Əsas Səhifə > Güney Press / Partiya > “Pomidor məsələsi” Kremlin cılızlığını göstərir
“Pomidor məsələsi” Kremlin cılızlığını göstərir2-07-2025, 06:29 |
Kremlə bağlı media resursları Azərbaycanın Yekaterinburq hadisələrinə verdiyi sərt reaksiya ilə bağlı ümumi tezis formalaşdırıblar. Onların sərsəm yanaşmasına görə, Azərbaycan hökuməti Yekaterinburqdakı hadisələrə kəskin reaksiya verməməli, Rusiya hakimiyyətinin "məsələni araşdırırıq" açıqlaması ilə kifayətlənməli idi. Bunun əksini görən Kremlin media resursları Azərbaycana təzyiqin müəyyən formalarını düşünüblər. Onlardan biri Azərbaycan kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracının dayandırılmasıdır. Rusiyanın dövlət televiziya kanalı "Rossiya 1"-də aparıcılıq edən təxribatçı Vladimir Solovyov da Azərbaycanı məhz bu məsələ ilə hədələyib. Deyib ki, "elə edərik pomidorunuzu Rusiyada sata bilməzsiniz".
ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib ki, 5100 nüvə başlığı, 17 milyon kvadrat kilometr ərazisi olan ölkənin təhdidi "pomidorunuzu almarıq" oldu. Ekspert bildirib ki, şimal qonşumuz bu qədər cılız və düşükdür:
"Nüvə bombalarına, raketlərinə, ərazisinin böyüklüyünə baxmayaraq, Rusiya cılızdı, kiçikdi. Rusiya heç vaxt sözün siyasi, iqtisadi, mənəvi mənasında, böyük ölkə ola bilməyəcək. O ki qaldı Azərbaycanın aqrar sahədə Rusiya bazarından asılılığına, biz də illərdir xəbərdarlıq edirdik ki, Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracatında Rusiyadan 80 faizə yaxın asılılıq doğru deyil. Yeni daha premium bazarlara çıxış tapmaq lazımdır. 2025-ci ilin ilk 5 ayında Azərbaycan Rusiyaya 445 milyon dollarlıq mal satıb, Rusiyadan isə 1,7 milyard dollarlıq mal alıb. Yəni onsuz da Rusiya bizə, bizim onlara satdığımızdan 3-4 dəfə çox mal satır. Ticarət onlara daha çox sərf edir. Ancaq bunu belə anlamırlar. Biz istənilən halda yeni bazarlara çıxmağı bacarmalıyıq. Əsas da Körfəz ölkələrinə və Orta Asiya respublikalarına ixracatımızı artırmalıyıq. Pomidor məsələsi də belədir. Ölkə olaraq bu ilin ilk 5 ayında 113 milyon dollarlıq 98,5 min ton pomidor satmışıq ki, bunun Rusiyaya ixrac dəyəri, təqribən, 1 dollar 15 sentə düşür. Körfəz ölkələrində Azərbaycan pomidoru keyfiyyətində tomat yoxdur. Ortalama qiymət isə 2 dollar civarındadır. Niyə bunu ruslar əvəzinə ərəblərə satmayaq ki?!".
Geri qayıt |