Dünən, 15:32 |
Bu ilin yanvar-may aylarında Azərbaycana 19 min 935 ton ət idxal edilib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu həcmdə ətin dəyəri 41 milyon 132 min ABŞ dollar olub. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 2 min 242 ton (10,1 %), dəyər baxımından isə 7 milyon 320 min ABŞ dolları (15,1 %) azdır. Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,4 %-ni təşkil edib. Qeyd edək ki, hazırda paytaxtda mal ətinin qiyməti 15-16 manat, qoyun ətinin qiyməti isə 18-20 manat arasında dəyişir. Bir müddət bundan öncə isə qonşu Gürcüstandan xırdabuynuzlu heyvanların ölkəmizə idxalının artdığı bildirilirdi. Hazırda ət idxalında ötən illə müqayisədə yaranan fərq əhalinin ət istehlakının azalması, yoxsa baha olması ilə bağlıdır? “Bu, onunla əlaqədar ola bilər ki, əhalinin bir qismi artıq ət ala bilmir. Yaxud əvvəllər həftədə 5-6 kiloqram ət alırdılarsa, indi 1 kiloqram ət alırlar. Yəni ödəniş imkanı zəiflədikcə, əhalinin gəlirləri azaldıqca, ətin qiyməti bahalaşdıqca, bu proses müşahidə oluna bilər. Ancaq məsələ ondadır ki, mən ət idxalının azalmasına inanmıram. Çünki ötən illə müqayisədə bu il ölkə daxilində ət istehsalı bir qədər də aşağı düşüb. Əvəzində idxal o kəsiri ödəməkdədir. İndiyədək diri çəkidə heyvanlar daha az gətirilirdi, ancaq indi Qazaxıstan və Gürcüstandan xırdabuynuzlu diri heyvanlar gətirirlər. Ətin ümumilikdə azalması ola bilər. Ancaq bu, idxalın azalmasına gətirib çıxara bilməz. Bu, ola bilsin ki, Gömrük Komitəsinin rəqəmidir. Göstərmək istəyirlər ki, ölkə daxilində ət istehsalı artdığı üçün idxal azalıb. Məntiqlə belə olmalıdır. Ancaq biz nə etmişik ki, ölkə daxilində ət istehsalı artıb? Yaxud ət istehsalı artıbsa, qiyməti gündən-günə niyə bahalaşıb? Bu sualların cavabı Dövlət Komitəsinin elan etdiyi rəqəmlə tərs mütənasibdir. Yəni uyğun gəlmir". O deyib ki, əvvəllər də belə amillər var idi: "Bir tərəfdən deyirdilər ki, ölkə daxilində taxıl istehsalı artıb, digər tərəfdən də xaricdən taxılın idxalı artırdı. Yəni SOS siqnalları çalan rəqəmlər var, onların aşağı düşməsi hökumət üçün “plyusdur”, ancaq onu öz əməli ilə etməlidir ki, ət idxalının səviyyəsi aşağı düşsün. Bu il ət idxalı artıb ki, azalmayıb. Çünki ölkə daxilində ət istehsalı azalıb”. Ekspertin sözlərinə görə, ölkədə ətin baha olmasının səbəbi təklifin az olmasıdır: “Yəni tələb təklifi üstələyir. Əgər, məsələn, bazarda alma çoxdursa, onun qiyməti niyə bahalşamalıdır, əksinə ucuzlaşmalıdır. Bahalaşma qıtlıqla əlaqədardır. Qıtlıq da heyvanların maya dəyərinin baha başa gəlməsindəndir. Saxlanma şəraitinin məhdud olmasınsındır. Bunlar hamısı bazara, yerli ət istehsalına təsir edir. Bu gün örüşlərin hamısı zəbt olunub. Əhali meşə ərazilərindən otlaq kimi istifadə edir. Əslində bu da qanunla qadağandır. Hazırda nə dövlət fondu, nə bələdiyyənin balansında olan örüşlərin heç biri heyvandarlıqla məşğul olan əhalinin öhdəsinə verilmir. Hamısı bölünüb. Bir tərəfdən bələdiyyələr sahibkarlara satıb, digər tərəfdən pambıq əkilir. Hələ 10-15 il bundan əvvəl Beyləqan rayonunun Haramı düzündə 1000 hektarlarla otlaq sahəsi var idi. İndi orada 1 hektarda otlaq sahəsi qalmayıb. Hamısı müxtəlif məhsulların əkini üçün icarəyə verilib. Otlaqlar da məhdudlaşdığına görə heyvandarlıqla məşğul olmaq imkanı yoxdur. Ona görə də ət istehsalı azalıb. Bu da ətin gündən-günə bahalaşmasına gətirib çıxarır,, getdikcə də bahalaşacaq. Ümid yalnız işğaldan azad olunmuş ərazilərədir ki, heyvandarlığı inkişaf etdirmək olar. Həmin ərazilər də gərək minalardan təmizlənsin”. Geri qayıt |