Əsas Səhifə > Güney Press > Rusiyaya növbəti zərbə: planlar dəyişdi

Rusiyaya növbəti zərbə: planlar dəyişdi


Bu gün, 06:07

Moskva ilə bağlı vaxtaşırı gərginliklər və hüquqi-miqrasiya problemləri yaşandıqda, azərbaycanlıların bir qismi alternativ kimi fərqli ölkələrə üz tutub. Yekaterinburqda baş verən son hadisələr isə miqrasiya ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.

Mövcud vəziyyət fonunda Azərbaycan vətəndaşlarının Rusiyadan digər postsovet ölkələrinə miqrasiyası artacaqmı? Əsasən hansı ölkələr hədəf ola bilər?

Globalinfo.az-a danışan deputat Azər Allahverənov deyib ki, Rusiyada müxtəlif vaxtlarda miqrantlara qarşı sərtləşdirilmiş siyasət tətbiq olunanda bu, onların ümumi əhval-ruhiyyəsinə ciddi təsir edir:

“Miqrantlar, adətən, daha yaxşı həyat və iş şəraiti axtardıqları üçün doğma yurdlarını tərk edib başqa ölkələrdə məskunlaşırlar. Əgər getdikləri ölkədə hüquqi prosedurlar çətinləşdirilir, sənədləşmədə problemlər yaranır və yerli əhali onlara mənfi münasibət göstərirsə, bu, miqrantların ölkədə qalmaq qərarına təsirsiz ötüşmür. Xüsusilə də Rusiyada miqrantlara neqativ münasibət formalaşdıqda və problemlərin mənbəyi kimi onlar göstərildikdə, bu, arzuolunmaz vəziyyət yaradır. Belə hallarda, uzun müddət orada işləmək istəyən insanlar qərarlarını yenidən nəzərdən keçirirlər”.

Millət vəkili bildirib ki, Rusiyada müxtəlif siyasi qüvvələrin miqrasiyaya yanaşmaları fərqlidir:

“Bəzi siyasi dairələr miqrantların çox sayda olmasının əleyhinə çıxır, qaydaların sərtləşdirilməsini təklif edirlər. Onların fikrincə, yalnız iqtisadiyyata faydalı olan şəxslər qalmalı, digərləri isə ya ölkəni tərk etməli, ya da müəyyən şərtlərlə vətəndaşlıq almalıdırlar. Digər bir qrup daha praqmatik yanaşma sərgiləyir. Xüsusilə də iqtisadiyyatyönümlü dövlət qurumları və müstəqil təşkilatlar miqrasiyanı vacib bir fenomen kimi qiymətləndirir. Çünki Rusiya əhalisinin sayında 2046-cı ilə qədər kəskin azalma proqnozlaşdırılır və bu boşluq yalnız miqrasiya hesabına doldurula bilər. Eyni zamanda, Rusiya vətəndaşları bəzi sahələrdə işləmək istəmir, nəticədə əsas işçi qüvvəsini miqrantlar təşkil edir. Bu baxımdan, sərt miqrasiya siyasəti bir çox insanın Rusiyada qalmaq planlarını dəyişməyə vadar edir. Nəticədə bir qismi Azərbaycana qayıdır, digərləri isə Türkiyə, Qazaxıstan, Özbəkistan kimi alternativ ölkələrə üz tuturlar”.

A.Allahverənov xatırladıb ki, 2005–2007-ci illərdə ticarət sahəsində tətbiq olunan sərt qaydalar bir çox azərbaycanlını Rusiyanı tərk etməyə vadar etmişdi:

“Onların bir hissəsi Türkiyə və Ukraynaya, digərləri Azərbaycana qayıtdı. Son dövrlərdə də oxşar tendensiyalar müşahidə olunur. Xüsusilə Qazaxıstan və Özbəkistan kimi ölkələrdə həyata keçirilən iri layihələr və burada fəaliyyət göstərən Azərbaycan şirkətləri miqrantlar üçün yeni imkanlar yaradır. 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlaması ilə bəzi insanlar Avropa ölkələrinə üz tutsa da, bu axın kütləvi olmadı. Gözlənilir ki, yaxın zamanda Rusiyada miqrant sayında müəyyən azalma baş versin. Amma bu, müvəqqəti ola bilər. Yay mövsümündə miqrantlar Azərbaycana qayıtsa da, payızda yenidən Rusiyaya dönə bilərlər. Ümumiyyətlə, hadisələrin inkişafı yeni meyllərin və yanaşmaların ortaya çıxmasına gətirib çıxaracaq. Lakin miqrantların kütləvi şəkildə başqa ölkələrə axın edəcəyi ehtimalı azdır. Əgər başqa yer seçiləcəksə, bu, əsasən daha uzun müddət qalmaq məqsədilə olacaq. Azərbaycana dönüş isə daha çox müvəqqəti xarakter daşıyacaq”.


Geri qayıt