Əsas Səhifə > Güney Press > “Face studio” rəhbəri Rüfət Bədirovun adı daha bir qalmaqalda

“Face studio” rəhbəri Rüfət Bədirovun adı daha bir qalmaqalda


Dünən, 17:31

“Face studio” gözəllik salonlarının və bir neçə restoranın sahibi, iş adamı Rüfət Bədirovun adı daha bir qalmaqalda hallanır. Bu dəfə onun “sağ əli” olan xanım məsuliyyətə cəlb edilib. Bədirov köməkçisindən şikayətçi olub.

Musavat.com xəbər verir ki, Rüfət Bədirov Fatimə adlı köməkçisindən şikayətçi olub. İş adamı iddia edib ki, Fatimə şirkətə məxsus xeyli miqdarda vəsaiti ələ keçirib.

İttihama görə Fatimə icbari sosial sığorta haqlarını gözəllik salonlarından yığaraq şəxsi ehtiyaclarına xərcləyib. İstintaqla vurulmuş zərər 32 min 700 manat olaraq müəyyən edilib.

Fatimə elan edilmiş ittihamla özünü qəti təqsirli bilməyib. Məhkəmədə dindirilən Fatimə bunları deyib:

“2019-cu ildən Rüfətlə işləyirəm. İşi mənə o təklif etdi, “sağ əli” olacağımı dedi. Yeni evləndiyi üçün uşağı olduğundan ailəsinə vaxt ayıracağını dedi. Bütün bizneslə mənim məşğul olacağımı bildirdi. Həmin vaxt Rüfətin 7 salonu var idi. Rüfətin yanından çıxanda ona 14 salon, 9 quru təmizləmə, bir restoran və iki inşaat mağazası təhvil verdim. Onların hamısının idarə edilməsi, təmiri, işlədilməsinə mən nəzarət edirdim”.

Fatimə bildirib ki, bu hadisələrdən bir il əvvəl Rüfət Bədirovun külli miqdarda vergi borcu yaranıb: “Rüfətin vergidə problemi var idi. İndiyə kimi də vergidən yayınır. Vergidən yoxlama gələrək bütün filiallara 70 min manata yaxın cərimə yazmışdılar. Sadəcə mənim olduğum filiala cərimə yazılmamışdı. Bundan sonra Rüfət cərimə yazıldığını, vəziyyətin pis və pulun az olduğunu bildirdi. Həmin vaxtı Rüfət elektrik mallarının satışı mağazası açdı. Mağaza hazır olduqdan sonra Rüfət həmin mağazanın da fəaliyyətini dayandıracağını və restoran açacağını dedi. Onunla işlədiyim zaman mənə aylıq qazancdan faiz verirdi. Pulunun olmadığını faizimi dayandırdığını bildirdi. Razılaşdım ki, işlər düzəldikdən sonra faizimi verər. Həm maaş alır, həm də 10 faiz alırdım. 2500 manat maaş alırdım. Faizi verməyəndə maaşımı artırmasını istədim. Rüfət dedi ki, 2 obyekt açılmalıdır, onları da açandan sonra maaşımı qaldıracaq. 4000 manat və 500 manat da əlavə yol pulu verəcəyini dedi. Səhər 8-dən gecə 3-ə kimi istirahətsiz işləyirdim. Uzun müddət keçsə də maaşımı artırmadı. Amma Rüfət həmin vaxt xarici ölkələrə gedir, avtomobil və torpaq almışdı. Aldıqlarını da gizlədirdi. Sonuncu dəfə Rüfətlə danışıb maddi vəziyyətimin yaxşı olmadığını dedim. O da gələn aydan maaşı qaldıracağını dedi. Həmin ay 4000 manat maaşımı kassaya gedib özüm götürdüm. Mübahisə də bundan sonra başladı. Mənə dedi ki, niyə öz başına maaş götürmüşəm? Dedim ki, sən demişdin. Mübahisə eləməyə başladı. Sonra işdən ayrılmağımı istədi. Mən də dedim ki, öz ustalarımı da özümlə aparacam. Rüfət dedi ki, sənin başına oyun açaram. Bir müddət sonra məni prokurorluğa çağırdılar”.

Fatimə bildirib ki, ittihamda göstərilən 32 min 700 manat pulu bir dəfəyə yox, hissə-hissə olmaqla götürüb. Əlavə edib ki, həmin pullar sığorta ödənişləri kimi yox, gördüyü işin müqabilində özünə verilib: “Bunu sonradan bu cür “düz-qoş” etdilər ki, guya həmin pullar DSMF ödənişləri olub. Bura gələn şahidlər də Rüfətin işçiləridir. Rüfətin dediklərini burada təkrar edirlər”.

İşdə diqqət çəkən məqam kimi zərərçəkmiş kimi Rüfət Bədirovun tanınmasıdır. Amma ziyan olaraq qeyd edilən məbləğ ayrı-ayrı gözəllik salonlarından götürüldüyü iddia edilən DSMF ödənişləri olub. Maraqlıdır ki, həmin gözəllik salonları da ayrı-ayrı şəxslərin adına olub. Zərərçəkmiş kimi də adına VÖEN olan sahibkarlar tanınmalı idi.

Rüfət Bədirov da məhkəmədə bunu təsdiq edib. Bildirib ki, ibtidai istintaq zamanı birinci vəkili onu düzgün istiqamətləndirmədiyi üçün bu hala yol verilibmiş. Bədirov etiraf edib ki, zərər ona yox, gözəllik salonlarını rəsmi olaraq işlədən sahibkarla dəyib. Bədirov DSMF-nin ödənişini tam olaraq ödədiyini bildirib.

Məhkəmədə zərərçəkmiş kimi ifadə verən Rüfət Bədirov iddia edib ki, Fatimə ilə problemlərinin yaranmasının səbəbi onun kassadan pul oğurlaması olub: “Birinci dəfə 18 min manat götürmüşdü. Mən onu bağışladım, ayda 1000 manat ödədi. İkinci dəfə isə 41 min manat götürmüşdü. Bu dəfə onu bağışlamadım”.

Rüfət Bədirov ifadəsində maraqlı məqama da toxunub. Bildirib ki, ƏDV qeydiyyatına düşməmək üçün şəbəkəyə daxil olan gözəllik salonlarını 13 yerə bölüblər. Yəni ayrı-ayrı sahibkarların adına açılmış VÖEN-lə çalışıblar. Bədirov deyib ki, bu, vergidən yayınmaq üçün olmayıbmış...

İş adamı əlavə edib ki, bu işdə ondan əlavə 2 nəfər də başqa şərikləri var. Əldə edilən gəlirlər ona çatıb, sonra şərikləri ilə bölüşüb: “İşi özüm aparmışam. Şəriklərin adı heç yerdə keçmir. Onlar sadəcə pul qoyublar”.

Məhkəmə prosesində “Face studio” gözəllik salonlarının filiallarının əməkdaşları da ifadə verib. Onlar DSMF ödənişlərini Fatiməyə verdiklərini təsdiq ediblər. Filalları işlədən, VÖEN adına olan sahibkarlar isə zərərçəkmiş kimi tanınmaq üçün məhkəməyə müraciət ediblər.

Araşdırma zamanı Fatimənin Rüfət Bədirova yazdığı etirafedici mesaj da sübut kimi qiymətləndirilib. Fatimə həmin mesajında borcları yarandığını, götürdüyü pulu hissə-hissə qaytarmaq üçün Rüfət Bədirovdan vaxt istədiyi müəyyən edilib.

Məhkəmə Fatiməni törətdiyi əməldə təqsirli bilib. Onun barəsində 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.


Geri qayıt