Əsas Səhifə > Güney Press > “İran-Azərbaycan münasibətlərini pozmaq istəyən daxili və xarici qüvvələr var”

“İran-Azərbaycan münasibətlərini pozmaq istəyən daxili və xarici qüvvələr var”


Bu gün, 11:49

İyulun 4-də Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Toplantısı Cənubi Qafqazda əməkdaşlıq və dialoqun möhkəmləndirilməsi baxımından əhəmiyyətli hadisə oldu. Bu mötəbər tədbirdə İran Prezidenti Məsud Pezeşkianın iştirakı və Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşlərdə nümayiş olunan isti münasibətlər, Tehran-Bakı əlaqələrinin yeni bir mərhələyə keçə biləcəyi ilə bağlı müsbət siqnallar verdi.
Məsələ ilə bağlı tanınmış iranlı politoloq, İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani ilə söhbətləşdik. O, münasibətlərin hazırkı vəziyyəti və gələcək perspektivləri barədə Moderator.az-a müsahibə verdi.
Həmin müsahibəni təqdim edirik:
– Əfşar bəy, iyulun 4-də Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Toplantısında İran Prezidenti Məsud Pezeşkianın iştirakı və Azərbaycan Prezidenti İlham Əliyevlə səmimi görüşləri ölkə gündəminin əsas mövzularından biri oldu. Sizcə, bu səfərin İran-Azərbaycan münasibətlərinə hansı təsirləri oldu?
– Cənab Pezeşkianın Azərbaycana səfəri çox uğurlu və səmimi keçdi. İranda bəzi dairələr bu səfərin təhlükəli olacağını iddia edirdilər, lakin o, səfərdən sonra Məsud bəy də bildirdi ki, heç bir problem yaşanmadı. Əksinə, Azərbaycan tərəfindən çox isti qarşılandı, Prezident İlham Əliyevlə faydalı və dostyana görüşlər keçirdi. Bu, münasibətlərin normallaşması üçün müsbət siqnaldır.
– İran-Azərbaycan münasibətlərində zaman-zaman gərginlik yaşanır. Sizcə bu münasibətləri gərginləşdirən əsas amillər hansılardır?
– Təəssüf ki, bəzi xarici qüvvələr İranla Azərbaycanın yaxınlaşmasını öz maraqlarına təhlükə kimi görürlər və müxtəlif yollarla bu münasibətlərə təsir göstərməyə çalışırlar. İnformasiya manipulyasiyası, süni gərginlik yaratmaq, qarşılıqlı inamı sarsıtmaq – bunlar başlıca üsullardır. Bir çox xarici qüvvə çalışır ki, İranla Azərbaycan arasında qarşılıqlı inam formalaşmasın, münasibətlər irəli getməsin, dərinləşməsin. Onlar bu iki qonşu dövlətin əməkdaşlığını öz maraqlarına zidd hesab edirlər. Bu qüvvələr ya İranı, ya da Azərbaycanı təhdid kimi göstərərək qarşılıqlı güvənsizlik toxumu səpməyə çalışırlar. Mən özüm də Azərbaycanda və İran Xarici İşlər Nazirliyində çalışmışam, bu sahədə yazılar yazır, təhlillər aparıram. Bu təcrübələrimə əsaslanaraq deyə bilərəm ki, İran-Azərbaycan münasibətlərindəki gərginliklərə həm daxili, həm də xarici müdaxilə açıq şəkildə müşahidə olunur.
–İsrailin İrana son hərbi müdaxiləsi geniş rezonans doğurdu. İran hansı itkilərlə üzləşdi və bu hücumun məqsədi nə idi?
– Bu hücum beynəlxalq hüquqa zidd olmaqla yanaşı, həm də regionda sabitliyi ciddi təhlükə altına atdı. İsrailin məqsədi sadəcə hərbi zərbə vurmaq deyildi – onlar İranın müdafiə gücünü sarsıtmaq, eyni zamanda daxildə rejimə qarşı narazılığı alovlandırmaq istəyirdilər. İrana qarşı kampaniyada bəzi şəxslər də İsrailin yanında durmağa çalışdı. Məsələn, mühacirətdə olan Rza Pəhləvi Netanyahunun yanında yeraldı. Amma bu, İran xalqının gözündə onun imicini tamamən bitirdi. Çünki düşmənin yanında yer almaq xalqın dəstəyini qazanmaq deyil, onu birdəfəlik itirmək deməkdir. İsrail və onun müttəfiqləri belə düşünürdülər ki, bu hücumdan sonra İranda rejim dəyişəcək. Eynilə Putin haqda da belə düşünülürdü – guya 48 saata Kiyevə girəcək, hakimiyyət dəyişəcək. Amma nə Ukraynada bu baş verdi, nə də İranda. Əksinə, bu cür hücumlar əhalinin birliyini gücləndirdi.
Amma bu hücumda İran həm maddi, həm də insan itkisi baxımından ciddi ziyan gördü. Zərbələr nəticəsində nüvə obyektləri – İsfahan, Fordo və Nətənz kimi mühüm strateji məkanlar zərər aldı. Həmçinin Tehranda çoxsaylı mülki evlər dağıldı, təxminən 950 nəfər həlak oldu, 5 minə yaxın insan yaralandı. Xüsusilə günahsız mülki vətəndaşların ölümü bu təcavüzün miqyasını və qeyri-insani xarakterini göstərdi. Amma bütün bu itkilərə baxmayaraq, bu hücum İsrailin gözlədiyi nəticəni vermədi. İran xalqı – hətta müxalif fikirlilər də – bu dəfə “vətən məsələsidir” deyərək birləşdi. Xaricdəki tənqidçilər belə bildirdi ki, İsrailin yanında dayanmaq olmaz. Bu, İran cəmiyyətinin birliyi və milli məsələdə reaksiyası baxımından mühüm bir siqnal oldu. Hətta hökuməti tənqid edənlər belə, bu məsələdə milli mövqe sərgilədilər. Dedilər ki, bu, artıq siyasi deyil, milli məsələdir. İsrailin hücumu qarşısında xalq birlik nümayiş etdirdi. Bu, İsrailin hesablamadığı mühüm amil idi.
– İran dəfələrlə bəyan edir ki, nüvə silahı hazırlamaq niyyətində deyil. Bununla yanaşı, zənginləşdirilmiş uran istehsalını da davam etdirir. Bunu necə izah edirsiniz? İranın bu məsələdə məqsədi nədir?
İran açıq şəkildə bildirir ki, atom bombası hazırlamaq niyyətində deyil. Eyni zamanda vurğulayır ki, nüvə proqramı tamamilə dinc məqsədlidir və beynəlxalq hüquq çərçivəsində həyata keçirilir. Bütün bunlarla yanaşı, nəzərə almaq lazımdır ki, bu məsələ eyni zamanda elmi bir sahədir. İranın nüvə sahəsində ciddi elmi və texnoloji potensialı var. Bu, sırf elmdir və İran bu sahədə kifayət qədər bacarıqlıdır. Sadəcə bu prosesin həyata keçməsi müəyyən siyasi və diplomatik səbəblərə görə ləngiyə bilər.
Digər tərəfdən, ABŞ və İsrailin atdığı son addımlar – xüsusilə də hərbi hücumlar – diplomatiyaya çox ciddi zərbə vurdu. Amerika əvvəlcə İsrailə yaşıl işıq verdi, sonra özü də prosesi davam etdirdi. Bildirdi ki, iki həftə vaxt verirəm, amma nəticədə cəmi iki günə regionda hərbi əməliyyat baş verdi. Bu, artıq diplomatiyanın vasitə yox, təzyiq aləti kimi istifadə olunması idi. Əslində bu bir növ “blof” idi və nəticədə çox böyük diplomatik zərbə vuruldu.
Amma bütün bunlara baxmayaraq, İran diplomatik masaya qayıtmaq üçün müəyyən şərtlər irəli sürür və bu onu göstərir ki, hələlik diplomatiyanın qapısı tam bağlanmayıb. Lakin bu gedişat göstərir ki, proses daha mürəkkəb və gərgin fazaya keçib və danışıqların bərpası əvvəlkindən daha çətin olacaq.
– İsrailin son hərbi müdaxiləsi İran-Azərbaycan münasibətlərinə necə təsir etdi? İranda iddialar var ki, guya hücumlar Azərbaycandan olub...
– Bu iddialar əsassız və təxribat xarakterlidir. Azərbaycan dəfələrlə bildirib ki, regionda sülhün və sabitliyin tərəfdarıdır və heç bir üçüncü ölkənin hərbi əməliyyatlarında iştirak etmir. Bu cür informasiyalar iki ölkə arasında inamı pozmaq üçün istifadə olunur. Prezident İlham Əliyev də açıq şəkildə bəyan etdi ki, belə bir yardım və ya iştirak baş verməyib.
– Sizcə, İran-Azərbaycan münasibətlərinin normallaşması və inkişafı üçün hansı əsas addımlar atılmalıdır?
– Ən vacibi – şəffaflıq, açıq və davamlı dialoqdur. Qarşılıqlı səfərlər, xalqlar arasında təmaslar, informasiya axınının sağlamlaşdırılması, mədəni və iqtisadi layihələrin genişləndirilməsi mühüm rol oynaya bilər. Eyni zamanda, bu münasibətləri zəhərləməyə çalışan daxili və xarici qüvvələrin kimliyinin aşkara çıxarılması və onların təsirinin neytrallaşdırılması vacibdir. Əgər bu addımlar atılsa, münasibətlərdə yeni və davamlı mərhələ başlaya bilər. Yeganə yol odur ki, münasibətlər açıq şəkildə və şəffaf formada irəli getsin. Kənar təsirləri neytrallaşdırmaq üçün dövlətlər bir-birilə birbaşa ünsiyyət saxlamalı, xalqların dəstəyi ilə bu təxribatçı qüvvələr ifşa olunmalıdır.

Geri qayıt