Əsas Səhifə > Güney Press > Sertifikasiyada kütləvi kəsilmə:

Sertifikasiyada kütləvi kəsilmə:


Dünən, 10:14

Son zamanlar müəllimlərin sertifikasiya imtahanlarında kütləvi şəkildə kəsilməsi cəmiyyətdə ciddi narahatlıq doğurub. Xüsusilə də uzun illər təhsil sahəsinə töhfə vermiş, təcrübəli və yaşca böyük müəllimlərin bu imtahanlarda uğursuz nəticə göstərməsi onların bilik və bacarıqlarının qiymətləndirilməsi ilə bağlı suallar doğurur. Bir çox ekspertlər hesab edir ki, yaşlı müəllimlər üçün müəyyən güzəştlər nəzərdə tutulmalıdır. Çünki bu kateqoriyaya daxil olan müəllimlər texnologiyaya adaptasiya baxımından gənc həmkarlarından geri qala bilərlər.

Yenisabah.az məsələ ilə bağlı sabiq deputat Etibar Əliyevlə əlaqə saxlayıb. O, bildirib ki, test üsulunun olması yaşlı nəslin nümayəndələrinin imtahanlardan kəsilmə prosesini daha da qabardıb və cavan müəllimlər həmin imtahanlarda daha yaxşı nəticə əldə edə biliblər;

“Əslində bu sertifikasiya imtahanları böyük narahatlığa səbəb oldu. Dünyanın əksər ölkələrində müəllimlərin bilik səviyyəsi və tədrisə hazırlığı yoxlanılır. Amma bu proses hər ölkədə fərqli formada keçirilir. Bizdə isə bu metod təkölçülü formada – imtahanlar şəklində həyata keçirilir. pizza

Test üsulunun olması yaşlı nəslin nümayəndələrinin imtahanlardan kəsilmə prosesini daha da qabartdı. Həmin imtahanlarda cavan müəllimlər digərlərinə nisbətən daha yaxşı nəticə göstərdilər. Əslində burada çoxsaylı iddialar da oldu ki, imtahanın cavabları əvvəlcədən paylanılıb. Bu iddialara da Nazirlik tərəfindən əsaslı cavablar verilmədi. Belə çıxır ki, cavan müəllimlər bu işdə daha aktiv olublar. Çünki onlar üçün informasiya texnologiyaları vasitəsilə işləmək daha asandır.Düzdür, bu iddialar mənə o qədər də inandırıcı gəlmir. Mən özüm də uzun müddət pedaqoji fəaliyyətlə məşğul olmuşam və yenə də bərpa etməyi düşünürəm. Mən inanmıram ki, yeni nəsil müəllimləri yaşlı nəslin müəllimlərindən hazırlıqlı olsunlar.

Çünki biz ali məktəblərdə verilən təhsilin səviyyəsindən dəqiq məlumatlıyıq. Orada təhsilin keyfiyyəti çox aşağı səviyyədədir. Burada hardasa qeyri-müəyyənliklər var".

Eks deputat həmçinin qeyd edib ki, əgər, 2344 müəllim təkrar sertifikasiyadan keçə bilmirsə, bu o deməkdir ki, müəllim imtahana hazırlaşa bilmir:

"Onu da qeyd edim ki, yaşlı müəllimlər öz üzərlərində daha çox işləyirlər. Ancaq onlar daha çox dərsliklərə və məzmuna üstünlük verirlər. Cavan müəllimlərin isə qazandıqları təhsili mən yetərli saymıram.Düşünürəm ki, bunlarla bağlı araşdırmalar aparılmalıdır. Çünki arada bu qədər kəskin fərq yaranmamalıdır. Əgər, 2344 müəllim təkrar sertifikasiyadan keçə bilmirsə, bu o deməkdir ki, müəllim imtahana hazırlaşa bilmir. Bu da o deməkdir ki, müəllim imtahana hazırlaşa bilmirsə, deməli, gündəlik dərsə də hazırlaşa bilmir. Görün bu hallar tədris prosesinə nə qədər mənfi təsir göstərir.Proqram dəyişsə də, dərsliklərdəki məzmun yaxın müddətdə dəyişmir. Təxminən beş il müddətində müəyyən yenilənmələr olur. Bu yenilənmələr də böyük xarakter daşımır. Müəllimlərin bunu əsas gətirməsi doğru deyil".

Etibar Əliyevin sözlərinə görə, əgər müəllim ikinci dəfə də imtahandan kəsilirsə, ona hər hansı bir güzəşt olunmamalıdır:

"Amma indiyə qədər bu müəllimlərin heç biri dərsliklərin başa düşülməməsindən, mürəkkəbliyindən danışmayıblar. Bu məsələni toplaşıb birlikdə həll etməyə çalışmayıblar. Birdən-birə durub deyirlər ki, məzmun çətindir. Həmin müəllimlərin də toplaşacaq yerləri, müəyyən kitabxanaları olmalıdır. Cəsarət edib dərsliklərdəki qüsurları dilə gətirməyi bacarmalıdırlar. Bu halın şagird üçün də anlaşılmaz olduğunu bildirməyi bacarmalıdırlar.

Bu qədər müəllimin təkrar sertifikasiyadan kəsilməsi Azərbaycan təhsilindəki böhrandan xəbər verir. Əgər müəllim ikinci dəfə də imtahandan kəsilirsə, ona hər hansı bir güzəşt olunmamalıdır. Bu, şagird taleyidir. Əgər müəllimin savadı yoxdursa, sinifə girməməlidir. Müəllimlərin işini itirməsi uşaqları savadsız yetişdirməkdən daha yaxşıdır".


Geri qayıt