Əsas Səhifə > Güney Press / Ana xəbər > "Mənzil sahibləri əksər hallarda prosesdən yayınırlar"
"Mənzil sahibləri əksər hallarda prosesdən yayınırlar"Bu gün, 09:10 |
Son illər kirayə mənzildə yaşayan vətəndaşların həmin ünvanda rəsmi qeydiyyata düşmək istəyi nəzərəçarpacaq dərəcədə artıb. Bu tendensiyanın əsas səbəbi bir çox dövlət xidmətlərindən yararlanmaq üçün yaşayış yerinin rəsmi sənədlərlə təsdiqlənməsinin tələb olunmasıdır. Məsələn, uşaqları məktəbə qeyd etdirmək, sosial yardım almaq, işə qəbul prosesində sənəd təqdim etmək və ya tibbi xidmətlərdən istifadə etmək üçün şəxsin daimi və ya müvəqqəti qeydiyyat yerinin olması vacib sayılır. Lakin bildirilir ki, vətəndaşın yaşadığı ünvanda qeydiyyata düşmək istəyi ev sahibləri üçün hüquqi və maliyyə baxımından müəyyən çətinliklər yarada bilər. Bunlar nələrdir? Ev sahibləri nəyə diqqət etməlidirlər? Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, qanuna əsasən kimsə haradasa kirayə yaşayırsa, həmin ünvanda müvəqqəti qeydiyyata düşməlidir: “Lakin bu, çox vaxt həyata keçirilmir. Daimi qeydiyyat isə bir çox hüquqi əməliyyatların icrası üçün vacibdir. Çünki bəzi prosedurlar yalnız qeydiyyatda olduğun yer üzrə aparılır. Burada əsas məsələ kirayə verənin hansı risklərlə qarşılaşmasıdır. Əsas təhlükə odur ki, müvaqilə müddəti başa çatdıqdan sonra kirayəçi evdən çıxsa da, qeydiyyatda qala bilər. Bu halda ev sahibi məsələni yalnız məhkəmə yolu ilə həll etməlidir. Bu proses həm zaman, həm də əlavə xərclər tələb edir. Amma bu o demək deyil ki, evdə qeydiyyatda olan şəxsi oradan çıxarmaq mümkün deyil”. Hüquqşünas bildirib ki, kirayəçinin qeydiyyatda olması gələcəkdə ev satılarkən müəyyən çətinliklər yarada bilər: “Bu zaman qeydiyyatda olan şəxsin razılığı tələb oluna bilər. Buna görə də ev sahibi öncədən məhkəmə yolu ilə həmin şəxsin qeydiyyatdan çıxarılmasını təmin etməlidir. Ən yaxşı üsul isə müqavilə bağlanarkən tərəflərin razılaşma sənədi imzalamasıdır. Burada kirayəçi qeydiyyatdan çıxacağını yazılı şəkildə təsdiqləməlidir. Hətta əlavə olaraq təxminən min manat məbləğində girov qoyula bilər. Əgər kirayəçi evdən və qeydiyyatdan xoşluqla çıxarsa, bu məbləğ geri qaytarılır. Əks halda, girov pul gələcək məhkəmə xərclərini qarşılamaq üçün istifadə edilə bilər”. Əkrəm Həsənovun sözlərinə görə, bir çox ev sahibləri qeydiyyat məsələsindən çəkinirlər: “Çünki daimi qeydiyyat rəsmi müqavilə tələb edir və bu, 14 faiz vergi öhdəliyi yaradır. Ona görə də mənzil sahibləri əksər hallarda prosesdən yayınırlar. Bəzən kirayəçi də rəsmi qeydiyyat istəmir. Səbəb ev sahibinin qeydiyyat qarşılığında vergi ödənişini tələb etməsidir. Məsələn, 200 manatlıq mənzil üçün 228 manat ödəniş şərti qoyulur. Nəticədə tərəflər razılığa gəlməkdə çətinlik çəkirlər”. Geri qayıt |