Əsas Səhifə > Güney Press > Rüfət Səfərovun məhkəməsi keçirildi

Rüfət Səfərovun məhkəməsi keçirildi


Dünən, 12:42

Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə Rüfət Səfərovun anket məlumatları dəqiqləşdirilib.

Prosesdə vəkil Elçin Sadıqov Rüfət Səfərovun yanında əyləşməsi üçün vəsatət verib. Məhkəmə vəsatəti təmin edib. Vəkil Rüfət Səfərovun barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul olunub.Növbəti məhkəmə prosesi iyulun 14-ə təyin olunub.

Qeyd edək ki, ötən ilin dekabrın 3-də Natiq İmamquliyev Rüfət Səfərov barəsində Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə şikayət edib. Natiq İmamquliyev şikayətində 60 min manatını Rüfət Səfərovun ələ keçirdiyini iddia edib. Rüfət Səfərov isə onu tanımadığını deyib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) 127.2.3-cü (ümumi təhlükəli üsulla və yaxud xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.


Geri qayıt