Əsas Səhifə > Güney Press / Partiya > "Azərbaycan tərəfi bu iki şərt yerinə yetirilmədən heç bir sülhü əsla qəbul etməz"

"Azərbaycan tərəfi bu iki şərt yerinə yetirilmədən heç bir sülhü əsla qəbul etməz"


Bu gün, 09:15

İyunun 20-də Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri baş tutdu. Bu səfər geosiyasi mahiyyət baxımından təsadüfi deyil - əksinə, son dövrlərdə bölgədə baş verən intensiv diplomatik proseslərin davamı kimi qiymətləndirilir. Qonşu ölkənin mediası da bu səfərə geniş yer ayırdı. Xüsusilə də səfərin əsas hədəfinin Azərbaycanla sülh müqaviləsinə dair müzakirələr olduğu bildirilir.

Erməni KİV-lərinin yazdığına görə, səfər ərəfəsində ictimaiyyətə bəzi maraqlı detallara malik iddialar da sızıb. “24News” diplomatik mənbəyə istinadən xəbər verib ki, Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan-Ermənistan sülh sazişinin şərtlərini razılaşdırmaq üçün Ankaraya yollanıb.

Məqalədə qeyd olunur ki, tərəflər sənədin hansı şəhərdə imzalanacağı məsələsini də müzakirə edəcəklər. İki əsas ehtimal irəli sürülür: birinci variant bu ilin sentyabrında Vaşinqtonda, ikinci isə dekabr ayında Birləşmiş Ərəb Əmirliklərində imzalanma ehtimalıdır.

Daha diqqətçəkən məqam isə Ermənistan Konstitusiyasına dəyişiklik məsələsinin iddiaya görə, danışıqlar gündəliyindən çıxarılmasıdır. Mənbəyə görə, Paşinyan rəsmi Bakını inandıra bilib ki, Ermənistan cəmiyyətində keçiriləcək hər hansı referendumun nəticəsi hökumət üçün təhdid doğura bilər və ictimai-siyasi sabitliyi poza bilər.

Burada sual yaranır: doğrudanmı rəsmi Bakı Ermənistanın əsas konstitusion probleminin həllini - yəni Azərbaycanın ərazi bütövlüyünün tanınmasını - təxirə salmağa razılaşıb? Bu, real ehtimaldırmı, yoxsa Ermənistanın daxili auditoriyasını sakitləşdirməyə hesablanmış taktiki gedişdir? Hər halda, bu məsələdə yekun qərarın hələ verilmədiyi və prosesin gedişindən çox şeyin asılı olduğu aydındır.

Ermənistan mətbuatında dərc olunan digər məlumatlara görə, Paşinyan səfər öncəsi siyasi komanda ilə qapalı görüş keçirib. “Joqovurd” qəzeti yazır ki, baş nazir həmin görüşdə Ankaraya sülh sazişi ilə bağlı danışıqlar aparmaq məqsədilə getdiyini açıq şəkildə bildirib. Mənbələrin iddiasına görə, Paşinyan komandasına bu sənədin 2026-cı ildə keçiriləcək növbəti parlament seçkilərinə qədər mütləq imzalanmalı olduğunu deyib. Onun sözlərinə görə, bu addım siyasi komandanın hakimiyyətə yenidən gəlməsi üçün strateji zəmanət ola bilər.

Paşinyanın bu səfəri fonunda Azərbaycan Prezidenti İlham Əliyevin də Türkiyədə olması diqqətdən yayınmamalıdır. Onların eyni vaxtda Türkiyədə olması bəzi regional müşahidəçilər tərəfindən əlavə diplomatik təmasların mümkünlüyü kimi dəyərləndirilir. Əgər belə bir görüş baş tutarsa, bu, sülh prosesində əhəmiyyətli irəliləyişin siqnalı ola bilər.

Bütün bunlar fonunda əsas sual hələ də aktual qalır: Erməni xalqı müharibə istəyir, yoxsa qonşularla sülh içində yaşamaq? Doğrudanmı rəsmi Bakı İrəvana qarşı əsas şərtini ertələyib?

Deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirib ki, Paşinyanın Türkiyəyə səfərində Zəngəzur dəhlizinin açılması və mümkün sülh sazişi ilə bağlı məsələlər gündəmdədir: “Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiası çıxarılmasa və Zəngəzur dəhlizi açılmasa, sülh mümkün deyil. Ona görə də mənə elə gəlir ki, hər iki vacib məsələ sülh danışıqlarından kənarda, qapalı diplomatik kanallarla müzakirə olunaraq razılaşdırıla bilər. Bu həm Ermənistanın daxili siyasətində Paşinyana qarşı təzyiqləri azaldar, həm də Ermənistan konstitusiyasındakı mümkün dəyişikləri daha asan həyata keçirməyə imkan verər. Bu kontekstdə iddia qismən doğrudur. Lakin nəticə etibarı ilə Azərbaycan tərəfi bu iki şərt yerinə yetirilmədən heç bir sülhü əsla qəbul etməz, əksinə, əsaslı və maneəsiz sülh yaratmaq üçün sülhə məcburetmə qərarları qəbul edər. Ona görə də düşünürəm ki, bu iddia əsassızdır və Paşinyanın daxili siyasət üçün hesabladığı siyasi tezisdir”.

Politoloq Elxan Şahinoğlu isə qəzetimizə deyib ki, Paşinyanın Türkiyə səfərindən böyük nəticə gözləməyə dəyməz: “Doğrudur, Ermənistan tərəfi, o cümlədən Paşinyan çalışır ki, Azərbaycanla sülh sazişi imzalamadan da Türkiyə ilə sərhəd açılsın, diplomatik münasibətlər bərpa olunsun. Lakin Türkiyə siyasətində Ermənistana münasibətdə dəyişən bir şey yoxdur. Biz ərazi bütövlüyümüzü təmin etmişik, Prezident İlham Əliyev bildirib ki, Türkiyə Ermənistan siyasətini müəyyənləşdirməkdə sərbəstdir. Bütün bunlara baxmayaraq, Türkiyə Azərbaycanla müttəfiqliyinə sadiq qalaraq, Paşinyana ünvan kimi Bakını göstərir və deyir ki, sülh sazişini sürətləndir, sərhədlər açılsın, diplomatik münasibətlər bərpa olunsun. Paşinyan bu sadalananlara getmədən Türkiyə ilə məsələləri həll edə bilməyəcək. Bu səfərdə Ərdoğanla müəyyən müzakirələr olacaq, ancaq konseptual məsələlər həll olunmayacaq”.

Onun fikrincə, hazırda Paşinyanın da vəziyyəti yaxşı deyil, ölkə daxilində kilsələr müxalifətlə birləşib onu sıxışdırmağa başlayıblar: “Rusiya vətəndaşı olan erməni oliqarx Samvel Karapetyanın həbsi də böyük səs-küy yaradıb. Rusiya da erməni müxalifətçilərə dəstək verir. Buna görə də Paşinyan çalışır ki, Azərbaycan və Türkiyə ilə məsələləri təcili həll etsin: bir ili gözləmədən konstitusiyaya dəyişiklik etsin, sülh sazişi imzalansın və Zəngəzur dəhlizi açılsın. Bununla da iki qonşu ilə münasibətləri normallaşdırsın”.

E.Şahinoğlu deyib ki, İran -İsrail münaqişəsi də Paşinyanın mövqeyinə təsir edir: “İran illərlə işğalı qeyri-rəsmi şəkildə müdafiə edib və Ermənistanın müttəfiqi olub. İndi isə İranın başı özünə qarışıb, nə Ermənistan, nə də Zəngəzur yadına düşür. Ermənistan faktiki olaraq belə bir müttəfiqini də itirmək üzrədir. Bu da onu məcbur edir ki, Azərbaycan və Türkiyə ilə məsələləri təcili həll etsin”.


Geri qayıt