Əsas Səhifə > Güney Press > Naxçıvanla bağlı nə baş verir?

Naxçıvanla bağlı nə baş verir?


Dünən, 17:34

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsi indiki məqamda xüsusi diqqət çəkir.

Bu dəyişikliklərə əsasən:

1. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti artıq muxtar respublikanın Ali Məclisinə deyil, birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olacaq;

2. Naxçıvanda yerli icra hakimiyyəti başçıları Ali Məclis sədrinin təqdimatı əsasında Azərbaycan Prezidenti tərəfindən təyin ediləcək;

3. Naxçıvan Konstitusiyasından Qars və Moskva müqavilələrinə dair bənd çıxarılır.

Bu dəyişikliklər yalnız hüquqi-texniki islahat kimi deyil, muxtar idarəetmə modelinin ciddi şəkildə mərkəzləşdirilməsi anlamına gəlir.
Məlum olduğu kimi Vasif Talıbovun uzunmüddətli hakimiyyəti dövründə muxtar respublika təkcə inzibati yox, siyasi, iqtisadi və mədəni baxımdan özünü mərkəzdən nisbətən fərqli aparırdı. İcra və qərarverici səlahiyyətlər Ali Məclisin əlində cəmlənmişdi, Nazirlər Kabineti də məhz ona tabe idi. Bu model müəyyən dövrlərdə sabitlik yaratsa da, zamanla qapalı və mərkəzdən təcrid olunmuş bir sistemə çevrildi. Təbii ki bu, daxili zərurətin izahıdır. Məsələnin bir də regional tərəfləri var.

Belə ki, Naxçıvan həm Ermənistanla sərhəddə yerləşməsi, həm də Türkiyə ilə quru əlaqəsi olan yeganə Azərbaycan ərazisi kimi strateji əhəmiyyət daşıyır. Belə bir bölgədə mərkəzi hakimiyyətin nəzarət imkanlarının artırılması regional sabitlik və təhlükəsizlik baxımından zərurətə çevrilib. Digər tərəfdən, Ermənistan, İran və Türkiyə ilə formalaşan yeni münasibətlər konfiqurasiyası, eləcə də Zəngəzur dəhlizi və digər regional layihələr fonunda Naxçıvanda operativ və çevik idarəetməyə ehtiyac artıb.

Əslində bu proses yeni deyil. İslahatlar bir müddətdir ki, aparılırdı. İndiyədək mövcud olan “tabeçilik ikiləşməsi” – yəni həm mərkəzə, həm də Ali Məclisə bağlılıq qərarların icrasında çevikliyi azaldırdı. İndi bu mexanizmin sadələşdirilməsi idarəetmənin səmərəliliyini artıracaq.

Bəzi fikirlərə görə, bu dəyişikliklər Naxçıvanın muxtariyyətinin tədricən ləğvinin başlanğıcıdır. Bu qənaət müəyyən mənada doğrudur, müəyyən mənada isə yox. Belə ki, muxtariyyətin hüquqi statusunun tamamilə dəyişdirilməsi yalnız referendumla mümkündür. Bu baxımdan, baş verənləri muxtariyyətin ləğvindən daha çox onun yeni tərzdə dizayn olunması kimi anlamaq lazımdır.

Yeni modelə əsasən, Naxçıvan hüquqi baxımdan muxtar olaraq qalır, lakin icra hakimiyyətinin əsas strukturları və qərarverici mexanizmləri mərkəzləşdirilir, daha doğrusu, birbaşa Prezidentin nəzarətinə verilir. Bu model bir növ “simbioz idarəetmə” kimi qəbul edilə bilər. Yəni muxtariyyətin simvolik varlığı qorunur, amma real güc mərkəzdə cəmlənir.

Təbii ki, sonrakı mərhələdə muxtariyyətin hüquqi statusunun tam ləğvi də gündəmə gələ bilər. Amma hazırda bununla bağlı danışmaq tezdir. Çünki bu, sadəcə siyasi qərarla deyil, xalq iradəsi və hüquqi prosedurlar vasitəsilə həyata keçirilə biləcək məsələdir.

Lakin bu gün baş verən dəyişikliklər artıq onu göstərir ki, Azərbaycan dövləti idarəetməni yalnız tarixi, simvolik çərçivələrlə deyil, çağdaş və funksional prinsiplərlə qurmaqda qərarlıdır.

Turan Rzayev
Globalinfo.az


Geri qayıt