Əsas Səhifə > Güney Press > Elşən Aslanzadə Gülpəri Bayramovanın 30 minini mənimsəyib
Elşən Aslanzadə Gülpəri Bayramovanın 30 minini mənimsəyibDünən, 16:53 |
Xəbər verdiyimiz kimi, 1998-2023-cü illərdə Prezident Administrasiyasının Sənədlərin dövriyyəsi şöbəsində aparıcı məsləhətçi vəzifəsində çalışmış, 1974-cü il təvəllüdlü Elşən Aslanzadə barəsində cinayət işi açılıb. O, bir neçə nəfərə qarşı dələduzluq etməkdə təqsirli bilinərək məhkəmə qərarı ilə azadlıqdan məhrum edilib.
Qaynarinfo-nun məlumatına görə, zərərçəkmişlərdən biri "Meyvəli" Ticarət Mərkəzində meyvə-tərəvəz satışı ilə məşğul olan "Agromix" MMC-nin təsisçisi və direktoru Gülpəri Bayramovadır.
Qadın iş adamı 2023-cü ilin oktyabrında biznesini genişləndirmək məqsədilə maliyyə vəsaiti axtarışına çıxıb, lakin əvvəlki kredit borclarına görə bankdan kredit ala bilməyib. Nəticədə, tanışı vasitəsilə əlaqə saxladığı Elşən Aslanzadəyə müəyyən məbləğdə pul verərək ona kredit əldə etməkdə köməklik göstərəcəyi ümidi ilə müraciət edib.
Elşən Aslanzadə "Agromix" MMC üçün bankdan 850 min manat məbləğində kreditin ayrılmasını təşkil edəcəyini bildirərək, qarşılığında 60 min manat tələb edib. O, bu məbləğin 30 min manatını əvvəlcədən alıb. Gülpəri Bayramova qalan hissəni kredit əldə etdikdən sonra ödəyəcəyini vəd etsə də, Elşən Aslanzadə vədini yerinə yetirməyib.
Bundan başqa, Elşən Aslanzadənin ləğv edilmiş "Azərsu" ASC-də müxtəlif vəzifələrdə çalışmış Fariz İsmayılovun da 25 min manat vəsaitini mənimsədiyi məlum olub. O, İsmayılovu həmin qurumda idarə rəisi vəzifəsinə təyin etdirəcəyini vəd edərək pulu alıb, lakin şəxsi məqsədləri üçün xərcləyib.
Məhkəmənin qərarına əsasən, Elşən Aslanzadə 6 avqust 2024-cü ildən 6 yanvar 2025-ci ilədək istintaq təcridxanasında saxlanıldığı 5 ay müddət cəzasından çıxılmaqla ümumilikdə 1 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. Cəzanı o, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib.
![]() Qeyd edək ki, Gülpəri Bayramova VII çağırış Milli Məclisə növbədənkənar seçkilərdə 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizəd olub. O, həmçinin Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) sədridir.
Geri qayıt |