Əsas Səhifə > Güney Press > Postimperial və Putinal şovinizm
Postimperial və Putinal şovinizmBu gün, 02:46 |
Yekaterinburqda tökülən qan həm repressiyadır, həm də ideoloji barbarlıqdır. 2025-ci ilin 27 iyununda Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı həyata keçirilmiş amansız fiziki zorakılıq, əlbəttə, ən azı dövləti kriminal hadisədir. Yəni bu, mütəşəkkil dövlət mexanizminin ideoloji əsaslara söykənən və planlı şəkildə həyata keçirdiyi milli-etnik və dini təmizləmə siyasətinin daha bir açıq təzahürüdür. “Daha bir” deyirik çünki nə ilkdir, nə də son… Hadisənin fonunda görünən əsas məsələ – Rusiyanın içərisində dərinləşən və rəsmi siyasi doktrina səviyyəsinə yüksəlmiş etnosentrik dövlət quruluşudur. Bu gün Rusiya Federasiyası adlanan dövlət forması əslində tarixən formalaşmış imperiya sisteminin transformasiyaya uğramış, lakin mahiyyətcə dəyişməyən bir variantıdır. Putinin rəhbərliyi altında bu imperiya açıq şəkildə şovinist, islamofob və totalitarist idarəetmə modelini gücləndirmişdir. İctimai rəydə, mediada, hüquq sistemində və hüquq-mühafizə orqanlarında etnik və dini azlıqlara qarşı aparılan bu siyasət artıq lokal hadisələr deyil, bütöv bir milli ideoloji istiqamətin göstəricisidir. Qeyri-ruslar, elə fağır ruslar da Ukrayna ilə anlamsız və amansız müharibədə qırdırıldığı yetməzmiş kimi, üstəlik, müharibədən uzaq bölgələrdə də qan tökülür, işgəncələr, qanunsuzluqlar artı. Belə dövlət, belə ölkə, belə idarəetmə olar?! Bu mənada, Yekaterinburqdakı hadisə minlərlə həqiqətə diqqət çəkir. Yekaterinburqda baş vermiş qanlı olay – azərbaycanlılara qarşı həyata keçirilən qəddar zorakılıq – sıradan bir hüquqi pozuntu, yaxud hüquq-mühafizə orqanlarının “sərt davranışı” kimi təqdim edilə bilməz. Hadisə yerinə gələn Rusiya polisi və OMON qüvvələrinin davranışı — vəhşiliyin ötəsidir. Bu, sistemli, planlı, dövlət tərəfindən legitimləşdirilmiş zor aparatının işə salınmasıdır. Təsadüfi deyil ki, 1990-cı illərin əvvəllərində Rusiyada müxtəlif xalqlara qarşı cinayətkar dəstələr – skinhedlər, neonasist qruplar peyda olmuşdu. Ancaq o zamanlar belə barbarlıqlar “qeyri-rəsmi” ekstremist qrupların işi kimi qələmə verilirdi. İndi isə həmin vəhşilikləri rəsmi polis, OMON, FSB və digər dövlət strukturları həyata keçirir. Skinhedlərə ehtiyac yoxdur – çünki dövlətin özü skinhedin surətidir. Putinizm – bu, velikorus şovinizminin son formasıdır! Bugünkü Rusiya – ruslaşdırma, pravoslavlaşdırma və totalitar nəzarət üzərində qurulmuş bir dövlətdir. Bu modeldə fərqli düşüncə, fərqli kimlik və özəlliklə türk-islam mənsubiyyəti olan xalqlar potensial təhdid, “etnocinayətkar”, “radikal”, “separatçı” kimi damğalanır. Putin rejimi, faktiki olaraq, SSRİ-dəki repressiv strukturu yenidən bərpa edib, amma Allah qoymasa, daha təkmil, daha qəddar və daha az hüquqi nəzarətlə! Bəli, bu siyasətin qurbanı yalnız azərbaycanlılar deyil. Özbəklər, türkmənlər, qırğızlar, tatarlar, başqırdlar, çeçenlər – bütün türk və müsəlman xalqları bu siyahının içindədir. Hətta Rusiya içərisində “qardaş slavyan xalqı” olan ukraynalılara qarşı belə total müharibə aparan, Buça kimi qətliamlar törədən bir rejimin digər xalqlara necə yanaşacağını təxmin etmək çətin deyil. Rusiya imperiyasının tarixi başdan-başa repressiya və assimilyasiya tarixi deyilsə, bəs nədir?! Əgər bu gün baş verənlər kimisə təəccübləndirirsə, tarixə baxmaq yeyərlidir! Rusiya imperiyası yüz illər boyunca Sibir xalqlarını, Qafqaz türklərini, İdil-Ural müsəlmanlarını, Krım tatarlarını, türküstanlıları məhv etmək üçün sistemli siyasət yeridib. Bu siyasət – sürgün, assimilyasiya, təhqir, dini təzyiq, dilin yasaqlanması və fiziki məhv yolu ilə həyata keçirilib. 1916-cı ildə Türküstanda baş verən türk-müsəlman üsyanlarının necə qanla yatırıldığını, 1944-cü ildə çeçen və inquşların necə bir gecədə sürgün edildiyini, Krım tatarlarının soyqırımına məruz qaldığını unutmamışıq. Bax, bütün bu cinayətlər – rus imperiya mexanizminin necə deyərlər, “normal fəaliyyət”i olub. Dövlət aparatı bir yana, Pravoslav kilsəsinin özü də, faşistləşdirilmiş rolu ilə tarixə düşüb. Bu gün Rusiya Pravoslav Kilsəsinin Kremlin ideoloji müstəvisində əsas dayaqlardan biri olduğunu bilməyən varmı? Kilsə yalnız dini deyil, eyni zamanda siyasi və ideoloji legitimləşdirmə funksiyası daşıyır. Yaradandan qorxmayan, İlahi əxlaqı gözardı edən zehniyyət bəndə ilə ağ ayıdan betər davranır – heç təəccüblü deyil. Yekaterinburq hadisəsi kimi zorakılıqlara qarşı bircə etiraz bəyanatı verməyən kilsə, əksinə, bu “nizamın qorunması”nı dini və milli məsuliyyət kimi təqdim edir. Bu, dini institutun, etikanın deyil, millətçi-fundamentalist dövləti dəstəkləyən bir struktur halına gəlməsidir. Ey, Kreml, ey, Kilsə, nə gündəsiniz ki, artıq öldürdüklərinizin dəfn edilməsinə belə imkan vermirsiniz. Az-çox tarix, kainat, ilahi nizam təsəvvürünüz varsa, gərək biləydiniz: belə getməyəcək! Bunun sonu – irəlisi, yoxdur! Bəli, Kremlin Azərbaycana qarşı sistemli siyasəti bizim üçün sirr deyil. Göydə Tanrı, Yerdə biz, tarixdə kitab-dəftər bilir! Rusiyanın Azərbaycana qarşı siyasəti heç vaxt dostluğa söykənməyib. 1990-cı il 20 Yanvar qətliamı, Xocalı Soyqırımı, 30 ilə yaxın Ermənistanın arxasında duraraq Azərbaycan torpaqlarının işğalına yardım və siyasi örtük verməsi – Rusiyanın Türk dünyasına və Azərbaycana münasibətinin gerçək mənzərəsi budur. Rusiya “sülhməramlı” adı ilə Qarabağa yerləşmiş qüvvələri vasitəsilə həm Azərbaycan dövlətçiliyini zəiflətmək, həm də bölgədə qalıcı təzyiq mexanizmi qurmaq istəyirdi. Haşiyə: Təsadüfi deyil ki, bu sətirlərin müəllifi bircə dəfə də, “Rusiya sülhməramlı qüvvələri” demədi, yazmadı, “sülhməramsız”, “rusməramlı”, “erməniməramlı” və s. dedi, yazdı. Sülhməramsızlardan daha öncələr, sülhməramsızlar Qarabağda olan vaxt və ondan sonrakı dönəmlərdə Rusiyanın anti-Azərbaycan siyasətini, onun yanında İranla sinxron eyləmlərini ifşa edən yazılarıma, çıxışlarıma görə “beşinci kolon”dan çəkdiklərimi də bilənlər bilir. Mən ölkəmin, dövlətimin, xalqımın çıxarlarını, haqq-hüququnu müdafiə edən yazılar yazınca, məni sosial şəbəkələrdə uşaq-muşağın, “qadın”ların və gədaların ağzı, əli ilə və öz doğmalarına, böyüklərinə aid şəkildə təhqirə cəhd edənlər, onların fitnə-felinə uyub çaşanlar indi heç ölüb yerə də girə bilməsin ki, qara torpaq lap ağ elədikləri ayıbları örtməsin. Eləsi var – Tanrıya, eləsi var – Dövlətə, eləsi var – Tarixə tapşırılar; mən tapşırıqqullarını heç bir ünvana tapşırmamışam, eləcə ağzıgünə qalıb gözləsinlər. Hər kəs özünə layiq işlə məşğul olar. Olsun! Fikir etməkdənsə, Tofiq Fikrətin şah beytini yada salaq: “Millət yoludur, haqq yoludur tutduğumuz yol, Ey, haqq, yaşa, ey, sevgili millət, yaşa, var ol”! (Haşiyənin sonu). Günün sualını təkrarlayaq: Yekaterinburqda tökülən qan son olacaqmı? Təəssüf ki, o qan ilk deyil və görünür, son da olmayacaq. Bu, imperiya zehniyyətinin dirənişidir və açıq cinayət formasında realizə olunmasının bariz örnəyidir. Əgər beynəlxalq ictimaiyyət, Türk-İslam dünyası bu siyasətə qarşı gerçəkçi, təsirli mövqe tutmasa, bu faciələr daha da genişlənə bilər. Rusiyanın bədxah siyasəti yalnız fiziki parametrlərdə qalmayıb, mədəni, dini və psixoloji soyqırımı aktlarını da hədəfləyir. Bu isə təkcə azərbaycanlıların deyil, bütün türklərin, müsəlmanların, bütün vicdan yiyələrinin məsələsidir. Dövlətimiz zaval görməsin! Əkbər QOŞALI qlobalinfo.az Geri qayıt |