Əsas Səhifə > Güney Press > Bundan sonra: Bakı-Tehran əlaqələri necə olacaq?

Bundan sonra: Bakı-Tehran əlaqələri necə olacaq?


Dünən, 16:31

“İranla İsrail arasında müharibənin olması region üçün xoşagəlməz və təhlükəli idi”.

Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, tərəflər arasında atəşkəsin əldə olunması yaxşı haldır:

“Bunun nə qədər davam edəcəyi isə proqnozlaşdırmaq çətindir. Çünki tərəflər arasındakı münaqişə qalır və nə vaxtsa yenidən alovlana bilər.

Ümumiyyətlə, 12 gün davam edən əməliyyatın ABŞ, İsrail və İran üçün kəşfiyyat xarakteri daşığını düşünürəm. Görünür, silahlarını sınaqdan keçirdilər və qarşı tərəfin müdafiəsinin vəziyyətini öyrəndilər”.

Partiya sədri qeyd edib ki, Azərbaycan bu müharibə ərzində tam doğru mövqe tutdu:

“Azərbaycan müharibə müddətində neytral mövqe sərgilədi. Ölkəmiz özünün dövlət maraqlarından çıxış etdi. Məhz dövlət maraqları, eyni zamanda vətəndaşların maraqları deməkdir.

Biz həm İranla, həm də İsraillə münasibətlərin normal saxlanılmasının tərəfdarıyıq. Hər iki ölkə ilə münasibətlərimizi inkişaf etdirməkdə maraqlıyıq. Üstəlik, həm rəsmi Tehran, həm də Tel-Əviv Bakı ilə münasibətlərini inkişaf etdirməkdə maraqlıdır”.

Akif Nağı diqqətə çatdırıb ki, Azərbaycan-İran münasibətləri inkişaf mərhələsinə davam edəcək:

“Nəzərə almaq lazımdır ki, iki ölkə arasında müharibənin davam etdiyi 12 gün ərzində hər hansısa narazılıq olmadı. İranla Azərbaycan arasında son dövrlərdə inkişaf prosesi başlayıb və müəyyən geniş layihələr həyata keçiriləcək.

Üstəlik, Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında da xoş münasibət formalaşıb. Düşünürəm ki, Bakı ilə Tehran arasındakı münasibətlər İran-İsrail müharibəsindən əvvəl olduğu kimi inkişaf mərhələsində davam edəcək.

Çünki əlaqələrimizdə yüksələn xətlə gedən prosesin qarşısını alan hər hansısa hadisə baş verməyib. Beləliklə, Azərbaycan-İran münasibətləri yenə də yüksələn xətlə inkişaf edəcək”.


Geri qayıt