Əsas Səhifə > Güney Press > Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir
Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edirDünən, 23:33 |
Bu möhtəşəm Zirvə görüşü təkcə siyasi təqvimdə mühüm hadisə deyil, eyni zamanda, onilliklər boyu sınaqlardan çıxmış bir şəhərin dirçəlişinin rəmzidir.
Cənubi və Mərkəzi Asiyadan tutmuş Orta Şərqə qədər geniş bir coğrafiyanı əhatə edən və 10 dövləti bir araya gətirən İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) bu gün regionda iqtisadi inteqrasiya, strateji əməkdaşlıq və davamlı inkişaf üçün önəmli platforma rolunu oynayır.
ECO-nun növbəti yüksəksəviyyəli toplantısı üçün Xankəndinin seçilməsi isə şəhərin yeni reallıqlar fonunda artan geosiyasi və geoiqtisadi çəkisinin bariz göstəricisidir.
Azərbaycan artıq üçüncü dəfədir ki, ECO-nun Zirvə görüşünə ev sahibliyi edir. Əvvəlki iki Zirvə görüşü 2006-cı və 2012-ci illərdə paytaxt Bakıda keçirilib.
Əlamətdar haldır ki, bu mötəbər tədbirin keçirildiyi işğaldan azad edilmiş bölgədə, o cümlədən bütün Qarabağ və Şərqi Zəngəzurda hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır.
Ermənistan Azərbaycan ərazilərinin təxminən 20 faizini 30 ilə yaxın işğal altında saxlamış, etnik təmizləmə həyata keçirmiş, bir milyondan artıq soydaşımızı öz dədə-baba torpağından didərgin salmışdır.
2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ermənistanı döyüş meydanında darmadağın edərək 300-dən çox şəhər və kəndi azad etdi. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktı imzalamağa məcbur oldu.
Bu gün Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. “Böyük Qayıdış” proqramı icra edilir. Bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışını təmin etmişik. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır.
Qeyd edilməlidir ki Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının işində həmişə fəal iştirak edib. Ölkəmizin ECO-ya üzv ölkələrlə əlaqələr uğurla inkişaf edir. Keçən il ilk dəfə olaraq ECO məkanında COP29 konfransı keçirilmişdir. Bu konfransda 197 ölkə, 70 dövlət və hökumət başçısı iştirak etmiş, 77 min şəxs qeydiyyatdan keçmişdir.
Konfransda əldə edilmiş əsas nailiyyətlər inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılması, İtki və Zərər Fondunun işlək vəziyyətə gətirilməsi və karbon bazarları barədə razılaşmalardan ibarət olub. Bunlar Prezident İlham Əliyevin Zirvə toplantısındakı çıxışında qeyd edilib. Bildirilib ki, iqtisadi sahədə əməkdaşlığı dərinləşdirmək üçün toplantıda müzakirə ediləcək məsələlər xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycana gəldikdə, bizim ölkəmizdə çox müsbət sərmayə iqlimi vardır. Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir”.
Hazırda Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir. Bu göstəriciyə görə ölkəmiz dünyada ön sıralardadır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir və ECO-ya üzv ölkələrin əksəriyyəti bu dəhlizlərdən istifadə edir.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası
"DİA-AZ"
Geri qayıt |