Əsas Səhifə > Güney Press > "Azərbaycan Güneydəki soydaşlarımıza yalnız diplomatik və humanitar yolla dəstək verə bilər...”

"Azərbaycan Güneydəki soydaşlarımıza yalnız diplomatik və humanitar yolla dəstək verə bilər...”


Bu gün, 11:07

İsrail-İran savaşında atəşkəs elan olunsa da, tərəflər arasındakı gərginlik azalmayıb. Bu səbəbdən hərbi əməliyyatların yenidən başlanması ehtimalı hələ də yüksək olaraq qalır. Belə bir vəziyyətdə Güney Azərbaycanın Təbriz, Ərdəbil kimi böyük şəhərləri və digər bölgələrimiz İsrailin hava zərbələrinə məruz qala bilər.
Bu fonda ortaya çıxan əsas sual budur: Azərbaycan Respublikası, İranda yaşayan soydaşlarımızı gözlənilən təhlükələrdən necə qoruya bilər?
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən beynəlxalq məsələlər üzrə tanınmış siyasi analitik Teymur Qasımlı məsələyə belə yanaşır:
“İranın mövcud vəziyyətində Azərbaycan dövləti Güney Azərbaycandakı soydaşlarımıza necə yardım edə bilər? Məncə, Azərbaycan bu mərhələdə yalnız İran hakimiyyəti ilə danışıqlar aparmaq yolu ilə humanitar yardım göstərə bilər. Bu yardım əsasən müalicə, tibbi ləvazimat və sosial dəstək formasında həyata keçirilə bilər.”
Ekspert hesab edir ki, belə yardımların İslam Respublikası tərəfindən qəbul edilməsi real görünmür:
“İran hakimiyyətinin bu cür yardımı qəbul etməsi ehtimalı zəifdir. Buna görə də Azərbaycan dövləti soydaşlarımızın hüquqlarını dövlətimizin maraqları və beynəlxalq hüquq çərçivəsində müdafiə etməlidir. Bunun üçün beynəlxalq təşkilatlarda, diplomatik kanallarda məsələni gündəmdə saxlamaq mühüm əhəmiyyət kəsb edir.”
Teymur Qasımlı həmçinin Güney azərbaycanlıların öz mövqeyinin də birmənalı olmadığını bildirir:
“Güney Azərbaycandakı soydaşlarımızın da bu müharibə ilə bağlı mövqeyi tam aydın deyil. Onların bir hissəsi İranın tərəfində çıxış edərək İsrailə qarşı mövqe tutur. Bu isə Azərbaycanın bu məsələdə addımlarını daha diqqətli və diplomatik şəkildə atmasını zəruri edir.”

Geri qayıt